Cənub bölgəsində yaşayan ilk professional bəstəkar
Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Böyük mədəni irsə malik olan Azərbaycan qadını da çətin, keşməkeşli inkişaf olu keçmişdir. Qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişlər.
Ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayıraraq, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirmişdi.
Heydər Əliyev demişdir: "İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar”.
Bu gün dövlət qadın siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır.
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz məğrur qadınlarımızın adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Elə haqqında bəhs etdiyimiz Zəminə xanım da öz zəhməti, böyük istedadı, dünyagörüşü və əməyi ilə tanınan, sevilən və ehtirama layiq peşəkar musiqiçi və ziyalı Azərbaycan qadınıdır. Onu elə öz söylədiklərindən daha yaxından tanıyaq:
-Mən, Əliyeva Zəminə Taryel qızı. 1970-ci il aprelin 15-də Lənkəran Şəhərinin Şıxəkəran kəndində musiqiçi ailəsində anadan olmuşam. 1977-ci ildə Lənkəran şəhərinin Şıxəkəran kəndində N.Həsənov adına orta məktəbin l sinfinə daxil oldum və ilk müəllimim Dilşad müəllimə oldu. Dilşad müəllimədən başqa Qalib müəllim, Kamal müəllim, Aftandil müəllim, Nazim müəllim, Ağamir müəllim, Tofiq müəllim, Gülparə müəllimə və başqaları mənim müəllimlərim olublar. 1985-ci ildə həmin məktəbin VIII sinifini bitirdim. Orta məktəbdə oxumaqla yanaşı 1979-cu ildə C.Cabbarlı adına Lənkəran şəhər 1 saylı uşaq musiqi məktəbinə daxil oldum. Orada oxuyarkən musiqi nəzəriyyə fənnlərindən müəllimlərim İradə Məlikova, Sevil müəllimə, fortepianodan isə Lilya Ağayevadan dərs almışam. 1985-ci ildə həmin məktəbin “fortepiano” ixtisası üzrə VI sinifini bitirdim. Atam Taryel Əliyev də həmin məktəbdə müəllim idi, kamança üzrə dərs deyirdi. Elə musiqiyə həvəs də məndə uşaq ikən atamdan keçmişdir. Mən uşaq olanda evimizdə çoxlu tanınmış incəsənət xadimlərini görmüşəm. Məsələn yadımda qalanlar: Xalq artisti Teymur Mustafayev, Xalq artisti Canəli Əkbərov, Azərbaycan SSRi Xalq artisti, tarzən Əhməd Bakıxnov və onun 1931 ci ildə yaratdığı Xalq çalğı alətləri ansamblın üzvləri və diğərləri. Onlar bizdə müxtəlif tədbir üçün məşqlər edərdilər. Uşaqlıqdan qulağım Azərbaycan xalq mahnıları, muğamlar, Azərbaycan xalq rəngləri, ritmik muğamlar duyub deyə musiqiyə də böyük sevgi məhz o səbəbdən yarandı məndə.
Sonralar 1985-ci ildə Lənkəran musiqi texnikumuna daxil oldum, 4 il təhsil alandan sonra 1989-cu ildə oranı “Musiqi Nəzəriyyəsi” ixtisası üzrə əla qiymətlərlə bitirdim. Elə həmin il Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına “Musiqişünaslıq” ixtisası üzrə daxil oldum. 1994-cü ildə ixtisasım üzrə oranı bitirdim. Orada təhsil alarkən Musiqişünas, professor, sənətşünaslıq namizədi Solmaz Qasımova, professor, sənətşünaslıq üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva, Musiqişünas, professor Xanlar Məlikov, Üzeyir Hacıbəylinin tələbəsi olan musiqişünas, folklorşünas, sənətşünaslıq namizədi professor Məmmədsaleh İsmayılov, Azərbaycan mədəniyyətinin alimi,tanınmış musiqişünas-alim, Azərbaycan Respublikasının Xaq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, dosent Şəhla Həsənova, Musiqişünas, musiqi tənqidçisi, professor Zümrüd Dadaşzadə, Sənətşünaslıq üzrə elmlər doktoru,Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,Şöhrət ordenli Fərəh Əliyeva və digər müəllimlərdən musiqinin sirlərini daha dərindən öyrənməyə başladım. Diplom işim “Lənkəranda keşmiş toy mərasimləri” adlı elmi işim oldu və komissiyalar tərəfindən əla qiymətləndirildim. Diplom rəhbərim isə Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, dosent Şəhla Həsənova idi.
1989-1992-ci illərdə Lənkəran Şəhər C.Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbində “Musiqi Nəzəriyyəsi” şöbəsində məllim və şöbə müdrü vəzifəsində işləmişəm. 1992-ci ildə Lənkəran musiqi texnikumunda (indiki Lənkəran Dövlət Unuversitetinin nəzdində
Sosial və Aqrar-Texnoloji Kollec) “Musiqi Nəzəriyyəsi” ixtisası üzrə müəllim və “Musiqi nəzəriyyəsi və Xor dirijorluq” ixtisası üzrə fənn komissiya sədri vəzifəsində işləmişəm. 2009-cu ildə ixtisaslı kadırların hazırlanması sahəsində səmərəli pedeqoji fəaliyyətimə görə Təhsil Naziri Misir Mərdanov və 2012-ci ildə Lənkəran Dövlət Humanitar Kollecin direktoru və İcra başçısı tərəfindən təqdim etdikləri və müxtəlif nailiyyətlərimə görə bir neçə fəxri fərmanlarla təltif olunmuşam. 2008-ci ildə ilk Azərbaycan Qadınlar Qurultayı keçirildi və o zaman Lənkəranın keçmiş icra hakimiyyətinin başçısı, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, mədəniyyət və incəsənətə böyük qayğı göstərən Dirubə xanım Camalova Lənkəran Şəhərinin ən öndə gedən ziyalı və zəhmətkeş xanımlardan ibarət 40 nəfər qurultaya namizəd seçdi. Onların sırasında musiqi sahəsində yeganə xanım təmsilçisi mən idim.
