Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu
Emilya Mehdiyeva
Bakı şəhəri, Neftçi Qurban adına 288 nömrəli
tam orta məktəbin ingilis dili müəllimi
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 2020-ci ildəki 44 günlük Vətən müharibəsində, daha sonra Qarabağda separatçılara qarşı həyata keçirilmiş qısamüddətli antiterror əməliyyatında böyük bir tarix yazdı. Bu möhtəşəm Zəfərimiz sayəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu.
Azərbaycan bu qələbə ilə regionda yeni reallıqlar yaratdı, dövlətimizin başçısının irəli sürdüyü və addım-addım reallaşmasına nail olduğu mükəmməl sülh gündəliyi Cənubi Qafqazda dayanıqlı sülh, davamlı inkişaf, insanların rifah və xoşbəxtliyi üçün yeni üfüqlər açdı. Bu Zəfər sarsılmaz iradənin, böyük əzmin, illərlə aparılan hazırlıqların, zərrə-zərrə qazanılan irəliləyişlərin möhtəşəm nəticəsi idi.
2016-cı ilin Aprel döyüşləri də böyük Zəfərimizə doğru yolda çox mühüm yer tutur. Azərbaycan Ordusunun Aprel qələbəsi, əsgər və zabitlərimizin qəhrəmanlıqları Ermənistanın işğalçı mövqeyi üzündən on illərlə davam edən qanlı münaqişəyə yeni bir dönüş nöqtəsi gətirdi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin daha da güclənməsi, digər tərəfdən isə Ermənistan ordusunun mövqelərindəki zəiflik Aprel döyüşlərinin xüsusilə əhəmiyyətli məqamlarıdır.
Bu döyüşlər yalnız hərbi deyil, siyasi, diplomatik və strateji baxımdan da münaqişənin gələcəyini müəyyən edən mühüm bir mərhələ oldu. 2016-cı il Aprel döyüşləri Qarabağ münaqişəsini Ermənistanın havadarlarının səyləri ilə illərlə dondurulmuş vəziyyətdən yeni bir mərhələyə keçirdi, xalqımızın gücünü, əzəmətini bütün dünyaya göstərdi. Bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı ərazisində ikinci erməni dövlətinin yaradılması ilə əsla barışmaq, işğal reallığına boyun əymək niyyətində deyil və torpaqlarımızın hərbi gücü ilə geri qaytarılması ehtimalı çox yaxındadır.
Aprel döyüşləri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində baş verdi. 2016-cı il aprelin əvvəllərində Ermənistanın silahlı qüvvələri ön xətdəki mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə tutdu. Azərbaycan Ordusu düşmən təxribatına qətiyyətlə cavab verdi və döyüşlərdə böyük qələbə qazandı. Aparılan uğurlu əməliyyatlar Ermənistanın "keçilməz səngərlər" mifini, bu dövlətə rəhbərlik edən quldur rejimin işğalçılıq niyyətini alt-üst etdi. Nəticədə Tərtər rayonunun Talış kəndi yaxınlığındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtərin Madagiz kəndi istiqamətindəki mövqelər azad olundu. Həyata keçirilən əməliyyatlar hərbi baxımdan beynəlxalq aləmdə Azərbaycanın gücünü göstərdi.
Erməni silahlı birləşmələri bu qarşıdurmalar zamanı çox ciddi itkilər verdi. Rəsmi məlumatlara əsasən, dördgünlük döyüşdə 320-dən çox düşmən zərərsizləşdirildi, 500-dən artıq erməni hərbçisi yaralandı. Qarşı tərəfə məxsus 30-a yaxın tank və digər zirehli texnika, eləcə də 25-dən artıq artilleriya sistemi sıradan çıxarıldı. Madagiz qəsəbəsində yerləşən qərargah və əsas hərbi bölmələr məhv edildi. Bundan əlavə, Ağdərə-Madagiz və Cəbrayıl istiqamətlərindəki yollar ordumuzun nəzarətinə keçdi.
Aprel döyüşlərindən sonra - 2016-cı ilin mayında Azərbaycan və Ermənistan rəhbərləri münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin təmsilçilərinin iştirakı ilə Vyanada görüş keçirdilər. Daha sonra - iyunun 20-də Sankt-Peterburqda üçtərəfli müzakirələr oldu. Həmin görüşlərdə münaqişə bölgəsində qarşılıqlı etimadın artırılması, baş verən insidentlərin araşdırılması üçün mexanizmlərin formalaşdırılması və ATƏT sədrinin ofisinin imkanlarının genişləndirilməsi ilə bağlı ortaq razılıq əldə edildi.
