Azərbaycanda da bu ənənə həyata keçə bilərmi; siyasətçilərdən maraqlı rəy və etiraflar
Müqəddəs Ramazan bayramının ən gözəl ayinlərindən biri də bayram namazı qılınma mərasimidir. Qardaş Türkiyədə prezident başda olmaqla, bütün siyasi partiyaların liderləri Ramazan bayramında bayram namazı qıldılar. Bu ənənə illərdir davam etdirilir. Azərbaycanda belə bir ənənənin əsasının qoyulmasına-siyasi liderlərin birlikdə bayram namazı qılmalarına ehtiyac varmı? Partiya sədrləri bayram namazı qılıblarmı?

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, birgə bayram namazı qılmaq da çox arzulardan biridir: "Amma onların hamısının gerçəkləşməsi bizim əlimizdə deyil. Bayram namazlarını, iftar süfrələrini dövlət səviyyəsində hamının bir arada keçirməsi məsələsi bizim də, iqtidarın da fikri ola bilər. Amma reallaşdırmaq bizim əlimizdə deyil. Türkiyə nümunəsi uğurlu təcrübədir. Biz bundan yararlanmalıyıq. Şəxsən özümün bayram namazı qılmama gəldikdə, nə qədər ağlımız kəsirsə, bir o qədər bayram namazları qılmışıq, Allah fürsət verdi bu il də qıldıq. Dualarımızı da etdik”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə siyasətçiləri və dünyəvi dövlətlərin rəhbərlərini, siyasi partiya rəhbərlərini dini ritualların birləşdirməsini yox, demokratik dəyərlərin birləşdirməsini istədiyini bildirdi: "Siyasiləri demokratikləşmənin birləşdirməsi ölkəyə daha xeyir verə bilər. Bir bayraq altında, bir məsciddə, bir yerdə bayram namazı qılıb sonra isə ölkə üçün hərə bir tərəfə çəkirsə, bu cür birliyin heç bir əhəmiyyəti olmaz. Demokratikləşmə üçün düşüncədə birlik olması vacibdir. Ona görə də mən siyasətə dini pəncərədən baxmağın tərəfdarı deyiləm. Şəxsən özüm bir müsəlman kimi dini ritualları yerinə yetirirəm”.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Türkiyədə siyasi partiyaların liderlərinin birlikdə bayram namazı qılmaları siyasi mədəniyyət səviyyəsinin olmasından xəbər verir:"Azərbaycanda təəssüf ki, hələ bu cür siyasi mədəniyyət səviyyəsi formalaşmayıb. Siyasi mədəniyyət səviyyəsi yüksək olan cəmiyyətlərdə ölkənin taleyinə məsuliyyətli olan bütün siyasi təşkilatlar, onların liderləri ən azı bayramlarda, ümumxalq tədbirlərində ortaq mövqe nümayiş etdirirlər. Azərbaycan cəmiyyətində bu cür siyasi mədəniyyət səviyyəsi formalaşmadığı üçün hakimiyyət müxalifəti özünə düşmən, müxalifət isə hakimiyyəti özünə düşmən saydığı üçün bizdə siyasi liderlərin bayram namazını birlikdə qılması təcrübəsinə rast gəlmək mümkün deyil. Belə bir vəziyyətdə bizim aramızda mənəvi uçurum da getdikcə dərinləşir. Bizim aramızda o dərəcədə ziddiyyətlər var ki, bu ziddiyyətlər bizi sanki fərqli-fərqli ölkələrin siyasi qüvvələri şəklinə salır. İqtidarın gözündə biz sanki erməni kimi görünürük. Bizim də gözümüzdə iqtidar düşmən kimi görünür. Çox təəssüf ki, bu cür qarşılıqlı yadlaşdırma tendensiyası var. Belə bir vəziyyətdə isə biz bayramı bir yerdə qeyd edə bilmərik. Azərbaycan iqtidarı bayram namazını müxalifət partiyalarının liderləri ilə də birlikdə qılmaq üçün təklif versəydi, biz gedib birlikdə bayram namazı qılardıq. Məsələ burasındadır ki, Azərbaycan iqtidarı ilə müxalifəti arasında olan problemlər müxalifət partiyalarının öz aralarında da mövcuddur. Ona görə də hətta müxalifət partiyaları da bayramda bir araya gəlməyə meylli olmurlar. Həmrəylik hissləri o qədər korlanıb ki, hətta müqəddəs bayramlarda da bir araya gəlmirik. Mən şəxsən özüm namaz qılıram, oruc tuturam. Arada bir namaz üçün məscidlərə gedirəm. Bayram namazını evdə qıldım”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, bugünkü Türkiyə Cümhuriyyətinin İslama 600 il bayraqdarlıq etmiş, son İslam xilafəti olan Osmanlı İmperiyasının varisi olması faktını unutmaq olmaz: "Türkiyədə bir çox İslam hökmləri və ibadətləri artıq o cəmiyyətin adət-ənənəsinin tərkib hissəsinə çevrilib. Bu hal o qədər inkişaf edib ki, hətta adi günlərdə namaz qılmayanlar belə İslamın iki bayramı olan Ramazan və Qurban bayramları günü bayram namazı qılmağı özünün borcu bilir. Türkiyə cəmiyyəti bu adətləri və ritualları tərk edən siyasi qüvvəyə güvənməz və səs verməz. Bu dediklərimi nəzərə alanda oradakı siyasilərin bu hərəkətləri tam anlaşılandır. Azərbaycana gəldikdə isə təəssüf olsun ki, biz uzun illər dinimiz olan İslamdan süni şəkildə ayrı saxlanılmışıq. Cəmiyyətimizə bizə, tariximizə, adət-ənənələrimizə yad olan adətlər sırıyıblar. Odur ki, biz bu cür dəyərlərimizdən ayrı düşmüşük və onun da nəticəsi olaraq belə dini rituallarımızı tərk etmişik. Təbii ki, nəzərə alsaq ki, Azərbaycan əhalisinin ən azı 95%-i İslam dininə etiqad edir, o zaman siyasi səhnənin oyunçuları da bunu nəzərə almalı və bu faktla hesablaşmalıdır. Düzdür, mən düşünürəm ki, dini ayinlər iman və inanc məsələsidir, yəni burada tam səmimilik önəmlidir. Ancaq necə ki, yeni seçilmiş prezidentlər inancından asılı olmayaraq Qurana, ya da digər dövlətlərdə Bibliyaya and içir, eləcə də bəzi vacib dini rituallar qeyri-rəsmi də olsa protokola daxil edilməlidir.
Mənim özümə gəldikdə isə inanclı biri kimi dinim olan İslamın bütün ayinlərini icra edirəm və bacardığım qədər də buna sadiq qalmağa çalışıram. Təbii ki, hər il olduğu kimi, bu il də Ramazan bayramı namazımı "Əjdərbəy" məscidində minlərlə inanclı insanla birlikdə qıldım, dualarımı etdim".