Toğrul İsmayıl: “Qurudu Qazaxdan gətirə bilmədim, amma Qazaxıstandan gətirdim”

İctimaifikir.az  musavat.com-a istinadən təqdim edir:

 

Toğrul İsmayıl: "Hələ ki Türkiyə vətəndaşlığını qəbul etmək niyyətim yoxdur”


Türkiyəyə hər dəfə getdiyim zaman illərdir qardaş ölkədə yaşayan və işləyən professor Toğrul İsmayılla görüşməyi planlaşdırsam da, bu, qrafikin sıxlığı səbəbindən mümkün olmurdu. Sonuncu səfər zamanı da az qala görüş baş tutmayacaqdı, amma gecədən xeyli keçmiş də olsa, dəyərli alimimizlə görüşüb hal-əhval tuta, həmçinin fürsətdən istifadə edib "Yeni Müsavat” üçün müsahibə ala bildim.


Ankaradakı oteldən başlayan söhbətimiz Toğrul bəyin yaşadığı Baxçalı evlərə qədər davam etdi. Gecə yarıdan keçsə də, başkənddə həyat qaynayır - baxmayaraq ki, fövqəladə vəziyyət rejimidir... Azərbaycan caddəsi-küçəsində ayaq saxlayıb fotolar çəkdirəndən sonra qəzet üçün söhbətimizi elə bu məqamdan başlayırıq:

- Toğrul bəy, Azərbaycandan gəlib Ankarada da Azərbaycan prospektində yerləşən mənzili seçmisiniz. Təsadüfən belə alınıb, ya özünüz seçim eləmisiniz?


- Qismət deyək. Çünki Türkiyəyə ilk gəldiyimiz dönəmdə mən İstanbulda oxuyurdum, qardaşım Ankarada təhsil alırdı. Elə bu səmtdə-Bağçalı evlər tərəfdə oxuyub. Azərbaycan və bütün türk cümhuriyyətləri müstəqillik qazandıqdan sonra bir çox küçə və caddə adları türk cümhiriyyətlərinin adları ilə dəyişdirildi. Burada da üçüncü caddə Azərbaycan caddəsidir. Mən də təkrar Ankaraya köçdüyüm zaman qismət oldu, Azərbaycan cəddəsi-99 ünvanına yerləşdim, indi də burada yaşayırıq. Birinci caddə (küçə) Daşkənd caddəsidir, dördüncü caddə Qazaxıstandır, yeddinci caddə Aşqabaddır, səkkizinci caddə də Bişkek caddəsidir. Bütün türk cümhuriyyətləri hamısı buradadır. Burada azərbaycanlılar da çoxdur. Tələbələrimiz, məzunlarımız yaşayırlar. Burada ətrafda universitetlərdir. Tələbələr də bu tərəfləri çox sevirlər. Axşam rəngarəngliyini də görürsünüz. Yeddinci caddə ən məşhur caddədir, xüsusən də Ramazanda öz canlılığını sahura qədər davam etdirir. İndi hələ hava çox isti deyil. İsti olanda burada canlı musiqi, əyləncələr də olur.


- Amma rəsmən Türkiyə, paytaxt Ankara fövqəladə vəziyyət rejimini yaşayır. Hətta Avropa bu rejimin mövcudluğuna görə Türkiyəyə basqılar da edir. Amma burdakı mənzərə fövqəladə vəziyyət rejimindən xəbər vermir...


- Bəli. Hələ FETÖ ilə mücadilə davam edir, ona görə fövqəladə vəziyyəti uzadırlar. Amma bu fövqəladə vəziyyət sadə vətəndaşlardan daha çox dövlət məmurları və hökumət üçün lazımdır. Bu rejim hökumətə zəruri hallarda Məclisin müzakirəsinə təqdim etmədən qərarnamələr qəbul etməyə imkan verir. Bu da hökumətin operativ fəaliyyətini şərtləndirir. Ana müxalifət – CHP bunu çox da dəstəkləmir. Əslində normal yaşam üçün hər hansı fərq yoxdur. Özünüz də hiss edirsiniz. İlk 3 ayda çox sərt idi, amma getdikcə rejim yumşaldı. Sıradan vətəndaş, yaxud turist buraya gəldiyi zaman xəbərlərdə dinləməsə, fövqəladə vəziyyətin olduğunu bilməz. Onu da deyim ki, Avropa bizi tənqid edir, amma Fransanın özündə ciddi şəkildə fövqəladə vəziyyət var.