Əslində, Ermənistanın mütəmadi olaraq cəbhə xəttində gərginlik yaratmasının səbəbləri aydın idi: Sarkisyan-Koçaryan hakimiyyəti danışıqlar ərəfəsində vəziyyəti bilərəkdən kəskinləşdirərək ölkə daxilindəki siyasi, sosial və iqtisadi problemlərdən ictimaiyyətin diqqətini yayındırmağa çalışırdı. Azərbaycan isə əksinə, münaqişənin sülh yolu ilə həllini prioritet sayır, bu istiqamətdə davamlı addımlar atırdı.
Aprel döyüşlərindən sonra Azərbaycanın tutduğu mövqe bir daha göstərirdi ki, ölkəmiz məsələnin hər iki tərəfdən böyük itkilərə yol vermədən danışıqlar yolu ilə həlli variantına, sülh prinsiplərinə ən son imkana qədər sadiqdir. Eyni zamanda ölkəmiz Aprel döyüşləri zamanı öz hərbi potensialının yalnız kiçik bir hissəsini nümayiş etdirməklə göstərdi ki, əgər lazım gəlsə, Azərbaycan Ordusu daha böyük əməliyyatlar keçirib qısa zamanda torpaqlarımızı işğalçılardan təmizləyə bilər.
Beynəlxalq qurumlar və aparıcı dövlətlər Aprel döyüşləri ilə bağlı Azərbaycana qarşı hər hansı irad irəli sürə bilmədilər. Çünki Azərbaycan əməliyyatları öz suveren ərazilərində həyata keçirmişdi.
Aprel döyüşləri ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirdi, cəmiyyətimizin vahid amal uğrunda yumruq kimi birləşdiyini göstərdi, Azərbaycanın hərbi gücünün, yalnız onun texniki imkanlarında deyil, Ali Baş Komandanın sarsılmaz iradəsində, əsgər və zabitlərimizin döyüş ruhunda, xalqımızın vəhdətində, milli amal uğrunda hər cür fədakarlığa hazırlığında olduğunu nümayiş etdirdi. Aprel döyüşləri zamanı dövlətimizin qazandığı strateji mövqelər, üstünlüklər bütün dünyaya tarixin axarının yaxın gələcəkdə necə inkişaf edəcəyinə dair əhəmiyyətli mesaj verdi. Hər kəs anladı ki, dövlətimizin güclü ordusu hər an düşmənin qarşısına çıxmağa və torpaqlarını azad etməyə hazırdır.
Aprel qələbəsi Azərbaycanın Cənubi Qafqaz regionunda ən böyük güc olduğunu və özünün ərazi bütövlüyü, suverenliyi uğrunda bu gücü istifadə etməkdən əsla çəkinməyəcəyini bir daha təsdiqlədi. Həmçinin beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin olkəmizin Aprel döyüşlərindəki qələbəsi ilə bağlı heç bir mənfi açıqlama verə bilməməsi rəsmi Bakının son illərdəki diplomatik uğurları ilə də üstünlükləri təmin etdiyini, Ermənistanın qurduğu informasiya blokadasını aradan qaldıraraq bu ölkənin təcavüzkar mahiyyətini ifşa etdiyini, dünyanı beynəlxalq hüquq normalarından irəli gələn faktlar qarşısında qoyduğunu göstərdi.
Aprel döyüşlərindən sonra münaqişənin həlli istiqamətində diplomatik proses müəyyən qədər aktivləşsə də, real nəticə əldə olunmadı. Həmin il Vyana və Sankt-Peterburqda keçirilən yüksəksəviyyəli görüşlərdə tərəflər arasında substantiv müzakirələr Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən səmərəsiz alındı. Növbəti illərdə də vəziyyət, əfsus ki, dəyişmədi. Ermənistan 2017-ci ildə yeni hərbi və siyasi təxribatlarla cəbhə xəttində gərginliyi artırdı, mülki əhalini növbəti dəfə hədəfə aldı. Bunun beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınanılması rəsmi İrəvanın davranışlarına təsir etmədi və işğalçı ölkənin sülh prosesində maraqlı olmadığı daha aydın şəkildə üzə çıxdı.
Bu dövrdə Azərbaycan dövləti ordumuzu daha da gücləndirməklə bərabər, paralel olaraq beynəlxalq müstəvidə fəal siyasət həyata keçirib, hüquqi və siyasi mövqelərini möhkəmləndirdi. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa İttifaqı və NATO kimi qurumların sənədlərində Azərbaycanın ərazi bütövlüyünə ardıcıl şəkildə dəstək ifadə olundu. Bu, dövlətimizin haqlı mövqeyinin beynəlxalq səviyyədə qəbul edildiyini və daha da gücləndiyini göstərirdi.
