1 iyun uşaqların müdafiəsi günüdür; "Uşaqlar haqqında müəyyən qanunlar, dövlət proqramları olsa da, onlar kağız üzərində qalıb”
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı qəbul olunub.
Həmin tarixi gündən iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Ancaq çox təəssüf ki, Azərbaycanda uşaqların durumu, müdafiəsi heç də xarici ölkələrdə olduğu kimi deyil. Bu gün ölkəmizdə öz uşaqlığını yaşaya bilməyən, ailədə əzilən, müxtəlif işgəncələrə məruz qalan, sıxışdırılan, diləndirilən kifayət qədər uşaqlar var. Bu gün ölkəmizdəki bütün uşaqlar haqqında "xoşbəxt və qayğısızdır” demək yanlış olardı. Kifayət qədər uşaq təhsildən kənarda qalıb, ağır xəstəliklərdən əziyyət çəkir, maddi imkana görə müalicə ala bilmir, xəstəlikdən dünyasını dəyişir.
Ailə içində yaşayan və valideynləri olduğu üçün xoşbəxt sayılan uşaqların da bir qismi uşaqlığının dadını çıxara bilmirlər. Çünki valideynlərin imkanı bu uşaqların əyləncəsinə kifayət etmir. Bu gün paytaxtda uşaqların əylənməsi üçün kifayət qədər yerlər olsa da, bəlkə də bir çox uşaqlar bu cür yerlərdən xəbərsizdir, yanından köks ötürüb keçməklə kifayətlənir. Çünki bu cür yerlərin qiyməti valideynləri bu əyləncə mərkəzlərinə yaxın düşməyə qoymur. Uşağın bir gün əylənməsi valideynin pulsuz qalması deməkdir.
Məsələn, "Metropark"da 2 manatlıq kart alıb ona 10 manat pul yükləsəniz, övladınız yalnız 2 oyundan istifadə edə biləcək. Hələ əyləncədən əvvəl nahar etmək istəsəniz, sizin 20-50 manat arasında pulunuz çıxa bilər. Əyləncə mərkəzlərində təkcə dönərin ən ucuzu 2 manat 50 qəpikdir. Təbii ki, dönərlə iş bitmir. Bunun yanında suyu, dondurması və s. var.
Digər ölkələrdə də bu cür əyləncə mərkəzləri var, amma orada qiymətlər uşaqların əyləncəsində məhdudluq yaratmır. Mütəxəssislərə görə, uşaqların əylənməsi üçün xüsusən də yay aylarında ən gözəl vasitə açıq havada piknik etməkdir. Bu, həm ucuz başa gəlir, həm də uşaqların sağlamlığı üçün daha faydalıdır. Onlar təbiət qoynunda olur, müxtəlif oyunlar oynayır, valideynin evdən apardığı buterbrod və yeməklərlə sağlam şəkildə qidalanırlar. Təəssüf ki, paytaxtımızda ucuz və sərfəli əyləncə növü sayılan piknik üçün məkanlar yoxdur. Parklara gəlincə isə burada bir tur velosiped sürməyin qiyməti 1 manatdır. Hələ uşaq üçün maşınları demirik. 3 dəqiqəlik maşın sürməyin ən ucuzu isə 2 manatdır. Attraksionların qiyməti 50 qəpikdən başlayır, 45 manatadək davam edir...
