İnsanlığa qarşı misilsiz soyqırım

Rəhimova Rəqibə Cəfər qızı   
Göyçay şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının müdiri,
Heydər Əliyev-100 media mükafatı laureatı

Xocalı soyqırımı günü Azərbaycan xalqının tarixində ən ağır və faciəli səhifələrdən birini təşkil edir. Bu gün təkcə bir şəhərin sakinlərinə qarşı törədilmiş qətliamın deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş amansız cinayətin anım günüdür. Xocalı soyqırımı XX əsrin sonlarında baş vermiş ən dəhşətli faciələrdən biri kimi müasir tarixə həkk olunmuş, xalqımızın yaddaşında silinməz iz buraxmışdır. Bu faciə Azərbaycan xalqının əzmini sarsıtmaq, onu tarixi torpaqlarından məhrum etmək və milli iradəsini qırmaq məqsədi daşıyan məqsədyönlü siyasətin tərkib hissəsi olmuşdur.
Tarix boyu Azərbaycan xalqı ağır faciələrlə üzləşmişdir. Bu faciələr sırasında miqyasına və qəddarlığına görə 34 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı xüsusi yer tutur. Bu faciə öz amansızlığı və insanlığa zidd xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Xocalı hadisələri 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edilmiş, şəhər tam mühasirəyə alınaraq dinc və silahsız əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədilmişdir. Qaçmağa çalışan insanlar atəşə tutulmuş, qadınlara, uşaqlara və qocalara qarşı xüsusi amansızlıq nümayiş etdirilmişdir. Rəsmi məlumatlara əsasən, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə naməlum qalmışdır. Ailələr tamamilə məhv edilmiş, uşaqlar valideynlərini itirmiş, yüzlərlə insan ömürlük əlil olmuşdur.
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Bu hadisə xalqımızın yaddaşında silinməz iz qoymuşdur. Uzun illər imperiya dövründə xalqımıza qarşı törədilmiş belə faciələrin üzəri ört-basdır edilmiş, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına maneələr yaradılmışdır.
Yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı faciəsinə rəsmi siyasi qiymət vermişdir. Bundan sonra faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl iş aparılmışdır.
Xocalıda törədilən cinayətlər beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi. 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən, milli, etnik, irqi və ya dini qrupu tam və ya qismən məhv etmək məqsədi daşıyan əməllər soyqırımı hesab olunur. Xocalı hadisələri məhz azərbaycanlıların milli mənsubiyyətinə görə hədəfə alınması ilə bu hüquqi anlayışa uyğun gəlir və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir.
Faciədən sonra Xocalı şəhəri işğal edilmiş, yaşayış evləri, sosial və mədəni obyektlər dağıdılmış, şəhər tamamilə xarabalığa çevrilmişdir. Doğma torpaqlarından didərgin düşmüş xocalılılar uzun illər məcburi köçkün həyatı yaşamış, ədalətin bərpasını gözləmişlər. Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış fərmanla 26 Fevral “Xocalı soyqırımı günü” elan edilmişdir.
Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Bir sıra ölkələrin parlamentləri və ABŞ-ın müxtəlif ştatları bu faciəni soyqırımı və ya kütləvi qırğın kimi tanımışdır. Bu istiqamətdə mühüm təşəbbüslərdən biri Leyla Əliyeva tərəfindən başladılmış “Xocalıya Ədalət” beynəlxalq kampaniyasıdır ki, həmin təşəbbüs çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilmiş, məlumatlandırma və hüquqi-siyasi maarifləndirmə işi genişləndirilmişdir.
Bununla yanaşı, Xocalı faciəsinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində aparılan fəaliyyət yalnız tarixi həqiqətlərin çatdırılması ilə məhdudlaşmamış, eyni zamanda ədalətin bərpası və işğalın nəticələrinin aradan qaldırılması istiqamətində dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.
2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində işğal altında olan torpaqlar azad edilmiş, tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ başlanmışdır. Bu Qələbə Xocalı şəhidlərinin qanının yerdə qalmadığını nümayiş etdirmişdir. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Xocalı şəhəri və kəndlərinin yenidən məskunlaşdırılması prosesi davam edir, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad edilmiş Xocalıya səfərləri zamanı şəhərin dirçəldilməsi və sakinlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Bu gün Xocalının yenidən qurulması, həyatın bərpası və əhalinin qayıdışı dövlətin gücünün və xalqın sarsılmaz iradəsinin təcəssümüdür.
Beləliklə, Xocalı soyqırımı Azərbaycan xalqının tarixi yaddaşında dərin və silinməz iz qoymuş faciədir. Bu hadisə ehtiram və hüznlə yad edilir, şəhidlərin əziz xatirəsi daim hörmətlə anılır. Eyni zamanda, Azərbaycan dövləti və cəmiyyəti tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasını vacib hesab edir.
Bu gün regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması xüsusi əhəmiyyət daşıyır. Müharibə və qarşıdurmaların ağır nəticələrini yaşamış bir xalq kimi Azərbaycan dayanıqlı sülh sazişinin imzalanmasını, gələcək nəsillərin təhlükəsiz və sabit şəraitdə yaşamasını prioritet hesab edir. Xocalı faciəsinin xatırlanması həm də belə hadisələrin bir daha təkrarlanmaması, bölgədə sülh, əməkdaşlıq və qarşılıqlı anlayışın bərqərar olması naminə çağırış kimi dəyərləndirilir.

25.02.2026


[email protected]