Çoxəsrlik tariximizin Zəfər səhifəsi

İLQAR HÜSEYNOV
ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının professoru,
kulturologiya elmləri doktoru, Azərbaycanda "Tətbiqi Kulturologiya" elminin
yaradıcısı və "Kulturologiya tarixi" elminin banisi


Çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılmasından sonra ölkəmizin həyatında başlayan yeni mərhələ hər an  biri-birindən mühüm uğurlarla diqqətdədir. Şanlı Zəfərimizin  yaratdığı reallıqlar fonunda  işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər birimizi qürurlandırır.  Azərbaycan bərpa işləri ilə dünyanın hərb tarixinə yeni səhifə yazıb. Bu baxımdan ki, müharibədən dərhal sonra  quruculuq işlərinə başlamaq qeyri-mümkündür.  Azərbaycan, eyni zamanda, bütün işləri sıfırdan öz daxili imkanları hesabına  həyata keçirir.
Son illərin qürurverici hadisələrindən biri də tarixi günlərin, bayramların işğaldan azad edilmiş ərazilərdə qeyd edilməsidir. Bu ilinin 28 May-Müstəqillik Gününün  özəlliyi ondan ibarət oldu ki, laçınlılar Laçın şəhərinə qayıtdı. Dövlət başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə  bu tarixi günlə bağlı fikirlərini belə ifadə etdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda,
 istənilən nəticəni əldə etməyə qadirdir.
Azərbaycan  bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən, dünyada  əsl söz sahibinə çevrilən   bir dövlət kimi yeri və rolunu möhkəmləndirir.  Regional əməkdaşlığın aparıcı qüvvəsi kimi Azərbaycanın töhfələri davamlılığı ilə diqqət çəkir.  Azərbaycan  sözün həqiqi mənasında ciddi regional faktora çevrilib. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə əlaqələrimiz qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında qurulur. Beynəlxalq aləmdə xoşbəxt, islahatçı  ölkə kimi tanınan Azərbaycan davamlı  uğurları ilə bu xoşbəxtliyinə yeni əlavələr edir. Tarixi Zəfərimizdən sonra ölkəmizin  sözünün imzası qədər əhəmiyyətinin daha da artması reallıqdır. Bu gün Azərbaycan qalib ölkə olaraq yeni reallıqları qəbul etdirən tərəfdir. Hər bir uğurumuzu şərtləndirən amillərdən bəhs edərkən Prezident-Xalq birliyini xüsusi qeyd edirik. Xalqa arxalanan, xalqdan güc alaraq ölkənin gələcəyi naminə  yeni-yeni hədəflərə doğru inamla addımlayan Liderə milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyevin  Laçın şəhərinə qayıdan əhali ilə görüşündə  söylədiyi fikirlər də bu sevginin aydın mənzərəsini yaradır. “Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Mən adətən öz ad günlərimi, o cümlədən yubiley sayılan ad günlərimi qeyd etmirəm, 60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, o tarixdən cəmi 11 il keçib. Sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Hamımız bu gün xoşbəxtlik, böyük nikbinlik, qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi  əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq. Gənc nəsil, uşaqlar bu Zəfərin  qüruru ilə yaşayacaqlar.