Deputat Fazil Mustafa uşaqların müdafiəsinin həm də vətəndaş cəmiyyətlərinin funksiyası olduğunu dedi: "Bəlkə də ən çox müdafiəsi tələb olunan təbəqə uşaqlardır. Ailə institutu Azərbaycanda kifayət qədər sağlam olmadığına görə bu sistemin içində əziyyət çəkən, təhsil ala, sağlamlığını qoruya, müalicə oluna bilməyən yüzlərlə uşaqdan söhbət gedir. Təbii ki, dövlət tərəfindən reabilitasiya mərkəzləri açılıb, xeyli müəyyən işlər görülüb. Amma bu təkcə dövlətin görəcəyi iş deyil, cəmiyyətin müəyyən dərəcədə alt qatlara enə biləcəyi, o vasitə ilə həll edə biləcəyi bir işdir. Çünki dövlət hamını görməyə bilir. Amma vətəndaş cəmiyyətləri institutlarının inkişafına ehtiyac var ki, onlar da öz növbəsində bu sahədə daha böyük işlər görsün. Bir sıra vətəndaş cəmiyyəti institutları var ki, autizm və başqa xəstəliklərlə bağlı məsələdə çox aktiv rol alır, yaxşı işlər görür, uşaqların müəyyən dərəcədə hüquqlarının müdafiəsi istiqamətində müəyyən işlər görürlər. Amma bu çox cüzidir. Ona görə də uşaqların təhsilalma imkanları xeyli məhduddur. Küçələrdə dilənən, ailələrinin içində hələ kəşf olunmamış və acınacaqlı şəkildə qida sıxıntısı yaşayan uşaqlar da var. Bu məsələ diqqətdə yalnız iyunun 1-i yox, həmişə olmalıdır. Uşaqların icbari dispanserizasiyası çox önəmli məsələdir. Məcburi tibbi sığortanın olmaması məsələyə çox ciddi təsir edir. Məsələn, uşaqların erkən vaxtda xəstəliyinin müalicə imkanları çox vaxt qaçırılır. O xəstəlik sonradan məktəb illərinə, əsgərliyə qədər davam edir. Həmin uşaq cəmiyyət həyatına aktiv qatılmaqdan məhrum olunur”.
Deputat bu məsələləri qabartmaq üçün həm də maddi vəsaitin önəminin böyük olduğunu dedi: "Başqa ölkələrdə, məsələn, Türkiyədə diqqət edirsinizsə, xəstə uşaqların böyük bir qisminin reabilitasiya işini hansısa bir iş adamı öz üzərinə götürür. Bu həm də böyük bir sahənin nəzarətə götürülməsi deməkdir. Bizdə bu sahədə də axsaqlıqlar olduğuna görə cəmiyyət alt qatlara gedə bilmir. Dövlət isə müəyyən dərəcədə etdiyini edə bilir”.
Uşaq Hüquqlarının Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov yoxsul uşaqların məktəbi bitirə bilmədiyini dedi: "Uşaqların vəziyyəti çox da qənaətbəxş deyil. Sosial vəziyyəti ağır olan dövlətlərdə uşaqların vəziyyəti də pis olur. Sadə bir misal gətirim. Azərbaycanda təhsilin pulsuz olduğu deyilir. Çox vaxt sadə bir vətəndaş məktəbi bitirib ali məktəbə girə bilmir. Məktəbi tam oxuyub qurtaranlar müəyyən qədər imkanlı insanlardır. Yoxsul uşaqlar heç 11-ci sinfi bitirə bilmir. Çünki bilirlər ki, ali məktəbə girə bilməyəcəklər. Ali məktəbə girə bilmək üçün repetitor yanına getmək lazımdır. Sosial vəziyyəti ağır olan hansı valideyn uşağını repetitor yanına qoya bilər? Azərbaycanda 90 faiz uşaqlar bağçaya gedə bilmir. Təəssüf ki, uşaqlar haqqında müəyyən qanunlar, dövlət proqramları olsa da, onlar kağız üzərində qalıb. Bu gün 70 faiz valideyn uşağı özbaşına buraxıb. Çünki valideyn bir qarın çörəkpulu arxasınca gedir, buna məcburdur”...
Dənizkanarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcəyini dedi: "Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, ”Qorxulu Ev", "Pirat”, "Möcüzələr dünyası”, "Qüllə” attraksionları, "Şəfəq” və "Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsız xidmət göstərəcək. Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq".
E.Bağırov bu cür aksiyaları il ərində tez-tez etdiklərini dedi: "Bizə il ərzində ayrı-ayrı uşaq müəssisələrindən, hər hansı bir fiziki əngəli olan uşaq cəmiyyətlərindən, QHT-lərdən, rayonların əlillər cəmiyyətindən məktublar daxil olur və biz onlar üçün sosial qayğıya ehtiyacı olan, aztəminatlı ailələr üçün, fiziki cəhətdən zəif insanlar üçün atraksionların pulsuz istifadəsini təmin edirik. Bu cür aksiyalar tez-tez keçiririk. Bizə məktubla müraciət edirlər, biz də həmin müraciət əsasında siyahı üzrə həmin ərazidə olan uşaqların atraksionlardan pulsuz istifadəsini təmin edirik”.