Eyyub Hüseynov: “Əhəngi elə dadlandıra bilərlər ki, yeyən ”bəh-bəh" deyər"

Kimyalaşmış qatıqlar murdar ətdən hazırlanan kolbasalarla rəqabətə girib

"Yeni Müsavat”ın müxbiri Kənan Rövşənoğlu sosial şəbəkədəki hesabında ölkənin süd-qatıq bazarında dövr edən məhsuallardan biri haqda status yazıb. Həmin statusda deyilir: "Kənddə böyümuş və mal-heyvan saxlama təcrübəsinə malik biri kimi deyirəm ki, handa özündən deyən inəyin südünün qaymağı mağazada satılan qatıqla yarışa bilməz. Rəsmən camış qatığı kimidir”.

Həqiqətənmi süd-qatıq bazarı digər məhsulların bazarından keyfiyyətinə görə fərqlənir? Yoxsa bilmədiyimiz nələrsə var? "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov süd-qatıq bazarı ilə bağlı sualı eşidəndə əllərini yelləyir. Deyir ki, əmtəə bazarının süd məhsulları seqmenti kifayət qədər çirklənmiş seqmentlərdən biridir:


"2000 mindən çox kimyəvi tərkibli, xüsusi dadlandırıcı maddə var. Bilmək olmur ki, hansı məhsula nəyi qatıblar. Əhəngə də həmin maddələri vurub elə dadlandıra bilərlər ki, yeyən bəh-bəh deməkdən özünü saxlaya bilməz. İllərdir ki, ölkənin əmtəə bazarında ”İvanovka" mal nişanı altında "Uzun ömür” MMC, "Qafqaz” MMC süd məhsulları buraxır. Əslində həmin məhsulların İsmayıllının məşhur İvanovka kəndi ilə heç bir əlaqəsi yoxdur.

Həmin kəndin 2 firma mağazası var və öz məhsullarını da məhz orada satırlar. Sadəcə, insanların həmin kəndin məhsullarına olan inamından, etibarından, etimadından istifadə edirlər. Dəfələrlə bu haqda dövlət orqanlarına məlumat vermişik. Əhalinin aldanması davam edir. Mağazalarda satılan elə qatıqlar var ki, üstündə istehsalçı yazır ki, tərkibində 6 faiz camış südü var. Sual yaranır - bəs qalan 94 faiz hansı məhsuldur? Belə məhsullar təbii məhsuldan daha uzun müddətli saxlama xassəsinə görə fərqlənir. Tərkibində o qədər kimyəvi qatqılar var ki, xarab olmurlar. İrandan Azərbaycana qaymaq gətirilir. Həmin qaymağın 6 ay yararlılıq müddəti var. Həmin məhsul qaymaq dadı, qoxusu verir. Faktiki isə bütün bunlar hamısı kimyalaşmış süd məhsullarıdır. Soya südündən, unundan, müxtəlif qatqılardan hazırlanmış süd məhsullarıdır. Bazarın bu seqmenti problemlər bataqlığında çabalayır. Araşdıran, müvafiq hüquqi qiymət verən yoxdur".


E.Hüseynov yaranmış durumun aradan qaldırılmasının 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyinin atacağı addımlardan asılı olacağını da söylədi: "Ölkə prezidentinin fərmanına əsasən yaradılan agentlik düşünürük ki, fəaliyyətə başlayandan sonra belə hallar aradan qalxar. Əgər agentlik qohum-qardaşı, tanış-bilişi işə düzəltmək üçün büroya çevrilməyəcəksə, şəffaf fəaliyyət göstərəcəksə, AİİB də dəstək verəcək. Bu gün süd məhsulları bazarında durumu bilmək üçün yaxınlıqdakı aptekə gedib əhalinin növbələrini müşahidə etmək kifayətdir. Adamlar şiş, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirlər. Bütün bu xəstəliklər həm də kimyalaşmış süd məhsullarının qəbulundan yaranır. Böyük Hippokrat deyirdi ki, ”biz nə yeyiriksə, oyuq". Səhiyyə Nazirliyi bu məsələlərə diqqət etməlidir. Müvafiq qurumların süd məhsulları istehsalçılarını yoxlamaq səlahiyyətləri məhdudlaşdırılıb. Biznes qurumları bundan sui-istifadə edirlər. Əllərinə keçəni kimyəvi əlavələrlə dadlandırıb bər-bəzikli qabların içinə doldurub əhalinin boğazına tıxayırlar".


AİİB sədri deyib ki, süd məhsullarına vurulan xüsusi dadlandırıcıların 2 mindən çox növü olsa da, istifadəsinə icazə verilməyənlərdən də istifadə halları var: "Yeyinti sənayesində istifadə olunması qadağan olunan kimyəvi qarışıqlar var, onlardan da istifadə edirlər. Kim hansından necə istəyir istifadə edir. Bakıda, Bakıətrafı kəndlərdə rayondan gətirilmə adı altında gəzib süd məhsulları, əsasən nehrə yağı satırlar. Faktiki isə həmin yağın tərkbinin böyük hissəsi marqarin, soya yağlarıdır. Xüsusi dadlandırıcı vurub nehrə yağı ilə qatırlar və əhaliyə nehrə yağı adı altında satırlar. Dəfələrlə İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma Agentliyinə, digər qurumlara müraciət etmişik. Deyirlər ki, bizim sahibkarları yoxlamaq səlahiyyətimiz yoxdur. Bu adamlar da nə istəsələr qablara doldurub satırlar. Standartlara əhəmiyyət verən demək olar ki, yoxdur. Ona görə də bu gün belə qida məhsullarının sayı itib və alıb yeyən istehlakçıların da yolu mütləq apteklərdən düşür. Piştaxtaya yaxınlaşıb qatıq aldıqlarını düşünürlər, alıb yeyirlər və faktiki aptekə yollanmağı satın alırlar”.




[email protected]