Vasitəçilərin regiona səfəri müharibə riskini aradan qaldıra biləcəkmi; erməni QHT-si: "Rusiya Ermənistana daha çox köhnəlmiş silah sistemləri verir...”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) bölgədədir. Regiona səfər çərçivəsində onlar öncə Ermənistanda görüşlər keçiriblər. Vasitəçilər prezident Serj Sərkisyan, müdafiə naziri Vigen Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyanla bir araya gəliblər.
Görüşlərdə əsasən münaqişə zonasındakı vəziyyət müzakirə olunub. Həmsədrlər Ermənistandan sonra işğal altındakı Azərbaycan ərazilərə səfər edəcək, Xankəndidə görüşlər keçirəcək. İyunun 19-da isə onların Bakıya səfəri gözlənilir. Səfərin yekununda həmsədrlər adından bəyanat yayılacaq.
*****
Həmsədrlərin regiona budəfəki səfəri olduqca mürəkkəb və təhlükəli bir dönəmə təsadüf edir. Situasiya hətta hər an böyük müharibəyə gətirə biləcək partlayış həddinə çatıb - nə barədə ki, bir çox siyasi və hərbi ekspertlər, Qərbin "beyin mərkəzləri”, o cümlədən Beynəlxalq Böhran Qrupu, ABŞ Milli Təhlükəsizlik Agentliyi artıq xəbərdarlıqlar ediblər. Təhlükəli situasiyanın əsas səbəbi də müstəsna olaraq, işğalçı Ermənistanın davranışı ilə bağlıdır, təcavüzkar tərəfin ötən ilin aprelindəki 4 günlük müharibədən sonra həmsədr ölkələrin qayğı-himayəsi hesabına yenidən özünə gələrək, radikal, təxribatçı mövqeyə köklənməsi ilə əlaqədardır.
Bu mənada vasitəçilərin genişmiqyaslı hərbi əməliyyatları önləmək, status-kvonu saxlamaq üçün bu dəfə nə edəcəkləri çox maraqlıdır. Onların hansısa yeni sülh təşəbbüsü ilə gəlmədikləri onsuz da aydındır. Çünki Minsk Qrupu vasitəçilik institutu olaraq, öz missiya və potensialını çoxdan bitirib, özünü tükədib. Bundan artığını ondan gözləməyə dəyməz. Budəfəki ziyarət də onlar üçün daha çox sülh imtahanı qismində olacaq.
*****
Bu arada Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində silah-sursat verməsi ilə bağlı müqaviləni tam yerinə yetirmədiyi məlum olub. Musavat.com-un haqqin.az-a istinadən verdiyi xəbərə görə, məlumatda deyilir ki, kontraktda göstərilən islah sistemləri əslində köhnəlib və 1970-80-cı illər istehsalıdır. Hətta 1960-ci il istehsalı silah sistemləri var. Nəzərdə tutulan silah-sursatların yalnız bir qismi, məsələn, "Cmerç” yaylım atəş sistemləri müasir hesab edilir.
Xəbərə görə, müqavilənin imzalanmasından keçən 2 ildə (2015) erməni tərəfi nəzərdə tutulan 200 milyondan yalnız 35 milyon dəyərində hərbi təyinatlı mallar və silahlar alıb. "Ermənistana silah tədarükündə belə ləng templər anlaşılmır - əgər nəzərə alsaq ki, Rusiya Azərbaycana, İraqa, Suriyaya, başqa ölkələrlə konflikti olan digər ölkələrə hansı tezliklə silah verir. Halbuki, yerdə qalan 165 milyonluq silah-sursat üçün cəmi 8 ay vaxt qalıb”, - deyə Ermənistanın Qeyri-Hökumət Təşkilatının (QHT) yaydığı açıqlamada qeyd olunur. O da bildirilir ki, "İsgəndər M” operativ-taktiki raket kompleksləri Rusiyadan adı çəkilən müqavilədən kənar qaydada realizə edilib.
*****
Rusiyanın Ermənistana silah tədarükündəki ləngimələr, Azərbaycana isə silah-sursatın vaxtlı vaxtında tədarük olunmasında əslində təəccüblü bir şey yoxdur. Çünki Rusiya ölkəmizə silahları bazar qiymətinə, yəni sırf özünün kommersiya marağı əsasında, işğalçı ölkəyə isə güzəştli qiymətə və ya havayı, yaxud da heç vaxt qaytarılmayacaq kredit çərçivəsində, yəni heç bir qazanc götürmədən verir. Bununla da İrəvanın Bakı ilə hərbi balans yaratmasına çalışır.
