Həcər Nəsirova
İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları
general-mayoru Həzi Aslanovun ev muzeyinin
baş fond mühafizi (fond müdiri), "Müstəqil Azərbaycan-100”,
"Zirvədəki Azərbaycanlılar”, "Fəxri Fərman”,
"Azərbaycan Qadını” media mükafatları laureatı
XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsindən 29 il ötür. İllər keçdikcə faciənin başvermə səbəbləri, əsl mahiyyəti daha aydın şəkildə üzə çıxır, dünya ictimaiyyətinə bu dəhşətli qətliamın düzgün dəyərləndirilməsinə bir çağırış edilir. Uca səslə bütün sivil dünyaya bəyan edilir ki, erməni şovinist dairələrinin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı öz dədə-baba torpaqlarımızda həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı ilə bağlı həqiqətlər susqunluqla qarşılanmamalı, insanlıq əleyhinə yönəldilmiş bu ağır hərbi cinayət beynəlxalq səviyyədə öz hüquqi-siyasi qiymətini almalıdır. Erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olan bu qətliam bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımlarla eyni sırada dayanır. Bir gecədə ermənilərin və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı diviziyasının başıpozuq hərbçilərinin iştirakı ilə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi ucdantutma qətlə yetirilən Xocalı faciəsi əsl soyqırımı aktıdır. Hadisələrin mahiyyətində ötən əsrin 80-90-cı illərində keçmiş ittifaqa rəhbərlik edən ermənipərəst Mixail Qorbaçovun Sovet İttifaqında yenidənqurma və aşkarlıq adı altında həyata keçirdiyi siyasətin daşnakların növbəti deportasiya və soyqırımlarını gerçəkləşdirməsinə yaratdığı imkanlar dayanır. SSRİ-ni dağıtmaq üçün zəif halqa kimi seçilən millətlərarası qarşıdurma yaratmaq planı ermənilərin istəyi və bədnam Qorbaçov kimilərinin havadarlığı ilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağda gerçəkləşdirildi. Faciənin qarşısının alınması üçün həmin dövrdə ölkəmizə başçılıq edən şəriştəsiz və antimilli "rəhbərlər" də zəruri tədbirləri görmədilər, hətta faciə haqqında real məlumatlar ictimaiyyətdən gizlədildi.
Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar maraqlarından irəli gələn erməni sevgisini bir kənara qoyub hadisələrə düzgün yanaşsalar, tarixi faktlara müraciət etməyə, araşdırmalar aparmağa maraq göstərsələr Azərbaycan xalqının son 200 ildə erməni daşnak-şovinistləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldıqlarını görməklə yanaşı, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət vermək haqqında düşünərlər. Amma özünü sivil adlandıran dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə əsas verir. Ermənilərin illərdir "böyük Ermənistan" sevdasından qaynaqlanan ssenarilərinə uyğun olaraq 1988-ci ildə yenidən baş qaldıran torpaq iddiası nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmışdır. Dünyanın bir sıra dövlətləri 30 ilə yaxın müddətdə işğalçı dövlətə dəstəkləri ilə ona vaxt qazanmağa yardımçı oldular. Lakin onlar danışıqların imitasiya naminə aparıldığını pərdələməyə çalışsalar da həqiqəti gizlətməyin mümkünsüzlüyünü 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində gördülər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazaraq regionu, ümumilikdə dünyanı erməni faşizmindən xilas etdi. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər yeni reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Məhz bu qətiyyət, yenilməz siyasi iradə sayəsində bu gün artıq diktə edən tərəf Azərbaycandır.
[email protected]