XX əsrdə bəşər tarixinin qanlı və acınacaqlı səhifələrdən biri - 31 mart soyqırımı

Novruzova Nazəni Aslan qızı
ADPU-nun kimya üzrə fəlsəfə doktoru, dosent, 
Azərbaycan müəllimlərinin XII qurultayının fəxri nümayəndəsi, İlin müəllimi, 
"ADPU-100”, "Dəmir yumruq”, "Heydər Əliyev-99”, "Şuşa -270",
"H.Əliyev-100" media mükafatları laureatı, redaksiya heyətinin fəxri üzvü

XX əsrdə azğın erməni-daşnak-bolşevik silahlı qüvvələri və onların havadarları tərəfindən azərbaycanlıların kütləvi qırğınlara və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması bəşər tarixinə qanlı və acınacaqlı səhifələrdən biri kimi yazılıb. Bu soyqırımı ən faciəli hadisələrdən biri kimi xalqımızın tarixi yaddaşına həkk olunub. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edir.
AZƏRTAC bu barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun arxiv sənəd və materialları, eləcə də digər tarixi mənbələrə əsaslanaraq qələmə aldığı qeydlərini təqdim edir.
1917-ci ilin noyabrında Bakıda hakimiyyəti ələ keçirmiş və tərkibi əsasən ermənilərdən ibarət olan “Bakı Komunası” adı altında yaradılmış birinci “bolşevik” hökuməti tərəfindən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında ölkəmizin müxtəlif bölgələrinə erməni-daşnak silahlı cəza dəstələri göndərilib. S.Şaumyan və G.Karqanovun rəhbərliyi altında Azərbaycanın müxtəlif bölgələrinə göndərilmiş həmin silahlı dəstələr 1918-ci il martın 30-da və 31-də, aprelin 1-də Bakıda, 1918-ci ilin mart-may aylarında Bakı quberniyasının Şamaxı, Göyçay, Ərəş və Quba qəzalarının kəndlərində, habelə Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı insanlığa sığmayan kütləvi qanlı qırğınlar törədib, minlərlə günahsız, dinc əhalini qətlə yetirib. Həmin qırğınlar T.Əmiryan, H.Amazasp, C.Lalayev və digər cinayətkar erməni-daşnak “hərbçi”lərinin başçılığı altında həyata keçirilib. Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi erməni-daşnak-bolşevik qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş soyqırımı həyata keçirərək yalnız Bakıda böyük maddi ziyanlarla yanaşı, 11 min nəfərdən artıq insanı qətlə yetirib. Quba qəzasında S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi H.Amazaspın başçılığı altında 122 müsəlman kəndi dağıdılıb, Azərbaycanın minlərlə dinc əhalisi məhv edilib. Tarixi sənədlər təsdiqləyir ki, azərbaycanlıların soyqırımı Bakı və Gəncə quberniyalarında, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda və Azərbaycanın digər bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi Bakı Sovetinin bolşevik-erməni-daşnak silahlı dəstələri tərəfindən dağıdılıb. Şamaxı qəzasının təkcə 53 kəndində ermənilər tərəfindən 8027 nəfər azərbaycanlı qətlə yetirilib ki, onlardan da 4190-ı kişi, 2560-ı qadın və 1277-si uşaq idi. Şamaxıda yerli əhaliyə dəyən maddi ziyan o dövrün qiymətləri ilə bir milyard rubldan çox olub. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan “Cümə məscidi” yandırılıb.
Şərqdə ilk demokratik dövlət quruluşu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilib. AXC hökuməti ermənilərin Zaqafqaziyada dinc müsəlman əhaliyə qarşı törətdikləri zorakılığın təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Fövqəladə İstintaq Komissiyası Zaqafqaziyada müsəlmanlara qarşı millətçi erməni-daşnak qüvvələri tərəfindən törədilmiş zorakılıqların, o cümlədən Bakı qırğınının demək olar ki, tam sənəd bazasını yaradıb. Cümhuriyyət dövründə iki dəfə - 1919 və 1920-ci illərdə mart ayının 31-i ümummilli matəm günü kimi qeyd edilib.
Ulu öndər Heydər Əliyevin 1998-ci il fevralın 26-da imzaladığı Fərmanda qeyd edilir: “Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi...Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını tamamilə dağıtmış oldu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Nəticədə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.
2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bugünkü Azərbaycanın, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasında olduğunu, həmçinin bu gün ölkə qarşısında duran yeni vəzifələrin yeni dövrün vəzifələri olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz.
Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd edərək müasir tariximizin yeni dövrünün də məhz sentyabrın 20-dən (2023-cü il – E.Ə.) sonra başladığını diqqətə çatdıraraq vurğuladı ki, istər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi.
Prezident İlham Əliyev hələ 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirmişdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”. Hər zaman, xüsusilə, Münxen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışanda demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.
Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə Zəfər və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu mühüm tarixi hadisənin əhəmiyyətini xüsusi vurğuladı: “Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”. Xalqımızın bütün təbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bu mövzu unudulmadı.
1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu quruculuğu birinci nömrəli vəzifə idi. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident İlham Əliyev demişdir: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

29.03.2026


[email protected]