Qadağanedici lövhələr müvafiq yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, amma..
Havalar isindikcə dənizə getmək üçün tədarük görənlərin sayı artmaqdadır. Ancaq hər yay olduğu kimi bu yay da insanlar "hansı çimərliyə üz tutum ki, təhlükəsiz olsun” sualına cavab axtarmağa çalışır.
Hər kəsə məlumdur ki, çimərlik mövsümü başlayan kimi bağırsaq çöpü kimi xəstəliklər və boğulma halları artır. Buna da səbəb insanların qadağan olunmuş çimərliklərə üz tutması və üzə bilməyən insanların suyun dərinliklərinə getməsidir. Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbayel rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub.
Bunu bir neçə gün öncə Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov "Report”a açıqlamasında deyib. Onun sözlərinə görə, digər çimərliklərdə dəniz suyu standartlara cavab verir: "İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır”.
Maraqlıdır, dənizdə xəstəlik qapmamaq, boğulmamaq və günəşdə yanmamaq üçün nə etmək lazımdır?
Bəzən çirkli çimərliklərin siyahısı mətbuatda təqdim olunsa da, insanlar yenə də həmin çimərliklərə üz tuturlar. Nəticədə isə bədbəxt hadisələr baş verir. Qeyd edək ki, dənizin çirklənmə göstəricisi orada olan bağırsaq çöplərinin miqdarına görə müəyyən olunur. Ərazisində bağırsaq çöpləri norma daxilində olan çimərliklər vətəndaşların istirahəti üçün qənaətbəxş, normadan artıq olanlar isə təhlükəli hesab olunur. Bağırsaq çöpləri normanı aşan sularda çimmək mədə-bağırsaq xəstəliklərinə yol açır. Xəstəliyə meylli olan insanlar bu cür dənizdə çimərsə müxtəlif bağırsaq infeksiyaları, o cümlədən dizenteriya, vəba salmanilyoz, qarın yatalağı, virus hepatitlərinə yoluxurlar. Dənizdə boğulmalara gəlincə isə bu, sırf insanların məsuliyyətsizliyi ucbatından baş verir.
Sadə, bəsit qaydalara əməl etməməklə insanlar öz həyatlarına son qoymuş olurlar. Mütəxəssislər hər çimərlik mövsümü başlayanda dəfələrlə deyiblər ki, çimərliyə gedərkən hava şəraiti nəzərə alınmalıdır. Hava küləkli, dumanlıdırsa, dənizə getmək məsləhət deyil. Ancaq biz yayda küləkli havalarda dənizə gedənlərin şahidi olmuşuq. Üzə bilmirsinizsə, sahildən çox uzaqlaşmamalısınız. Üzə bilənlərin isə sahilə perpendikulyar deyil, paralel üzmələri və qadağanedici nişanları keçməmələri tövsiyə olunur. Alkoqollu içki qəbul etmisinizsə, yağlı yemək yemisinizsə, dənizə girmək məsləhət deyil. Əgər səhhətinizlə bağlı müəyyən dərmanlar qəbul edirsinizsə, dənizə girmədən öncə bu dərmanları qəbul edib-etməməniz barədə həkiminizlə məsləhətləşməlisiniz.
Çimərliyə getmək üçün sutkanın gündüz 12:00-16:00 saatlarında, eləcə də axşam saatlarında (görüntü məhdud olduğu zamanlarda) dənizdə çimmək (dəniz sahilində istirahət istisna olmaqla) həyat üçün təhlükəli ola bilər. Günəşin birbaşa düşən şüalarından qaçın. Günvurma halları ilə rastlaşmamaq üçün sutkanın gündüz 12:00-16:00 saatlarında çimərlikdə istirahətdən çəkinin. Gün vuran adamda halsızlıq, baş ağrısı, ürəkbulanma, daha ağır fəsadlar qıcolma, huşun itməsi kimi hallar müşahidə olunur. Belə hallarda ilk yardım olaraq həmin şəxs kölgəli yerdə uzanmalı, maye qəbul etməli, qollarının altına, sinəsinə və əllərinə soyuq kompres qoyulmalıdır. Tanımadığınız bir dənizdə təkbaşına üzməməli, dərinliyini bilmədiyiniz bir suya təpə üstü dalmamalı, yaxşı bir üzgüçü olduğunu sübut etməyə çalışmamalısınız. Bundan başqa, üzmək üçün istifadə edilən hava balonları, yastıqları və təkərlərinə elə də güvənmək olmaz. Çünki külək və axıntı onların botlarını aça və sizi axıntıya apara bilər ki, bu da boğulmanızla nəticələnə bilər. Su ilə bədəniniz arasındakı temperatur fərqi çox vaxt səhhətinizin pisləşməsinə, sizin də bundan panikaya düşüb boğulmanıza səbəb ola bilər. Buna görə də suya birdən-birə girmək olmaz. Tədricən girmək lazımdır. Boğulmaq üzrə olan və çırpınan birini gördüyünüz zaman əgər bu mövzuda təcrübəniz yoxdursa, onu qurtarmaq üçün dənizə girməyin. Çünki boğulan adam qurtulmaq üçün sizə tutunacaq və sizi də özü ilə dartacağı təqdirdə boğulmanıza səbəb ola bilər. Suda boğulan adama ilk tibbi yardım zamanında və doğru göstərilərsə, həyatını xilas etmək olar. Yadda saxlayın ki, suda boğulan adama öndən yaxınlaşmaq olmaz. Həmin adama arxadan yaxınlaşıb, başının suyun üstündə qalmasına nəzarət etməklə, qollarının altından tutub sahilə üzmək lazımdır. Sahildə dizlərinizi bükərək həmin adamı üzü üstə dizlərinizin üstünə uzatmalı, kürək nahiyəsindən basmalısınız. Unutmayın ki, həmin şəxsin udduğu suyun boşalmasını təmin etmək vacibdir. Lazım olarsa, ürək masajı və süni nəfəs də verilməlidir.
Qeyd edək ki, bu il çimərlik mövsümü iyunun 15-də açılacaq.
Bu haqda modern.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin ( DSXX) xilasetmə və dalğıc işləri üzrə şöbə müdiri Elsevər Həsənov məlumat verib. Qurum rəsmisi bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən qərara əsasən, bu ildən etibarən çimərlik mövsümü iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq: "Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr müvafiq yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib. Həmçinin xilasedicilər iş başındadır. İyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlər var. Amma rəsmi açılış iyunun 15-də olacaq”.