Fransa prezidenti Emmanuel Makronun Rusiya prezidenti Vladimir Putinlə birlikdə keçirdiyi brifinqdə gözlənilməz bir qırmızılıqla Rusiyanın fəaliyyətini, xüsusilə də informasiya təxribatlarını tənqid etməsi həm dünyada, həm də Rusiyanın özündə şok effekti yaradıb.
Bu pərtlik elə brifinqdəcə Putinin sifətindən hiss olundu. Rusiya prezidenti çoxdandır belə davranışla üzləşmirdi və özünü rinqdə qəfil zərbə almış boksçu kimi hiss etdi.

Düzdür, Rusiya mediasında dərhal Makrona cavab verməyə cəhd göstərdilər, amma bu cavablar ibarəli cümləpərdazlıqdan o tərəfə keçmədi. Makronun düz onluqdan vurması göz önündəydi.
Öz ölkəmizdən durub Rusiyaya və Fransaya baxanda Makronun haqlı olduğunu görürük.
Gerçəkdən də Rusiya dünyanın o ölkələrindəndir ki, burada mediaya Göbbels yanaşması hələ də qüvvədədir. Necə ki, alman faşizminin baş təbliğatçısı Göbbels "yalanı yüz dəfə təkrar edin, axırda inanacaqlar” deyə tabeliyindəki KİV orqanlarına tövsiyələr verirdi, eləcə də rusiyalı ideoloqlar medianın gücündən bu istiqamətdə yararlanmağa çalışırlar.
Makronun adlarını çəkdiyi "Rossia Today” telekanalı və "Sputnik” agentliyi gerçəkdən də Makronun seçki kampaniyasına ciddi şəkildə qarışır, Makronun əleyhinə xəbərlər verir, onun alternativi Marin Le Peni öyür, məhz Fransa faşistinin qələbə qazanmasına kömək etmək istəyirdilər.
ABŞ-da keçirilən seçkilərdə Donald Trampın Hillari Klinton üzərindəki qələbəsinə rusiyalı hakerlərlə birlikdə öz töhfəsini vermiş Rusiya mediası dişində qalmış şirədən Fransada da istifadə etmək istəyirdi, amma bu dəfə alınmadı.
Bu baxımdan, Makronun Rusiya mediasını "kütləvi informasiya vasitəsi” yox, "yalan propoqanda vasitəsi” adlandırması tam yerindədir.
Bu "alət”in gücünü biz də yaxşı bilirik, Gürcüstan da, Ukrayna da.
Ukraynadakı Maydan hərəkatı zamanı rusiyalı jurnalistlərin Kiyevdə çıxardığı hoqqalar yəqin ki, çoxlarının yadındadır. Rusiyalı telereportyorlar demokratiya tərəfdarı olan etirazçıları daima qaralayır, onların qurduqarı çadırlarda içki içdiklərinə, hətta cinsi əlaqədə olduqlarına eyham edir, onları "başıpozuq”, "Qərb tör-töküntüsü” adlandırırdılar. O günlərdə bir dəfə də olsun rusiyalı jurnalistlərin dilinə düz söz gəlmədi, bütün jurnalistlik fəaliyyətləri Moskvadan, Kremldən verilən direktivlər əsasındaydı. İnsafən, kiçik saytlar və bloqlar səviyyəsində həqiqəti yazan rus jurnalistlər də vardı, amma nüfuzlu, tirajlı media qurumlarının hamısı Putinin, devrilməkdə olan prezident Viktor Yanukoviçin dediklərini deyirdi.
Eyni durum 2008-ci ilin avqustunda Gürcüstanda başlayan və bir tərəfinin Rusiya olduğu qısamüddətli müharibədə də yarandı. Rusiya mediası total şəkildə anti-Gürcüstan mövqeyi sərgilədi, yalan üfürdü, həqiqəti ört-basdır etdi.
2015-ci ildə bu dövlətin Türkiyəyə qarşı yeritdiyi informasiya müharibəsi də total səciyyə daşıyırdı. Elə bir təbliğat aparıldı ki, Türkiyə birdən-birə Rusiyanın düşmənləri sırasında birinci yerə çıxdı.
Ümumiyyətlə, Rusiya mediasının xarakterik cəhətlərindən biri də şovinizm ruhlu olmasıdır. Dövlətin maraqları tələb edirsə, rusiyalı jurnalistlərin tam əksəriyyəti demokratik prinsipləri, haqq-ədaləti, peşə etikasını bir ləhzədə ayaq altına qoya bilərlər. İşi-gücü erotik şəkillər, biədəb lətifələr paylaşmaqdan ibarət olan ən səviyyəsiz portallar belə hələ də özlərinə borc bilirlər ki, ukraynalıları, gürcüləri aşağılayan lətifələr quraşdırsınlar.
Ona görə də bu gün Rusiya mediası dünyada etibar olunan media qurumları sayılmır.
Ən qəribəsi odur ki, bizim ölkəmizdə Rusiya mediasına güvənənlər çoxdur. Üstəlik, onların ölkəmizdə fəaliyyətinə də geniş imkanlar yaradılıb. ABŞ dövlətinə bağlı media qurumlarının fəaliyyəti məhdudlaşdırılsa da, Rusiyanın son illərdə təsis etdiyi media orqanı (konkret olaraq, adı Makronun qara siyahısına düşmüş "Sputnik” agentliyi) çox sürətlə Azərbaycanın media məkanına daxil olub.
Görünür, indilikdə buna müqavimət göstərmək imkanımız yoxdur, hazırkı şəraitdə əlimizdən gələn odur ki, rus mediasına güvənməyək və ondan gözləntilərimizi böyütməyək.