
“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Hər birimizin amalı odur ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixli
andiçmə mərasimindəki çıxışından
Azərbaycan xalqının şəxsi iradəsi, sarsılmaz mövqeyi Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi yenidən respublika rəhbəri etdi.Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqları dövlət siyasətinin strateji prioritetləri olmuşdur. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verərək, səs vermişdir.
Azərbaycan aparılan düzgün və əsaslı siyasət nəticəsində yeni və möhtəşəm uğurlara imza atmaqdadır. Bu uğurların nəticəsi olaraq əhalinin məşğulluğunun təmin olunması ilə yanaşı, sosial -iqtisadi vəziyyəti daha da yaxşılaşır. Uğurların pik nöqtəsinin 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi dövlətimizin gücünə yeni güc qatıb və dünya miqyasında böyük hörmət və nüfuz qazandırıb. Hüquqi, demokratik dövlət quruculuğuna xüsusi önəm verən Azərbaycan bununla dünyanın azad, demokratik dövləti olduğunu nümayiş etdirir. Təbii ki, uğurlarımız hələ qabaqdadır. Hələ böyük zəfərlər, möhtəşəm uğurlara imza atılacaq. Bütün bu uğurlara görə Prezident İlham Əliyevə minnətdarlıq borcumuz var.
Məhz Onun 44 günlük Vətən Müharibəsi dövründəki titanik fəaliyyəti, müdrik Liderlik bacarığı sayəsində 30 illik erməni işğalına son qoyuldu, torpaqlarımız azadlığına qovuşdu. Yenilməz Sərkərdə, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində demişdir: “Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”. Azərbaycan Prezidenti İlham Əliyev 21 il öncə prezident seçkilərində verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirib. Bununla da həm də tarixə vədinə və imzasına əməl edən Lider kimi düşüb. Ulu Öndər Heydər Əliyev 01.10.2003-cü il tarixli xalqa müraciətində deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Beləliklə, qədirbilən Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunması üçün Onun ən layiqli siyasi varisi Cənab İlham Əliyevə verdi. 20 il ərzində Azərbaycan iqtisadiyyatı davamlı və dinamik inkişaf edib, böyük tərəqqiyə, nailiyyətlərə imza atılıb. Ötən 20 il ərzində reallaşdırılan irimiqyaslı beynəlxalq və regional layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmiryolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. Prezident İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltdığı zaman əldə olunan uğurlardan bəhs edərkən demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı; Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərman imzalamışdır. Regionların inkişafına dair uğurla icra edilən Dövlət Proqramları Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb
Qazanılan qələbələrin, əldə edilən uğurların bəhrəsini nəinki Azərbaycan xalqı, ümumilikdə dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız da görməkdədir. Onlar Azərbaycanın uğurlarından bəhrələnməklə yaşadıqları ölkələrdə qürurlu xalqın nümayəndəsi olduqlarını nümayiş etdirirlər. Ona görə də qürurla demək olar ki, Azərbaycan dünyanın ən sayılıb, seçilən və hörmət edilən dövlətidir. Bu və digər uğurlara, xüsusilə də, 30 il erməni işğalı altında qalmış torpaqlarımızı azad edib, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, 80 milyonluq dünya azərbaycanlılarının lideri, Prezidentimiz İlham Əliyev bəşər tarixinə adını əbədi Qalib Sərkərdə olaraq yazdırdı. Ulu Öndərimizin əsası qoyulan siyasət və Prezident İlham Əliyev tərəfindən davam etdirilən strategiya dövlətimizə və xalqımıza yalnız və yalnız uğurlar və qələbələr vəd edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə xalqımızın 30 illik həsrətinə son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Zəfərimizin zirvəsi Şuşa şəhərinin azad edilməsi oldu. 2021-ci il martın 20-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırdılar. O əziz gündə ölkəmizin başçısı dedi: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi”.
Bu gün Azad Qarabağımız, Şərqi Zəngəzurumuzda şanlı bayrağımız qürurla dalğalanır, bayram tonqalları qalanır. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikində vurğuladığı kimi, Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.
Fürsətdən istifadə edərək, xalqımızı müqəddəs Ramazan və bahar ətirli Novruz bayramları münasibətilə təbrik edir, firavan həyat arzulayıram.

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı
20.03.2026
[email protected]