Artıq iki ildən çoxdur ki, azad Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Dövlət başçısı İlham Əliyevin  mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqət yetirmək kifayətdir.  Onu da qeyd edək ki, ötən ilin 26 avqust tarixində Müzəffər Ali Baş Komandan belə bir müjdəni xalqa çatdırdı ki, biz Laçın şəhərinə qayıtdıq. Sentyabr ayında dövlət başçısı Laçın rayonuna səfəri zamanı şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı, bərpa-quruculuq işlərinə başlanıldı. Qısa zamanda, 8 ay müddətində görülənişlər laçınlıların ilkin məhələdə Laçın şəhərinə qayıdışını təmin etdi. Ölkə Prezidenti məhz bu işlərin miqyasının genişliyinə söykənərək bildirir ki,  bugünkü Laçın şəhərinin siması,  halbuki birinci mərhələdir,  qurub-yaradan xalq olduğumuzu göstərir. Bu torpaq bizimdir.
Göründüyü kimi, bütün planlar ardığıllıqla həyata keçirilir. Dövlət başçısı İlham Əliyev “Biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm” söyləyərək qarşıdakı dövrün hədəflərini açıqlayır.
Tariximizin son 273 illik dövrünün ən böyük qələbəsinin – Vətən müharibəsinin başa çatmasının üçüncü ildönümü – Zəfər bayramı və Bayraq Günü ərəfəsindəyik. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Sovet imperiyasında mərkəzdənqaçma meyllərinin güçlənməsi, milli respublikalarda azadlıq hərəkatlarının başlanması xalqımızın da müstəqillik arzularının gerçəkləşməsi üçün tarixi imkanlar yaratdı. Məhz bu imkanları milli dövlətçilik ənənələrini bərpa etmək üçün tarixi fürsət bilən xalqımız Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Lakin, tarixi şərait, dövrün dövlətimiz və xalqımız üçün uyğun olmayan şərtləri, hərəkata rəhbərlik edənlərin səriştəsizliyi və bacarıqsızlığı fonunda erməni daşnakları və terroristlərinin havadarlarının dəstəyi ilə həyata keçirdikləri işğalçılıq siyasəti yenicə azadlıq əldə edən Azərbaycanın müstəqilliyini sual altında qoydu. 1993-cü ilin həmin ağır günlərində ümummili lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı, onun böyük dövlətçilik təcrübəsi, “bundan sonrakı həyatımı xalqımın xoşbəxt gələcəyi uğrunda qurban verməyə hazıram” amalı uğrunda mübarizəsi qısa müddət ərzində dövlətimizin üzərindən qara buludların çəkilməsinə, Azərbaycanın inamlı və davamlı inkişaf mərhələsinə qədəm qoymasına səbəb oldu. Təəssüf ki, Ulu Öndər hakimiyyətə qayıdanda tarix Azərbaycanı bir çox istiqamətlərdə ağır itkilərlə, xüsusilə, 20 faizdən artıq torpağımızın işğalı və bir milyondan artıq insanımızın qaçqın və məcburi köçkünə çevrilməsi faktı ilə qarşı-qarşıya qoymuşdu.