O üzdən də Ermənistan əslində Moskvaya bütün hallarda minnətdar olmalıdır, nəinki giley-güzar eləməlidir. Bu, bir gerçək ki, Rusiya olmasa, Ermənistan nəinki öz ordusunu minimal səviyyədə belə silah-sursatla təmin edə bilməz, - buna onun iqtisadi potensialı əsla imkan vermir, - ümumiyyətlə, Ermənistan adında dövlət olmaz.
Bu xüsusda Ermənistan sırf Rusiyanın dotasiyası hesabına mövcud olan baş tutmamış bir dövlətdir, kvazidövlətdir, yalançı dövlətdir. Bu kvazidövlətin yeganə missiyası Rusiyanın əlində Azərbaycana, Gürcüstana, Türkiyəyə təhdid aləti olmaqdır. Bu və digər səbəblərdən işğalçı Ermənistan illərdir bütün iri regional iqtisadi, nəqliyyat layihələrindən kənarda qalıb, təcrid olunub, özünə qarşı izolyasiyanı haqq edib.
Ermənilərin düşdüyü bu vəziyyətdən çıxması, öz qonşuları ilə normal münasibətlər qurub inkişaf şansı bulması yenə məhz ermənilərin öz əlindədir. Yolu bəlli - Qarabağ məsələsində obyektiv, konstruktiv mövqe tutmaq, qonşu ölkələrə qarşı torpaq iddialarına son vermək, nəinki mövcud status-kvonu, işğal rejimini mənasız yerə uzatmaq. Bu isə əlbəttə ki, ilk növbədə erməni ictimai-siyasi xadimlərindən asılıdır.
*****
"Statuskvonun dəyişdirilməsinə maneə olan tərəf məhz Ermənistandır”. Bunu Trend-in sorğusuna cavab olaraq Ermənistan xarici işlər naziri E. Nalbəndyanın dediklərini şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Normal məntiqlə Ermənistan xarici işlər nazirinin nə demək istədiyini başa düşmək çox çətindir. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün təqdim etdikləri kompleks tədbirlər əsasında substantiv danışıqların davam etdirilməsini dəstəkləyir. Status kvonun dəyişdirilməsi isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutur. Azərbaycan ərazilərinin işğalını davam etdirərək bunun reallaşmasına və işğala əsaslanan status kvonun dəyişdirilməsinə maneə olan tərəf məhz Ermənistandır”, - deyə H.Hacıyev əlavə edib.
"Ermənistan işğal altındakı ərazilərdə terror düşərgələri yaradıb” - xəbərdarlıq
"Avropa və ABŞ Türkiyəyə sərmayə yatırılmasının qarşısını almağa çalışır. Onlar Türkiyənin bölgədə lider dövlət kimi formalaşmasından narahatdırlar”.
Bunu Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy deyib (Axar.z).
"Qətərə məhz Türkiyəyə görə sanksiya tətbiq edirlər. 2009-cu ildə Qətər və Türkiyə arasında 19 milyardlıq təbii qaz müqaviləsi imzalanıb. Bəzi qüvvələr bundan narahatdırlar. İrandakı teraktları da Türkiyənin önünü kəsmək üçün törətdilər. Çünki qonşu, dost İran Türkiyə iqtisadiyyatına güc qatan dövlətlərdən biridir. Bildiyimiz kimi, terrorçular İrana Ermənistandan keçiblər. Ermənistan hökuməti Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində terror qruplaşmalarının düşərgələrini yaradıb. 2016-cı ildə Ermənistan rəhbərliyi Suriyadakı vətəndaşlarını ölkəyə gətirib Qarabağa yerləşdirdi. Onların arasında İŞİD üzvlərinin olduğu məlum idi. Məhz həmin terrorçular İranda qanlı olaylar törətdi. Çünki maneəsiz şəkildə İrana gedib-gələ bilirdilər. İran həm Türkiyənin, həm də Qətərin qonşuluğunda yer aldığı üçün ora hədəf seçildi. Hər şey Türkiyənin güclənməsinin qarşısını almaq üçündür”, - Gülbəy bildirib.