- İşləriniz necədir?

WhatsApp Image 2017-07-03 at 10.29.15.jpeg (147 KB)


- İşlərimiz öz axarı ilə davam edir. Bizim universitet Türkiyə Odaları və Borsalar Birliyi, yəni TOB İqtisadiyyat və Texnologiyalar Universitetidir. Özəl universitetdir. Türkiyənin yeni qurulmuş, gənc universitetlərdəndir, amma reytinqi çox yüksəkdir, ölkənin ən prestejli universitetlərindən biridir. Bizim universitetin fərqi odur ki, amerikan sisteminə bənzər bir sistemdir. Üç semestrdir, dərs və istehsalat iç-içədir. Tələbələrimiz iki semestr oxuyur, üçüncü semestrdə istehsalatda həm çalışır, həm dərs alırlar, təcrübə qazanırlar. Bizim də universitetimizdə hörmətimiz var, çalışmağa davam edirik.


- Bildiyimizə görə başqa ünvanlardan da təkliflər almısınız…

 

"Qazaxıstanda ən şərəfli qonağa at ətindən beşbarmaq verilir”

 


- Bəli, təkliflər var. Bizim universitet rahat olduğu üçün işləmək rahatdır, sərbəstliyimiz çoxdur. Amma aldığımız təklifləri də dəyərləndiririk. Elm adamının əsas məqsədi gənc nəsli yetişdirməkdir, öz sahəsində nəsə etməkdir. Bu mənada TOB Universiteti üçün məncə, əlimdən gələni etdim. Siyasət bilimi və beynəlxalq münasibətlər şöbəmizi ilk gəldiyim zaman tam sıfırdan qurduq. Üç nəfərlə başladıq. İndi Türkiyənin ən hörmətli və ən öndə gələn şöbələrindən bridir, yaxşı tələbələr yetişdiririk. Burada Avrasiya və Rusiya sahəsini mən icra edirəm. Bəlkə artıq başqa yerlərdə də özünü sınamağın vaxtı gəldi. Xüsusilə istəklərimdən biri də budur ki, növbəti universitetdə təkrar hansısa sahənin sıfırdan yaradılması işinə başlayım. Xüsusilə də Anadolunun böyük şəhərlərindən birində bu streotipi qırmaq istəyirəm, idealism budur. Bəlkə də xəyal kimi görsənir. Amma Türkiyənin bu gün bunun üçün maddi gücü də, universitet təməli də var. Sadəcə, onu təcrübə və biliklə gücləndirmək lazımdır. Məncə, Türkiyə şərtlərində bu, mümkündür. Yəni Türkiyə universitetlərindəki maddi güc, dövlətin dəstəyi qısa bir zamanda bir universitetin hər hansı bölümünü işlək hala gətirməyə imkan verir.


- Bir sıra situasiyalarda ortaya qoyduğunuz mövqe ilə həm Türkiyəni müdafiə etmisiniz, həm də Azərbaycanın adını ucalda bilmisiniz. Buna görə əks dairələrdən təzyiqlər də olmamış deyil.