Diplomatik müstəvidə əldə olunan bu üstünlük fonunda Azərbaycan uzun müddət sülh danışıqlarına sadiqliyini də qorudu. Ermənistanın Aprel döyüşlərindəki məğlubiyyətindən, öz ordusu haqqında uydurduğu miflərin sabun köpüyü olmasından, Ermənistan ordusunun əslində əsgər payını oğurlayan generallardan, fərari əsgər və zabitlərdən ibarət olması reallığı gün işığına çıxandan sonra bu ölkədə baş verən hakimiyyət dəyişikliyi, cinayətkar Sarkisyan-Koçaryan hakimiyyətinin iqtidardan qovulması münaqişənin hərb variantına əl atmadan danışıqlar yolu ilə həllinə ümidləri artırırdı. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan etmişdi ki, əsas məqsəd münaqişənin danışıqlar yolu ilə həllidir və bu istiqamətdə kompromis məhz bu prosesə sadiqlikdir. Lakin Ermənistanın yeni rəhbərliyinin də təcavüzkar siyasəti davam etdirməsi, hətta işğalı genişləndirmək cəhdləri və danışıqlarda imitasiya yolu tutması nəticəsində proses faktiki olaraq çıxılmaz vəziyyətə düşdü.
2019-cu ildə Ermənistan rəhbərliyinin açıq şəkildə işğalçılıq niyyətini ifadə edən bəyanatları vəziyyəti daha da gərginləşdirdi. Xüsusilə Nikol Paşinyan tərəfindən səsləndirilən "Qarabağ Ermənistandır və nöqtə" ifadəsi danışıqların perspektivini tamamilə alt-üst etdi. Buna cavab olaraq Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida" bəyanatı həm siyasi, həm də ideoloji baxımdan Azərbaycanın mövqeyini daha qəti şəkildə ortaya qoydu.
2020-ci ilin yayına doğru təmas xəttində Ermənistanın təxribatları daha təhlükəli mərhələyə keçdi. İyul ayında Tovuz istiqamətində baş verən döyüşlər, avqustda növbəti diversiya cəhdləri və ümumilikdə hərbi ritorikanın kəskinləşməsi Ermənistanın yeni müharibəyə hazırlaşdığını açıq şəkildə göstərdi. Azərbaycan tərəfi bunu beynəlxalq platformalarda dəfələrlə bəyan etsə də, dünya birliyi tərəfindən səmərəli tədbirlər görülmədi.
Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hücumu ilə münaqişə yeni fazaya keçdi. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. "Dəmir yumruq" əməliyyatı ilə Azərbaycan həm hərbi, həm də siyasi baxımdan həlledici üstünlük qazanaraq Ermənistanı faktiki kapitulyasiyaya məcbur qoydu.
Vətən müharibəsi nəticəsində münaqişəyə faktiki son qoyuldu və Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edildi. Sonrakı mərhələdə olkəmiz suverenliyini tam təmin etmək istiqamətində addımlarını davam etdirdi. 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkə ərazisində qalan silahlı separatçı qüvvələr zərərsizləşdirildi, Xankəndidəki qondarma rejim ləğv olundu. Bununla da Azərbaycanın dövlət suverenliyi tam şəkildə bərpa edildi.
Beləliklə, Aprel döyüşlərindən başlayan proses mərhələli şəkildə diplomatik mübarizə, informasiya üstünlüyü və hərbi gücün vəhdəti nəticəsində Vətən müharibəsində tarixi qələbə ilə yekunlaşdı, Prezident İlham Əliyevin liderliyi ilə regionda yeni reallıqlar formalaşdı.
Aprel döyüşləri bu baxımdan Azərbaycan tarixində ordumuzun qələbəsi ilə tamamlanmış qısamüddətli - dördgünlük hərbi əməliyyatdan daha çox milli ruhun oyanışı, böyük Zəfərə aparan yolun başlanğıcıdır. Bu döyüşlər göstərdi ki, illərlə davam edən işğal faktı ilə barışmaq niyyətində olmayan xalqımızın iradəsi qırılmazdır və Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Aprel zəfəri həm də cəmiyyətdə öz gücünə inam yaratdı, ordumuzun peşəkarlığını, döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu hadisələrdən sonra artıq hər kəsə aydın oldu ki, Azərbaycan yalnız diplomatik müstəvidə deyil, lazım gəldikdə döyüş meydanında da sözünü deməyə qadirdir.
Aprel döyüşləri bir neçə ildən sonra həyatımızı dəyişəcək, bizi xəyallarımıza qovuşduracaq böyük Zəfərin ideoloji və hərbi təməlini qoydu. Məhz həmin günlərdə yazılan qəhrəmanlıq salnaməsi Vətən müharibəsində əldə olunacaq Zəfərin başlanğıcı oldu.
Gələcək nəsillər Aprel döyüşlərini milli qürurun, vətənpərvərliyin və sarsılmaz iradənin təcəssümü kimi xatırlayacaqlar. Bu tarix onlara öyrədəcək ki, Vətən uğrunda birlik, inam və qətiyyət olduqda ən çətin hədəflərə belə çatmaq mümkündür.
Aprel döyüşləri Azərbaycan xalqının yaddaşında daim şərəf və qürur səhifəsi kimi yaşayacaq.
04.04.2026
[email protected]