Bakı-Tiflis-Qarsa maneə yaradan iki dövlət; Elçin Mirzəbəyli: "Rusiya nə qədər çalışsa da, layihəni sıradan çıxara bilməz”
"Bu layihədə əsas vəsaiti Azərbaycan qoyub. Gürcüstanın vəsait qoymağa imkanı olmayanda Azərbaycanın dövlət başçısı ora vəsait ayırdı, 775 milyon vəsait qoyuldu. Burada faktiki olaraq icraçı bizik və söz sahibi də əlbəttə, biz olmalıyıq”. Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu fikirləri Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsinin gecikməsi ilə bağlı "Yeni Müsavat”a danışarkən bildirdi.
Gürcüstanın vaxtaşırı tariflərə yenidən baxılması ilə əlaqədar iddialar irəli sürməsinə münasibət bildirən iqtisadçı qeyd etdi ki, Tiflis vəziyyətdən sui-istifadəyə yol verərək müəyyən cığallıqlar edir: "Gürcüstan mütəmadi olaraq belə üsullara əl atır. Amma bu, bir siyasi, eləcə də böyük iqtisadi layihədir, yəqin ki, problemlər həllini tapacaq, tariflər məsələsində də razılığa gəlinəcək”. V.Əhmədov Türkiyə tərəfdən layihəyə qarşı heç bir ciddi problem yaradılmadığını qeyd etdi. Deputat şübhə etmir ki, bu, namərd hərəkətdir: "Gürcüstan Azərbaycanın hesabına dolanır, yoxsa bu ölkənin nəyi var ki? Elə Gürcüstandan keçən boru kəmərləri bu ölkəyə bəs edir, istər neft, istər qaz kəmərləri olsun, indi də dəmir yolu xətti. Amma Gürcüstan da başa düşməlidir ki, vəsaitləri Azərbaycan xərclədiyi üçün söz sahibi də Azərbaycan olmalıdır. Azərbaycan Gürcüstana verdiyi krediti də yüksək faizlə verməyib”.
V.Əhmədov istənilən halda Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycana çox lazımlı olduğunu vurğuladı: "Azərbaycan son vaxtlar gəmiçilik, dəniz donanması ilə əlaqədədar böyük işlər görür. Bu işləri görməklə Azərbaycan bölgənin nəqliyyat sektorunda əsas rol oynayan dövlətə çevrilir. Ola bilər ki, bu işlər bəzilərinin xoşuna gəlmir. O da mümkündür ki, müəyyən dövlətlər də Gürcüstana təzyiq edir”.
"Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin gecikməsi bəzən iqlim şəraiti, relyef və digər məsələlərlə əsaslandırılsa da, bu mühüm layihənin başa çatdırılmasına mane olan digər səbəblər də var”.

Bu fikirlər isə politoloq Elçin Mirzəbəyliyə aiddir. Ekspert bildirdi ki, BTQ-yə tam avtonom bir layihə kimi yanaşmaq doğru deyil: "Çünki bu halda layihənin gecikməsinin qlobal geosiyasi səbəbləri anlaşılmır. BTQ Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi üçün mühüm nəqliyyat birləşməsidir. Yəni körpü funksiyasını yerinə yetirir. BTQ olmadan TRACECA da demək olar ki, yoxdur. TRASEKA beynəlxalq nəqliyyat dəhlizi Şərqlə Qərb arasında digər iki marşruta, Transokean daşımaları və Transsibir magistralına alternativ olan bir layihədir. Bu isə o deməkdir ki, layihənin tam şəkildə reallaşması Rusiyanın marağına uyğun deyil. Bu layihə Çin və Asiya ölkələrinin mallarının Avropaya daşınması üçün ən qısa yoldur. Layihənin həyata keçirilməsi Rusiyadan asılılığa son qoyur və bu da geosiyasi, həm də geoiqtisadi baxımdan Moskvanın maraqlarına uyğun deyil. Layihədə maraqlı olanlar isə Avropa İttifaqı, Çin və Rusiyanın nəzarətindən çıxmağa çalışan Asiya ölkələridir”.
E.Mirzəbəyli bildirdi ki, BTQ eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin də nəqliyyat birləşməsidir: "Cənub-Qərb Nəqliyyat Dəhlizi Avropa Birliyi ilə Hindistan arasında yüklərin daşınmasına hesablanıb. Dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsi Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaq. Göründüyü kimi bu layihədə də Rusiya kənarda qalıb. Eyni zamanda Hindistanla dünya bazarında rəqabət aparan Çin də Cənub-Qərb Nəqliyyat Dəhlizində maraqlı deyil. Lakin BTQ həm də TRACECA-nın tərkib hissəsi olduğu üçün Çin bu mühüm nəqliyyat birləşməsinə maneə yaratmaq istəməz. Rusiyanın Azərbaycanın iştirakı ilə maraqlı olduğu yeganə layihə Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu layihədə isə BTQ yer almır. Qeyd edim ki, Şimal-Cənub nəqliyyat dəhlizi Cənub-Qərb Nəqliyyat Dəhlizinin alternatividir və Hindistandan yüklərin İran, Azərbaycan və Rusiya ərazisindən keçərək daşınmasını nəzərdə tutur. Bütün bunları nəzərə aldıqda, BTQ-nin reallaşmasına ən çox maneə yaradan ölkənin Rusiya olduğunu deyə bilərik. Lakin Rusiya nə qədər çalışsa da, başa çatmasına qısa müddət qalmış bu layihəni sıradan çıxara bilməz. Sadəcə icra prosesin başa çatmasına maneə yarada bilər”.
Qeyd edək ki, bir neçə gün öncə Bakı-Tiflis-Qars layihəsi üzrə növbəti görüş keçirilib. Tədbirdə "Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov, sədr müavini Zaman Novruzov, Azərbaycan dəmir yolunun aidiyyəti qurumlarının mütəxəssisləri, eləcə də, "Gürcüstan Dəmir Yolları” ASC-nin rəhbər şəxsləri iştirak ediblər. Görüşdə əsasən BTQ dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsində görülən işlər, əldə olunmuş nəticələr, eləcə də, digər texniki məsələlər müzakirə olunub. Layihə ilə bağlı bir sıra detallar da diqqət mərkəzində olub. Görüş iştirakçıları BTQ dəmir yolunda yeni yaradılmış infrastruktur obyektlərinin tikintisinin aparıldığı ərazilərə səfər edəcək və xəttin istismara tam hazırlığını yoxlayacaqlar. Son anda məlum olub ki, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi Türkiyə tərəfinin dəfələrlə verdiyi vədlərə baxmayaraq iyul ayında da baş tutmayacaq. Türk mənbələri bildirir ki, Türkiyədən bu layihəni əngəlləmək üçün mümkün olanı etməyi xahiş edən "çox nüfuzlu adamlar” var.