- Əlbəttə. Amma biz işimizi görürük. Elə mütəxəssisin də işi odur ki, ən kritik zamanda mütəxəssis olduğunu göstərir. Bizə görə də kritik bir zamanda gerçəkdən Türkiyəni Rusiyanı bilən, Türkiyənin haqlı səsini Rusiya efirindən və yaxud Avrasiya məkanı efirindən səsləndirə bilən, hətta lazım gələndə Türkiyənin özünün belə yanlışlarını göstərə bilən bir mütəxəssis kimi davrandım. Mənə elə gəlir bunu Azərbaycanda da, Türkiyədə də dəyərləndirdilər. Biz ən kritik anda getdik, işimizi gördük. Lazım gəlsə, yenə gedərik. Hərə öz gücü, öz işi ilə millətinə, dövlətinə xidmət edirsə, məncə, biz millət olaraq uğurlar qazanırıq. Əlbəttə, azərbaycanlı olmağımla qüruru duyuram, Azərbaycan türküyəm. Amma Türkiyədə yaşayıram, türk olmağın da qürurunu yaşayıram. Burada hər hansı bir sıxıntı, fərqli münasibət görmədim. Gerçək mənada bir millət olduğumuzun göstəricisidir. Hörmətlə yanaşırlar. Onu da deyim ki, təkcə mən deyiləm, Türkiyədə çox ciddi şəkildə Azərbaycanın intellektual potensialı toplaşıb. Bir çox qabaqcıl universitetlərdə şöbə başqanları, rektorları, rektor köməkçiləri, qurucular Azərbaycan türkləridir. Mənim anam (Xanım Xəlilova-E.P.) Ankara Dövlət Universitetində yeni bilim sahəsini açdı, biogeokimya şöbəsini. Türkiyədə ilk olaraq bu sahəni anam qurdu. Eyni zamanda Azərbaycanın gözəl sənətçiləri Bilkənd Universistetinin konservatoriyasını qurdular, musiqi sahəsini inkişaf etdirdilər. Həmçinin burada ünlü fiziklərimiz var. Məsələn, professor Saleh Sultansoy özünün dünyada rezonans doğuran araşdırmaları ilə Türkiyənin adını İsveçrədəki araşdırmalar mərkəzinə daxil etmiş birisidir. Açığı, Türkiyə Azərbaycandan olan alimlərə imkan yaradır ki, onlar öz potensialını burada göstərsinlər. Təbii ki, ictimai elmlərdə mütəxəssis azdır. Əlbəttə, hər dövlətin özünün marağı-çıxarı var. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, azərbaycanlı olaraq ilk dəfə ictimai sahədə önə çıxmış isimlərdən, öz dəst-xəttini, öz sahəsini göstərən, özünü təsdiq edən şəxslərdən biriyəm. Yəni hanısa bir vəzifədə olmayan, amma buna baxmayaraq, öz sahəsinin ciddi mütəxəssisi olduğunu göstərən şəxsəm.


- Bir neçə ölkədən dəvət almısınız. Bu sırada Azərbaycan da varmı?


- Bəli, çox ölkədən dəvət almışam. Azərbaycan bu qədər ciddi mütəxəssis verirsə, hər halda ehtiyacı yoxdur ki, bizi dəvət etmir. Məni Rusiya, Qazaxıstan, Ukrayna, Moldovada ən yüksək səviyyədə konfranslara dəvət edirlər. Nursultan Nazarbayevlə, onun partiyası ilə görüşlərim olub. Qazaxıstan Dövlət Televiziyasına çıxmaq o qədər sadə məsələ deyil, mənə isə efir vaxtı ayrılıb. Eyni zamanda Rusiyanın dövlət kanalları bu günə qədər dəvət edirlər. Mən isə efirə çıxmaq istəmirəm. Həmçinin ordakı yüksək səviyyəli konfranslara dəvət olunuram. Amma Azərbaycandan hələ bir dənə konfransa dəvət almamışam.


- Gələcəkdə Türkiyə vətəndaşlığını da qəbul etmək niyyətiniz yoxdur ki?

