Mahmud Hacıyev: "Əvvəl ailədə mübahisədə insanlar dillərinə güc verirdi, indi balta-bıçağa”
Son zamanlar ölkədə ailə münaqişəsi zəminində baş verən qətllərin sayı artıb. Cinayət hadisələrinin monitorinqini aparan qurumların açıqlamalarına görə, xüsusilə də son iki ildə ailədaxili münaqişələr daha da genişlənib. Münaqişələr təkcə ər və arvad arasında deyil, mətbuatda övladın valideynlərini, qadının yoldaşını öldürməsi xəbərlərinə də tez-tez rast gəlirik.
Sabiq polis rəisi Mahmud Hacıyev "Yeni Müsavat”a bildirib ki, bu tendensiya təxminən 5-10 ildir başlayıb:
"Hadisələr hər zaman yavaş-yavaş başlayır və sonradan sürətli şəkildə yayılır. Ona görə də baş verənləri son illərin hadisəsi kimi xarakterizə etmək olmaz. Yeni başlananda psixoloqlar, kriminalistlər bu kimi hadisələrə əhəmiyyət vermədilər, nəticə də göz qabağındadır. İlk olaraq səbəb odur ki, vətəndaşlar arasında psixoloji durum gərgindir. Bir qayda olaraq bu cür qətllər də məhz psixoloji durumun gərginliyindən ortaya çıxır. 1990-cı ilin əvvəllərində torpaqlarımız işğal olundu və xeyli sayda vətəndaş öz torpaqlarından didərgin düşdü. Onların da böyük bir qismi Bakıya toplaşdı. Dünyanın ən aparıcı məhkəmə psixiatriyası və kriminologiya ilə məşğul olan nəzəri və elmi işçiləri sübut ediblər ki, insan on ildən artıq müddətdə qaçqın və köçkün həyatı sürürsə, o insanların psixoloji durumu gərginləşir və cinayətə meylli olurlar. Bu bir amildir.

İkinci amil isə yaranmış sosial-iqtisadi problemlərdir ki, nəticədə son illər xeyli sayda insan öz işini itirdi, bank sektoru bərbad vəziyyətə düşdü. 1 milyondan çox insanın hazırda banklara borcu var. Bu hadisələr nəticəsində isə fahişəliyə, narkomaniyaya, ümumən cinayətə meyl gücləndi. İndi də ailədə adi sözlər belə əsəb gərginliyinə gətirib çıxarır. Əvvəllər mübahisə edəndə insanlar dilinə güc verirdilərsə, indi balta-bıçağa əl atırlar. Hər dəfə baxırsan ki, hökumətin və təşkilatı və ya qeyri-hökumət təşkilatı bəyanat yayır ki, boşanmaların, qətllərin sayı artıb. QHT-lər qrant alırlar, ancaq heç bir iş görmürlər".
Psixoloq Elnur Rüstəmov da "Yeni Müsavat”a açıqlamasında bildirib ki, yay fəsli ailələrin münasibətlərinin formalaşması və inkişafı üçün böyük imkanlar açır: "Bu imkanları dəyərləndirmək lazımdır. Dəyərləndirilmədiyi təqdirdə isə bu, ailəyə hansısa formada təsir edə bilər. Ən azından tərəflərin bir-birilərindən gözləntiləri var. Bu gözləntilərin həyata keçməməsi də müəyyən qədər problemlərə yol aça bilir. Görürük ki, ailədaxili münasibətlərin sağlam bir formada davam etməsinə təsir göstərən faktorlar da var. Bura interneti, mobil telefonları, sosial şəbəkələri də daxil edə bilərik ki, bunların da nəticəsində ailələr arasında real ünsiyyət azalır. Real ünsiyyət az olduğu təqdirdə tərəflər bir-biriləri haqqında mülahizələrdən çıxış edib, fikir yürüdürlər. Nəticədə isə konfliktlər yaranır, boşanmalar gerçəkləşir. İstirahətin təşkili üçün geniş imkanlar var. İnsanlar bir parkda oturmaqla da istirahət edə bilərlər. Bu olmadığı təqdirdə isə münasibətlər soyuyur və gərginləşir”.

Psixoloq son zamanlar genişlənən boşanma halları barəsində də danışıb: "Ailəyə hazırlıq dönəmi olmalıdır. Əlbəttə ki, sevgili və nişanlı olanda münasibət başqa cür, ailə qurduqdan sonra isə daha fərqli olur. Biz görürük ki, gənc ailələr ailə qurma prosesinə psixoloji olaraq hazır deyillər. Dünən subay idisə, gecə saat 12-də evə gedə bilirdi. Ancaq evli olduqdan sonra isə bunlara nəzarət etmək lazımdır. Ola bilər ki, bu, ayda bir dəfə olsun, ancaq davamlı olarsa, münasibətin sağlamlığından söhbət gedə bilməz. Bu gün gənclərimiz ailə quran zaman nə azadlıqlarını qurban vermək, nə də ailə məsuliyyətini götürmək istəyirlər. Əlbəttə, belə olduğu təqdirdə tərəflər arasında münasibətlər pozulur və boşanmaya gətirib çıxarır. Çünki statistikaya baxsaq, bu gün ailə quran cütlüklərin böyük bir qismi işləyən cütlüklərdir. Eyni zamanda hazırda daha çox çalışan xanımlarımız var.
Bəzən məsələn, oğlan bunu həzm edə bilmir. Ona görə də tərcih edirik ki, münasibət sağlam, tərəflərin bir-birindən gözləntisi isə bəlli olmalıdır. Ailə qurduğu təqdirdə ailə məsuliyyətini götürməyi bacarmalıdırlar. Ailəyə böyüklərin, məsələn, qayınananın qarışması isə əslində, sadəcə, bir bəhanədir. Qayınana qarşısırsa, deməli, artıq ailədə boşluq var. Belə halda da müdaxilənin özü doğru deyil. Nəzərə almaq lazımdır ki, ailədə uşaq sayı da azdır və bunun özü də haradasa münaqişəyə səbəb olur. Əlbəttə ki, bir oğuldan gözləntilər çoxdur. Qayınana istəyəcək ki, gəlin həm onun övladı olsun, həm də köməkçisi. Bunları görmədikdə isə düşünür ki, boşadım, yenisini alım".