Hökumətdə struktur islahatları - ekspertlər nikbindir

İqtisadçılar islahatların davamlı olmasını zəruri sayırlar

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezident Administrasiyasının yeni strukturu açıqlanıb. Bu struktur əvvəlkindən bəzi vəzifələrin ləğv olunması ilə fərqlənir. Bəs, görəsən bu islahatlar necə nəticələnəcək? Gənc kadrların vəzifəyə gətirilməsi ölkəmiz üçün müsbət nə vəd edir?
Milli Məclisin deputatı Vahid Əhmədov islahatların davam edəcəyi ilə bağlı əminliyini ifadə etdi: "Bu islahatlar ölkə başçısının iradəsi ilə həyata keçirilir. Əks halda Prezident Administrasiyasında belə ciddi dəyişikliklər aparılmazdı. Prezident müəyyən strukturları birləşdirib bəzi kadrları kənarda saxlamazdı. Ortada belə bir siyasi iradə var. Bildiyiniz kimi, Azərbaycanda 2016-cı ildə 11 istiqamətdən ibarət Milli Strateji Yol Xəritəsi qəbul edildi. Bunu həyata keçirmək üçün çox ciddi icra mexanizmi lazımdır. Bunun üçün də kadrlara ehtiyac var. Müəyyən struktur dəyişikliklərinin olması da zəruridir. Artıq belə bir struktur dəyişikliyi aparılıb və İqtisadiyyat üzrə olan şöbədə müşavirlər statusu ləğv edildi, köməkçi statusu gətirildi. Mən bunu struktur islahatlarının başlanğıcı hesab edirəm və əminəm ki, bu islahatlar davam edəcək”.


Deputatin sözlərinə görə, Nazirlər Kabinetinin strukturu da sovet dövründən qalmadır:"Onun da dəyişikliyə ehtiyacı var. Bu dəyişikliklər davam etməlidir ki, ölkədə çevik qərarlar qəbul olunsun. Mən inanmıram ki, bu islahatlar hakimiyyət daxilində narahatlığa səbəb ola bilər. Onlar kifayət qədər işləyiblər, indi də onların yerinə cavanlar gəlməlidir. Burada heç bir problem olmamalıdır. Mən belə struktur dəyişikliklərini çoxdan gözləyirdim. Çünki bu haqda çoxlu anonslar gedirdi, fikirlər səsləndirilirdi. Hazırkı məqamda Azərbaycan üçün bu, çox vacibdir. Qeyri-neft sektorunun inkişafı üçün işlək bir mexanizm olmalıdır. Milli Strateji Yol Xəritəsinin icrası çox ciddi islahatlar tələb edir, işlək mexanizmin olmasını tələb edir. Bu struktur dəyişiklikləri arzu olunan qaydada gedərsə dövlət büdcəsinin xərclərinə kifayət qədər qənaət edilmiş olacaq. Ola bilər ki, bundan sonra da müəyyən nazirliklər, komitələr, Nazirlər Kabinetindəki müəyyən şöbələr birləşdirilsin. Bunlar hamısı dövlətin iqtisadi baxımdan dayanıqlığı üçün önəmlidir”.

Related image


İqtisadçı ekspert Rəşad Həsənov da vurğuladı ki, Azərbaycan hökumətinin struktur baxımından həqiqətən də çox islahata ehtiyacı var: "9 milyon nəfər insanın yaşadığı ölkədə dövlət sektorunda 850 min nəfərdən artıq insan çalışır, eyni zamanda idarəetmə aparatı da həddindən artıq böyükdür. Azərbaycandan 30-40 dəfə böyük olan ölkələrdə 11-12 nazirlik fəaliyyət göstərdiyi halda, bizdə hazırda 17 nazirlik fəaliyyət göstərir. Komitə və nazirliklərin birlikdə sayı 44-ə çatır. Məsələ burasındadır ki, iri neft gəlirləri fonunda hökumət bu ştatları yaratmaqla, aparatları artırmaqla dövlət sektoru hesabına iş yerləri yaradırdı. Eyni zamanda ayrı-ayrı qrupların maraqlarının təmin olunması xətrinə bir-birinin ardınca nazirliklər və komitələr təsdiq olunurdu. Onların fəaliyyəti də göz qabağındadır ki, bu qurumlar öz sferalarında heç bir fəaliyyət göstərməyib. 2014-cü ildən sonrakı iqtisadi və sosial mühit daha çevik iqtisadi siyasəti və idarəetməni zərurətə çevirdi. Bu baxımdan davamlı olaraq islahatlarla bağlı təkliflərdən söhbət gedərkən struktur islahatlarının həyata keçirilməsi də bir nömrəli məsələ kimi gündəmə gəlirdi. Bu qədər böyük bir aparatla bu qədər kiçik bir ölkənin, bu qədər kiçik bir iqtisadiyyatın idarə edilməsi çox çətin idi. Xüsusilə də məmur müdaxiləsinin geniş yayıldığı, monopoliyanın, məmur biznesinin geniş yayıldığı bir ölkədə bu mümkün deyildi. Bu günə qədər həyata keçirilməsi nəzərdə tutulan iqtisadi islahatlar bu qurumlar tərəfindən sabotaj olunurdu. Hansısa qrupların marağına uyğun olmayan qərarların icrası, qanunların yerinə yetirilməsi mümkünsüz hala çevrilirdi. Bu səbəbdən daha çevik və daha yeni idarəetmə üsullarından istifadə edə biləcək, xaricdə təhsil almış gənc kadrlardan ibarət bir komandanın yaradılması hökumətin həyata keçirmək istədiyi islahatlara daha müsbət təsir göstərə bilər”.


İqtisadçının vurğuladığı digər bir məqam isə odur ki, idarəetmə aparatında oturanlar yaşlı nəslin nümayəndələridir: "Onlar hələ də ölkəni sovet stili ilə idarə etməyə çalışırdırlar. Bu insanların idarəetmədən tamamilə kənarlaşdırılması daha çevik və çağırışlara adekvat hökumətin yaradılması baxımından əhəmiyyətlidir. Hökumət bu islahatlarda səmimidirsə, struktur islahatları dərinləşdirilməlidir, dövlət aparatı kiçildilməlidir. Dövlət aparatının gəncləşdirilməsi istiqamətində sürətli fəaliyyətlər həyata keçirilməlidir. Azərbaycan 2020-yə yeni formalaşmış hökumətlə getməlidir ki, bu daha səmərəli mühitin formalaşmasına, eyni zamanda hakimiyyətin davamlılığına da müsbət təsir göstərə bilər”.




[email protected]