Dünya şöhrətli şairimizi hörmətlə anırıq

 

Dünya şöhrətli şairimizi hörmətlə anırıq 

Mansurova Yasəmən Salman qızı

Bakı şəhəri, 115 saylı tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi


Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur "Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.

Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.

Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.

1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edilən "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.

Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan verməmişdir.

Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, hazırkı mərhələdə respublikamızda gənc nəslə mənsub nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir.

 
Ümummilli Liderimiz Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən Nizami yaradıcılığına böyük diqqətlə yanaşıb, dahi şairimizin yaradıcılığının dərindən öyrənilməsi, təbliği, onun yubileylərinin qeyd olunması istiqamətində vacib addımlar atıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdı. Böyük mütəfəkkirin 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdi.
Eyni zamanda, müstəqillik illərimizdə də dahi şairin yaradıcılığına xüsusi diqqətlə yanaşılıb və 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.
Hesab edirəm ki, dövlətimizin başçısının bu Sərəncamı Nizami Gəncəvinin həyat və yaradıcılığını bütün istiqamətlər üzrə yeni düşüncə əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir. Nizami yaradıcılığı Türk dünyasında da geniş təbliğ olunmalıdır. Nizaminin bəzi ideyaları var ki, ondan bir-iki əsr əvvəl yaşamış türk filosoflarına istinad edir. Bu baxımdan, Nizami Gəncəvinin yaradıcılığı azərbaycanlı, yəni türkmənşəli şair kimi Türk dünyası tərəfindən də dərindən öyrənilməlidir. Onu da qeyd edim ki, bu istiqamətlərdə işlər gedir. Bilirsiniz ki, "Nizami Gəncəvi” Beynəlxalq Mərkəzi var və bu mərkəzdə dünyanın nüfuzlu şəxsləri təmsil olunur. Eləcə də Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzə akademik Nərgiz Paşayeva rəhbərlik edir. Mərkəzin böyük uğurları var. Burada yalnız Nizami yaradıcılığı öyrənilmir, eyni zamanda, Azərbaycanın, həm də Qafqazın mədəniyyəti öyrənilir. Düşünürəm ki, 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli” elan olunması dahi Nizami Gəncəvinin irsinin daha dərindən öyrənilməsi və dünyada təbliğ olunması baxımından mühüm addım olacaq.





[email protected]