Azərbaycanlıların kütləvi şəkildə öldürülməsi dünya dövlətləri tərəfindən sükutla qarşılanıb

Muradova Elnarə Müzəffər qızı
ADPU-nun Biologiya və onun tədrisi texnologiyası 
kafedrasının dosenti

Ermənilərin azərbaycanlılara və digər xalqlara qarşı törətdikləri cinayətlərin baş verdiyi coğrafi areala nəzər saldıqda, onların silsilə xarakter aldığı və ermənilərdən bir alət kimi istifadə edildiyi görülür. 1917-ci il Rusiyada Fevral Burjua demokratik inqilabı qalib gəldikdən sonra yeni yaranmış bolşevik hökuməti periferiyalara qarşı daha qəddar davranaraq öz təsir dairəsini genişləndirmək, Bakını azərbaycanlıların təsir dairəsindən çıxarmaq, Bakı neftini öz əllərində cəmləmək istəyirdi. Bunun üçün xəyanətkar ermənilərə şərait yaradaraq Birinci Dünya müharibəsində təlim görmüş ermənilərdən ibarət hərbi hissələrin Bakıda yerləşdirilməsinə şərait yaradıldı. Bütün bunlar Bakı soveti və Rusiya bolşevik hökumətinin birgə fəaliyyəti nəticəsində həyata keçirildi.
1918-ci il mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıblar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlının xüsusi amansızlıqla öldürüldüyünü deyən alim, Şamaxı qəzasının 58 kəndinin yandırıldığını, 8 mindən çox insanın, o cümlədən 1653 qadının və 965 uşağın öldürüldüyünü, Quba qəzasının 122 kəndinin yerlə-yeksan edildiyini diqqətə çatdırıb.
Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılıb, əhaliyə qəddarcasına divan tutulub. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılaraq yandırılıb. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 132 min azərbaycanlı qətlə yetirilib.
Moskvada nəşr olunmuş “SSRİ-də vətəndaş müharibəsi və hərbi müdaxilə” (1987) Ensiklopediyasında Andranik Ozanyan (1865-1927) türk despotizminə qarşı erməni milli azadlıq hərəkatının xadimi kimi təqdim edilib. Onun fəaliyyəti barədəki məlumatda deyilir: “XIX əsrin 90-cı illərində Andranik Qərbi Ermənistanda qiyamçı qrupun rəhbərlərindən biri olub. 1907-ci ildən Qafqaz cəbhəsində rus ordusu tərkibində erməni könüllülər dəstəsinə komandirlik edib. 1917-ci ildə ona general-mayor rütbəsi verilib. 1918-ci ildə Ərzurumda türk ordusuna qarşı vuruşub. Sonra qaçqın erməniləri mühafizə edən millətçi hərbi hissələrin komandanı olub. 1918-ci ilin iyununda Naxçıvanı Sovet Rusiyasının ayrılmaz hissəsi elan etmişdi. İyulun 14-də S.G.Şaumyana bildirib ki, Sovet hökumətinin tapşırıqlarını yerinə yetirməyə hazırdır. Andranikin dəstəsi Zəngəzuru hücumlardan qoruyub. 1919-cu ilin aprelində öz dəstəsi ilə Eçmiədzinə gəlib. Daşnaklarla əməkdaşlıq etmək istəmədiyindən burada dəstəsini buraxıb, özü isə mühacirətə gedib”.
Təkcə Cənubi Qafqazda deyil, Şərqi Anadoluda, Cənubi Azərbaycan ərazisində həyata keçirilən soyqırımları yuxarıda söylənən fikirlərə əsas ola bilər. Birinci Dünya müharibəsində Türkiyənin şərqində yaşayan erməniləri tüfəng, pulemyot və toplarla silahlandıraraq quldur dəstələr yaradıblar. Onlar yerli dinc əhaliyə qarşı amansız mübarizə apararaq, 60 minə yaxın türk və kürd əhalisini məhv ediblər”.
Alim 1918-ci ilin mart-aprel soyqırımına əsl siyasi-hüquqi qiymətin Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra verildiyini vurğulayıb. Bildirib ki, qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd hadisədən 80 il sonra qəbul edilib: “Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildi. Fərmanda 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunasının Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur planı həyata keçirməyə başladığı qeyd edilir. Fərmana əsasən, həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük hissəsini xarabazarlığa çeviriblər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilib, kəndlər dağıdılıb, milli mədəniyyət abidələri məhv edilib.