30 il bundan öncə Ermənistan havadarlarının hesabına Azərbaycan torpaqlarını, Qarabağı işğal edəndə, yüzlərlə insanımız qətl ediləndə, körpələr, hamilə qadınlar süngüyə keçiriləndə, Xocalı soyqırımı kimi XX əsrin ən böyük insanlıq faciəsi törədiləndə, yüz minlərlə insanımızın elementar hüquqları ayaqlar altına atılanda, qaçqın, məcburi köçkünlərə çevriləndə dünya bu hadisəyə susdu, erməni vandallarının cinayətlərini görməzdən gəldi. 30 il ərzində Azərbaycan xalqı və dövlətinin beynəlxalq hüquqla təsbit olunmuş hüquqları təmin edilməyəndə, işğal faktı aradan qaldırılmayanda, beynəlxalq təşkilatlar və dünya gücləri qarşısında qaldırdığımız haqlı tələblərimiz "məğlub tərəfsiniz, status-kvonu qəbul etməli və mövcud reallıqlarla barışmalısınız" tərzində cavablandırılında həmin qüvvələr də daxil heç kim inanmaq istəmirdi ki, xalqımız və liderimiz "reallıq" deyib bizə qəbul etdirmək istədikləri vəziyyətlə barışmayacaqlar. Və bir gün səbrin, dözümün sonu gələcək, Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu "ədalətli dünyanın" on illər ərzində ona qəbul etdirmək istədiyi status-kvonu aradan qaldıracaq, qısa müddət ərzində yeni reallıqlar yaradacaq: torpaqlarımızın azad edildiyi, Azərbaycanın qalib olduğu reallıqlar!
44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, Ermənistanın havadarlarının dəstəyinə əsaslanan işğalçılıq siyasətinə son qoydu. Amma, Azərbaycan qalib və haqlı tərəf olmasına baxmayaq “yıxdığını kəsmədi”, xalqımızın, dövlətimizin və liderimizin mahiyyətindən irəli gələn humanizm nümayiş etdirdi: Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına aid edilən ərazilərdən separatçıların və Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin çıxarılması üçün zaman tanıdı. Təəssüf ki, dövlətimizin bu humanist yanaşmasını yenə də Ermənistan, separatçı qüvvələr və onların havadarları Azərbaycanın zəifliyi, yaxud ermənilərin beynəlxalq səviyyədə dəstəkçilərindən ehtiyatlanması kimi başa düşüb, 10 noyabr bəyanatı ilə üzərlərinə götürdükləri öhdəliyə əməl etmədilər. Əksinə, sülh imitasiyası yaratmaqla danışıqları uzatmağa, vaxt qazanmağa və bununla da separatizmin qalıqlarının Azərbaycan ərazilərində mövcudluğunu qorumağa çalışdılar.
Amma, unutdular ki, müzəffər Ali Baş Komandanımızın xalq-hakimiyyət birliyi üzərində bərqərar olan qətiyyətli iradəsi dövlətimizin ərazi bütövlüyü və suverenliyi yolunda dönməzdir və sarsılmazdır, beynəlxalq hüquq və Konstitusiyamızla təsbit olunan haqlarımızın təmin olunması yolunda heç bir güzəşt müzakirə mövzusu belə ola bilməz.
Çox keçmədən – 19 sentyabr 2023-cü il tarixində Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin, oyuncaq seperatçı rejimin və havadarlarının “unutduqlarını” Azərbaycan bir daha xatırlatmalı oldu, düşməni başa düşdüyü dildə başa saldı: 23 saat dava edən anti-terror tədbirləri ilə sərhədlərimiz daxilində separatizmin kökünü birdəfəlik və əbədi olaraq kəsdi.
Bəli, bu gün biz qürurla Azərbaycanın qalibiyyətini, ərazi bütövlüyü və dövlət suverenliyini təsdiq edən, şərəf, qürur ünvanımız Şuşanın azadlığını simvolizə edən Zəfər Gününü qeyd edirik. Həm də hər bir azərbaycanlını qürurlandıran bu şərəfli hadisə Xankəndidə - Xanın kəndində reallaşır.
Bu şərəfi, bu sonsuz qüruru bizlərə torpaqlarımız işğal ediləndən sonra dünyaya gələn, Qarabağı danışıqlardan, yazılardan, kitablardan tanıyan gənclərimiz, Prezident İlham Əliyevin hakimiyyəti dövründə vətənpərvərlik ideologiyasının təsirində böyüyən gəncliyimiz, gələcəyimiz yaşatdı! O gənclik ki, dünya durduqca var olacaq Azərbaycanımızın gələcəyi onlara əmanətdir.
Bizlər həm də Şuşa zirvəsinə yüksələn, şərəflə və əbədi olaraq o zirvədə dalğalanacaq bayrağımızın ilk dəfə yüksəldilməsi – Bayraq günü ərəfəsindəyik. Azərbaycanın müqəddəs üçrəngli bayrağı ilk dəfə məhz 9 noyabr 1918-ci ildə qaldırılıb. Lakin, 28 aprel 1920-ci ildə bolşevik-daşnak işğalı ilə milli hökumətimiz devrilib, bayrağımız endirilib, Azərbaycanın istiqlalı süquta uğradıldı. Tam 70 il sonra, 1990-cı ilin 19 noyabr tarixində üçrəngli bayrağımız dahi dövlət adamı, böyük azərbaycanlı Heydər Əliyevin iradəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə ikinci dəfə qaldırıldı və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi.
Bu gün qürur və şərəflə Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi və sərhəd toxunulmazlığından danışırıq, müqəddəs üçrəngli bayraşığımız şərəf və qürur ünvanımız Şuşa zirvələrində dalğalanır.
Torpaqlarımızı canları, qanları bahasına azad edən şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!
Bizlərə belə qürurlu, şərəfli günlər yaşadan hər bir qazimizə, əsgərimizə, zabitimizə bir ömür borcluyuq!
273 illik tariximizin ən böyük sərkərdəsi, bizi qələbədən qələbəyə aparan Ali Baş Komandan, Azərbaycan var olduqca əbədi yaşayacaq müzəffər Sərkərdə, var olun!
Bayrağımızı zirvələrə yüksəldən Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!

08.11.2025




[email protected]