WhatsApp Image 2017-07-03 at 10.29.16.jpeg (148 KB)


- Hələ ki, belə bir niyyətim yoxdur. Mənə görə, Azərbaycan parlamentinin ikili vətəndaşlığı əngəlləyəcək qərar qəbul etməsi yanlışdır. Çünki bizim Türkiyədə də, digər ölkələrdə də çox tanınmış mütəxəssislərimiz var, Azərbaycan bir yandan "mənim diasporum” deyir, digər tərəfdən öz diasporunu əngəlləməyə çalışır. Mən isə Azərbaycan vətəndaşıyam və belə davam edirəm. Düzdür, Türkiyə vətəndaşı kimi daha çox fəaliyyət göstərə bilərdim. Baxaq, xeyirlisi...


- Atanız Rafiq bəy İsmayıl Azərbaycanda çalışır, ananız Xanım müəllimə Türkiyədə işləyir. Hər halda bunun da öz çətinlikləri var...


- (Gülür) Yox, artıq biz alışdıq. Mən həmişə valideynlərimdən kənarda olmuşam. 17 yaşımdan Moskvada oxumuşam. 90-cı illərdən etibarən İstanbulda, qardaşım İsmayıl Ankarada oxuyub. Vəziyyət elə gətirib ki, o vaxtdan dağılışmışıq. Mən özüm buraya gəldim. Daha sonra diplomların tanınması razılaşması ilə Xalq Cəbhəsi 50 nəfər göndərdi. Azərbaycanın ilk doktorantı olaraq mən gəlmişəm. İndi qardaşım biznes fəaliyyətilə məşğuldur. Rafiq bəyi isə bura gətirə bilmirik (gülür). İnadla Bakı Dövlət Universitetində çalışmaqda davam edir. Bu yerdə sevindirici bir məlumatı deyim. Bilmirəm, 78-79 yaşlarında kim professor olub, bunu da araşdırmaq lazımdır. Hər halda bəlkə sizin qəzetin təşəbbüsü ilə Rafiq müəllimi "Ginnesin rekordlar kitabı”na salmaq olar ki, bütün çətinliklərə baxmayaraq, həm doktorluq dissertasiyasını müdafiə etdi, həm də professor adını aldı bu yaşında (gülür). Açığı, bu yaşında bizdən daha çox kitab yazır. Mən hələ o qədər yaza bilməmişəm. Mən atamı öz sahəsində, şərqşünas, tarixçi kimi Azərbaycanda, hətta lazım gəlsə, Türkiyədə ən ciddi mütəxəssislərdən biri sayıram. Amma taleyin cilvəsi deyək də. Biriləri akademik olur, yubileyini qeyd edirlər, amma vətənini, millətini sevən insanlar çox zaman unudulur, kənarda qalır.


- Nəvəsi də sizin yolunuzu davam etdirmək istəyir?


- Oğlum Gurşad fəlsəfə, siyasət bölümünə çox maraq göstərir. 17 yaşı olmasına baxmayaraq, çox ciddi mütaliəyə sahibdir. Mən də onun öz sahəsində uğurlar qazanacağına inanıram. Artıq ali məktəbə imtahan verib, nəticələri gözləyirik. Qızım da çalışqandır. Mənə görə, yaxşı mütəxəsisis olmaqla yanaşı, ən yaxşı bir vətəndaş, yaxşı bir insan olmaq əsasdır.


- Uşaqlar Azərbaycanı unutmur ki?


- Yox, canım, Azərbaycan bizim vətənimizdir. Nəinki Azərbaycanı, atamın məmləkəti Qazağı unutmurlar. Kürdəmirdə bibigilin Şilyan kəndi var, o, unudulmur, əlaqəmiz var. Həyat yoldaşımın məmləkəti Naxçıvan unudulmur.


- Uşaqlar burada qurudlu xəngəl yeyirlər?