Minlərlə günahsız azərbaycanlı ermənilərin planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub. Onların Azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, şəhər və kəndlərimizin dağıdılması, tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam edib.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçiriblər, diri-diri yandırıblar. Erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrimizdə azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək on minlərlə günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 500 mindən çox insan vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub, milli mədəniyyət abidələrimiz dağıdılıb və ya məhv edilib.
Beynəlxalq hüquqa əsasən, soyqırımı bəşəriyyətin amansız faciəsi, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli cinayət hesab olunur. Soyqırımı anlayışının hüquqi mənası 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir. Bu hərəkətlərə qrup üzvlərinin öldürülməsi, onlara ciddi fiziki və ya psixoloji zərər yetirilməsi, həyat şəraitinin məhvə yönəldilməsi, doğumların qarşısının alınması və uşaqların zorla başqa qrupa verilməsi kimi əməllər daxildir. Konvensiya həmçinin dövlətlərə bu cinayətin qarşısını almaq və günahkarları cəzalandırmaq öhdəliyi də qoyur. Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən tətbiq edilən Roma Statutu da soyqırımını beynəlxalq cinayət kimi tanıyır və bu cinayətə görə fərdi cinayət məsuliyyətini təsbit edir. Bu sənədə əsasən, soyqırımı törədən şəxslər, vəzifəsindən və statusundan asılı olmayaraq, beynəlxalq səviyyədə mühakimə olunmalıdırlar. Azərbaycan Respublikasının milli qanunvericiliyində də soyqırımı cinayəti xüsusi yer tutur. Konstitusiyamız insan hüquq və azadlıqlarının qorunmasını ali məqsəd kimi müəyyən edir və bu hüquqların pozulmasına qarşı dövlətin məsuliyyətini təsbit edir. Bununla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsi soyqırımını, yəni milli, etnik, irqi və ya dini qrupu bütövlüklə və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətləri (qətl, fiziki/əqli qüsurların yetirilməsi, yaşayış şəraitinin qəsdən pozulması və s.) ağır cinayət kimi təsbit edir və bu əməllərə görə ən ciddi cəzalar nəzərdə tutulur. Cinayət Məcəlləsinə görə soyqırımı törədən şəxslərə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Təəssüflər olsun ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, bəşəriyyət əleyhinə olan bu cinayətlərə münasibətdə adekvat reaksiya verilməyib, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilib. Onu da bildirim ki, uzun illərdir Ermənistanın Azərbaycan xalqına qarşı törətmiş olduğu etnik təmizləmə, soyqırımı cinayətləri ilə bərabər, mədəni irsimizə qarşı vandalizm aktlarına da hər hansı reaksiyanın verilməməsi dövlətlərə münasibətdə ayrı-seçkilik və laqeydliyin göstəricisi olmaqla, beynəlxalq humanitar hüquq prinsiplərinə də ziddir.
Erməni millətçilərinin hərəkətlərinə ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman ermənilərin törədikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün önəmli bir vasitə oldu. Ulu Öndərin Fərmanı həmçinin, tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.
Qan yaddaşımızın unudulmaması Azərbaycan Prezidenti cənab İlham Əliyevin də ən çox diqqət yetirdiyi həssas məqamlardandır. Möhtərəm Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması, həmçinin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması sübut edir ki, xalqımıza qarşı törədilən vəhşiliklər heç vaxt unudulmayacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin dahi sərkərdəliyi ilə torpaqlarımızın azğın düşməndən azad olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə tarixi ədaləti bərpa etdi. Tarixi Qələbəmizin mayasında Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarına uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə aparması dayanır. Vətən müharibəsi və tarixi Qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdi. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı da bu tarixi hadisələri obyektiv qiymətləndirərək, erməni faşizminin iç üzünü görməyə çağırır.


29.03.2026


[email protected]