Ekspert əsas şərtləri sıraladı...
Ötən ilin təcrübəsi göstərdi ki, artıq Azərbaycana gələn turistlərin sayında artım var. Hətta paytaxt Bakıda ilin digər fəsillərində də qonaqsız qalmadı. İndi isə yenidən turizm mövsümü başlanır. Mövsümün əvvəlində iki mötəbər beynəlxalq yarışın olması isə Azərbaycana turistlərin marağını daha da artırıb.
Artıq hökumət də turizmi prioritet elan edib və xidmət sektorunun təkmilləşməsi istiqamətində işlərə başlanılıb. Hətta bununla bağlı Dövlət Turizm Reyestri yaradılıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında bildirib ki, bu reyestr turizm xidməti göstərən hər kəs üçün açıq olacaq. Nazirin sözlərinə görə, turizm xidməti göstərən hər kəs bu sistemə daxil olaraq, özü haqqında məlumatları yerləşdirəcək.
Mədəniyyət və Turizm Nazirliyi isə müvafiq ictimai qurumlarla birlikdə sistemə informasiyalarını daxil edən şirkət, hotel, yaxud insanların məlumatlarını yoxlayacaq:"Əgər orada nə ünvan, nə də ad varsa, məlumatlarını qeyd edənlə bağlı naməlum vəziyyət yaranırsa, onda biz onları reyestrin əsas siyahısına daxil etməyəcəyik. Biz bütün beynəlxalq tədbirlərə, təhsilin artırılması, xidmətin yüksəldilməsi proqramlarına, təşkilati məsələlərə reyestrə daxil olacaq şirkətləri cəlb edəcəyik. Ona görə də şirkətlər öz işlərinin peşəkarlığını heç vaxt itirməməlidirlər. Bu, mütləq şərtdir. Çünki biz dövlət olaraq, biznes mühiti haqqında, eyni zamanda turistlər haqqında da düşünməliyik”.
Ə.Qarayev qeyd edib ki, Dövlət Turizm Reyestrində hotellərin ulduz dərəcələri barədə də məlumatlar yerləşdiriləcək: "Biz yoxlama apardıqdan sonra müəyyən edəcəyik ki, o, 3, 4,5 ulduzludur, yaxud ulduzsuzdur. Müəssisə ulduzsuz da olsa, xidmətlərini göstərə bilər. Əgər onun yatmağa yeri varsa, normal qida verirsə, ulduz dərəcəsinə çatmasa belə, işləyə bilər. Amma hamı bilməlidir ki, onun ulduz dərəcəsi yoxdur”.
Ə.Qarayev onu da əlavə edib ki, ölkədə sertifikatsız bələdçi olmamalıdır: "Buna görə də turizm şirkətlərinə tövsiyə edirəm ki, birgə işlədikləri bütün bələdçiləri qeydiyyata alsınlar. O adamlar sertifikatlı olmalıdırlar”.
Bəs görəsən, Azərbaycanın bu mövsüm üçün turizm göstəriciləri necə qiymətləndirilir? Xidmət sektorumuz çox sayda turisti qarşılamağa hazırdırmı? Azərbaycan bu sahədə qonşu Gürcüstan dövlətinin uğurunu təkrarlaya bilərmi?
Bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Gürcüstan turizmi uzun bir inkişaf yolu keçərək indiki göstəricilərə çatıb və Azərbaycanın bu səviyyəyə gəlməsi üçün zamana ehtiyac var: "Bu ölkə ötən il əhalisinin sayından 20 faiz daha çox turist qəbul etməyə nail oldu. Buna görə də qısa bir zamanda Gürcüstanın göstəricilərinə çatmaq real deyil. Çünki Gürcüstan fərqli bir yol tutdu, 110 ölkə ilə ümumiyyətlə, viza rejimini tamamilə ləğv etdi. Digər tərəfdən ucuz turizm imkanlarının yaranmasına çalışıb. Ölkə ərazisində mindən çox ucuz otel və hostellər fəaliyyət göstərir. Azərbaycanda isə turizmlə bağlı müəyyən qərarlar verilsə də, ancaq bahalı otellər tikilir. Viza problemi müəyyən dərəcədə həll olunsa da, elektron viza sisteminə keçilsə də, bu məsələ tam həllini tapmayıb. Bir çox ölkələr var ki, onlarla vizanın ləğv olunması daha məqsədəuyğundur. Əgər biz Avropa ölkələrindən daha çox turist cəlb etmək istəyiriksə, viza rejimini ləğv etməliyik. Gürcüstana Avropa ölkələrindən gələn turistlərin sayı hər il 20-25 faiz artır. Biz də onlar üçün vizasız gediş-gəlişə şərait yaratmalıyıq. Həmçinin yeni bazarların açılmasına çalışmalıyıq. Bu baxımdan təbii ki, keçiləsi yol çoxdur”.
Ekspert turistlər üçün maraqlı əyləncələrin, ölkənin tarixi yerlərinə səyahət marşrutlarının təşkil edilməsinə ehtiyac olduğunu da vurğuladı: "Ancaq ən azından elektron viza sisteminə keçid xeyli dərəcədə turist sayının artmasına kömək olub. Bu istiqamətdə addımlar atılarsa, ucuz hostellərin və otellərin daha geniş yayılmasına, Bakıdan kənarda da əyləncə məkanlarının artmasına, istirahət yerlərinin daha cəlbedici olmasına nail olunarsa, təbii ki, bu turizmin inkişafına təkan verəcək amillərdən birinə çevrilə bilər. Çünki Gürcüstan ərazisində təkcə Tbilisidə deyil, 90 istiqamət üzrə turist marşrutları var. Turistlərin də bu marşrutlara marağı böyükdür. Hər bir marşrut da tarixi baxımdan önəmli olan tarixi abidələrin ziyarəti üzərində qurulub. Azərbaycanda bu iş çox axsayır. Bakıdan kənarda, ölkənin müxtəlif yerlərində tarixi abidələrin həm vəziyyəti ürəkaçan deyil, həm də onların tanıtımı yüksək səviyyədə deyil. Azərbaycanda turizmlə məşğul olan yetkili şəxslər elə hesab edirlər ki, hər hansı ölkəyə gələn turist ancaq yeyib-içməyə gəlir. Lakin müasir dünyada turizmin profili çox dəyişib. Hazırda turistlər daha çox gəzməyi, tarixi yerləri görməyi sevirlər”.
N.Cəfərli bu istiqamətdə atılacaq addımlardan biri kimi viza rejiminin ləğv olunmasını məsləhət gördü: "Ona görə də bu istiqamətdə görüləcək işlər çoxdur. Bunlardan ən birincisi viza rejiminin tamamilə ləğv olunmasıdır. Bu məsələ gündəmə gəlməlidir. Turizmin inkişafında viza rejiminin ləğv olunması ən önəmli vasitələrdən biridir. Məsələn, Gürcüstana vizasız gələn avropalı turist oradan həmən Azərbaycana keçə bilmir. Azərbaycana gəlmək elektron vizaya müraciət etməlidir və bunun üçün vaxt itirməlidir, pul xərcləməlidir. Bu da turistlərin Azərbaycana marağını azaldan milə çevrilib. Hazırda keçirilən beynəlxalq idman yarışlarından, böyük tədbirlərdən daha çox vizanın tamamilə ləğv olunması, ucuz turist marşrutlarının təşkil olunması turizmə daha çox xeyir verə bilər”.