- Qurudlu xəngəl? Hə, bir dəfə yeyilib. Bu arada Qazaxıstandan gələndə qurud gətirdim, orda var idi. Burada tapmaq çətindir. Qurudu Qazaxdan gətirə bilmədim, amma Qazaxıstandan gətirdim. Dedim o Qazax olmasın, bu Qazaxıstan olsun (gülüşmə). Qazaxıstanda olanda da dedim ki, siz niyə biz qazaxlılarla maraqlanmırsınız? Dedilər artıq maraqlanmağa başlamışıq, bir zarafatlaşma oldu. Prezident yanında Tarix İnstitutu var, onun direktoru, digər şəxslərlə saat yarımlıq konfransımız oldu. Dedim ən ucqar bölgədə Qazax sultanlığı olub, heç maraqlanmırsınız. Cavab verdilər ki, o, Azərbaycana aiddir. Sual verdim: Tomris anamızdırmı? Dedilər hə. Dədə Qorqud dədəmizmi? Yenə hə dedilər. Bildirdim ki, anamız və dədəmiz eynidir, onda bizimlə niyə maraqlanmırsınız? (Gülüşmə) Dedim qurud da eynidir. Qazaxlar beşbarmaq deyirlər, biz xəngəl, amma mahiyyət eynidir. Sadəcə, Azərbaycanın ucqarına gələndə at çolpa ilə əvəzlənib. Qazaxıstanda ən şərəfli qonağa at ətindən beşbarmaq verilir...


- Maaş, təminat necədir, Toğrul bəy? Bildiyimizə görə, bir sıra əlavə təminatlar da var...


- Burada aydan 10 min alırsansa, onun 3500-ü vergiyə gedir. Bu sıraya tibbi sığorta, pensiya, digər bütün dövlət vergiləri aiddir. Amma belə bir şey var: mən müəllim kimi sığortalıyam, uşaqlar da mənim üzərimdən sığortalıdır. Dövlət xəstəxanalarında bütün xərclər qarşılanır, bəzi istisnalar var. Məsələn, şəkər xəstəsiyə, dərmanlar pulsuzdur, dövlət təmin edir. Maaş çox yüksək deyil, amma yaxşıdır. Bir də yaxşı mütəxəssisləri konfranslara dəvət edirlər. Gənc olanda konfranslara qatılmaq üçün pul verirsənsə, müəyyən yaşdan sonra sənə pul verirlər ki, konfranslara qatılıb məruzələr deyəsən. XİN dəvət edir, para ödəyir, yaxud partiyalar dəvət edir, seminarlar aparırsınızsa, bəlli ödəmələr olur. Yəni burada əməyin qarşılığı təmin edilir.


- Amma Türkiyə özəllikləri ilə seçilir. Vaxtaşırı terror törədilir, amma türk xalqı, türk dövləti sarsılmır və həyat öz axarı ilə davam edir...


-Türkiyə böyük ölkədir. Əgər burada hər hansı hadisə səbəbindən mexanizm dayanarsa, ölkə ciddi problemlərlə qarşı –qarşıya dayanar. Yəni ölkəni təhdiddən qorumanın yolu bu mexanizmlərin işləməsidir. Türkiyədə hər kəs çevrilişlərə qarşıdır, bu, birmənalıdır. Hətta belə deyək, "yaxşı niyyətli” bir çevriliş ölkənin mexanizmlərinin çökməsinə gətirib çıxarır. Amma onun toparlanması çox çətin məsələdir. Ona görə bütün siyasi partiyalar, baxışının və mövqeyinin nə olmasından asılı olmayaraq, hər bir çevrilişlərə qarşıdır, bu, birmənalıdır. Bir məsələni də qeyd edim ki, 15 iyul hadisələri hərbi çevrilişdən daha çox, bir qrup əsgər və mülki vətəndaşların hakimiyyəti zorla ələ keçirməyə cəhdi idi.


Bir məqam da diqqətimi çəkir, küçələr boyu zibilqabları gözə dəymir, vətəndaşlar zibili sellafon torbalara yığıb yolun kənarına qoyurlar. Bir azdan zibil maşınları yaxınlaşıb zibil qablarını yığışdırırlar. Xain terrorçular zibil qablarına bomba qoyular deyə, Türkiyə daha təhlükəsiz qaydalarla həyatına davam edir...


Elşad PAŞASOY,
Ankara-Bakı
FOTO: "YM”




[email protected]