2000-ci ildən YAP-ın üzvüyəm. 2001-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü və bölgə üzrə Lənkəran təşkilatının məsul katibi vəzifəsində çalışıram. Bu illər ərzində çoxlu tədbirlər, konfranslar keçirtmişik.
1997, 1998, 1999, 2000-ci illərdə Əməkdar müəllim Fikrət Kərimlinin rəhbərlik etdiyi Lənkəran Musiqi Texnikumunda və Lənkəran Dövlət Universitetində yaradıcılıq gecələrim keşirilmiş və Cənub televiziyasında efirə verilərək, tamaşaçıların böyük marağına səbəb olmuşdur. Mən o zamanlar peşəkar bəstəkar deyildim. Sadəcə buna bacardığım iş kimi baxırdım. Peşəkar bəstəkar olmaq üçün təbii ki, yenidən təhsil almaq lazım idi. Bu üzdən 2006-cı ildə yenidən Azərbaycan Milli Konservatoriyasına daxil oldum, 2009-cu ildə oranı “ Bəstəkarlıq” üzrə müvəfəqiyyətlə bitirdim. Mənim ixtisas üzrə müəllimim Azərbaycan SSR Xalq artisti, professor, musiqişünas və pedaqoq, bəstəkar Əşrəf Abbasovun oğlu Cəlal Abbasob idi. Cəlal Abbasov Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Qara Qarayevin tələbəsi olub və dünya şöhrətli Qarayevdən aldığı musiqi sirlərini böyük həvəslə mənə də öyrətməyə çalışdi. Diplom işim Xalq çalğı alətləri orkestri üçün 4 hissəli “Lənkəran lövhələri” süitası idi. Dövlət imtahan komissiyasının sədri Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan SSR Xalq artisti, professor Tofiq Bakıxanov və üzvlər tərəfindən şox yüksək qiymətləndirildi. Süita dirijor,Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, professor, Şöhrət ordenli Ağaverdi Paşayevin dirijorluğu və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri tərəfindən ifa olundu.
Tələbəlik illərində bir sıra əsərlər yazmış, eyni zamanda da məqalələr və çıxışlarla mətbuat və Dövlət tədbirlərində, yerli televiziya vasitəsilə çıxışlar etmişəm.
Musiqişünas kimi yazdığım məqalələr: “Lənkəranda keçmiş toy mərasimləri” (Lənkəran qəzeti 09.12.1998); “Lənkərandan yazırlar” (Musiqi dünyası jurnalı 3-4.2001); “Ustad simfonist” (Azərbaycan qəzeti 10.04.2003); “ Zamanın fövqündə duran sənətkar” (Sənətkar jurnalı 2009.№2); Azərbaycan qadını jurnalı №10.11.1998.səh 98:
Bəstəkarlıq fəaliyyətim: V.Hüseynov; M.Dövrani; A.Cavad; N.Kəsəmənli; X.Rza, Xalidə Vaqifqızı, Reyhanə Sadıqova, Xatirə Xatun və.s. şairlərin sözlərinə yazılmış mahnılar. Vətən müharibəsində qəhrəmancasına şəhid olan “Elnur Talıbovun xatirəsinə” həsr etdiyim mahnı-klip(Sözləri Xalidə Vaqifqızına aiddir). Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər babam”mahnısı(sözləri: Reyhanə Sadıqovaya aid),”Sev məni”, “Unut məni unutmağı” mahnıları(söz: Xatirə Xatun), “Ağlama” mahnı(söz: Ağamir Cavad), Xalq çalğı alətləri orkestri və solo ifa üçün “Qocalma ata”(söz:İsmayıl İsmayılov)mahnısı , Ulu Öndər H.Əliyevə həsr olunmuş “Heydər baba” (Söz: Xalidə Vaqifqızı); “Azərbaycan” (söz: Ş.Aslan)xor əsərləri; Fortepiano üçün 13 prelüdya (2006); Bir neçə Xalq mahnı işləmələri; “Bahar duyğuları” adlı romans(söz: Məlahət Dağlı); Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuş İlyas Əfəndiyevin “Qəribə oğlan” tamaşasının yazdığım musiqi, LDU-in 30 illik yubileyinə yazdığım “Doğma ocağım” (sözləri Reyhanə Sadıqovanın), Fortepiano və skripka üçün 3 hissəli sonata (2008). Bu əsər 2 dekabr 2011-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda- kamera konsertində səslənmişdir. Fortepiano üçün 8 variasiya (2007); Xalq çalğı alətləri orkestri üçün 4 hissəli “Lənkəran lövhələri” simfoniyası (2009). Bu əsər 30 aprel 2010-cu ildə Ü.Hacıbəylinin 125 illiyi münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsertdə səslənmişdir. “Fortepiano üçün mövzu və 8 variasiya” əsərim 14 mart 2024 cü ildə Azərbaycan Milli Konservatoriyasında konsertdə səsləndirilmişdir. Fortepiano üçün “13 prelüd” əsərimin III, X və XI nömrəli prelüdlərim 15 may 2024 cü ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində konsertdə səsələndirilmişdir.
Hazırladı: Mahilə Qurbanova
"ictimaifikir.az" saytının rəhbər müavini
[email protected]