Elçibəyin indi vitse-spiker olan Valeh Ələsgərova vəzifə verməməsinin sirləri

Pənah Hüseyn: "Valeh Ələsgərovun həm xarici dili bilməsi, həm də təcrübələri mühüm rol oynamışdı”

AXC hakimiyyəti dövründə SOCAR-ın sələfi Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) prezident təyin olunmuş və sonrakı iqtidarın zamanında öz ərizəsi ilə postundan istefa verən Sabit Bağırovun strateq.az-a müsahibəsi böyük maraq doğurub. ARDNŞ-in sabiq rəhbəri müsahibəsində geniş müzakirələrə səbəb olan açıqlamalar verib.

Onun müsahibəsində ən çox diqqət çəkən yerlərdən biri Neft Şirkətinin rəhbəri təyin olunana qədər bu posta namizədliyi verilən şəxslərlə bağlıdır. S.Bağırov belə namizədlərdən biri kimi, hazırda Milli Məclisin vitse-spikeri olan Valeh Ələsgərovun adını çəkib. O, vitse-spikerin Neft Şirkətində fəaliyyət göstərən AXC-nin dayaq dəstəsi ilə yaxın münasibətlərinin olduğunu, hətta təşkilata kömək etdiyini də bildirib.

Müsahibədə ARDNŞ-in sabiq prezidentinin bu posta necə təyin olunması və vitse-spikerlə bağlı dedikləri bunlardır: "Ayaz Mütəllibovun vaxtında onun rəhbəri Sənan Əlizadə idi. AXC hakimiyyətə gəldikdən sonra belə qərara alındı ki, bu postun həddən artıq önəmini nəzərə alaraq bu vəzifəyə yeni adam təyin olunmalıdır. Neft müqavilələrinin hazırlanması məsələsi vardı. Hərə gəlib bir söz danışırdı. Belə vəziyyətdə yeni rəhbər axtarmağa başlanıldı. Əbülfəz bəy məndən də xahiş etmişdi ki, bir neçə namizəd təklif edim. Mənim də təklifim o zaman Neft Şirkətində fəaliyyət göstərən AXC dayaq dəstəsinin irəli sürdüyü namizəd idi. O vaxt dayaq dəstəsi indi Milli Məclisin vitse-spikeri olan Valeh Ələsgərovun namizədliyini irəli sürmüşdü. Onun AXC dayaq dəstəsi ilə yaxşı münasibətləri vardı, təşkilata kömək edirdi. Odur ki, ona müəyyən etimad yaranmışdı. AXC hələ hakimiyyətə gəlməmişdən əvvəl dayaq dəstəsinin təşəbbüsü ilə mən Valeh Ələsgərovla gizli görüşmüşdüm. Normal insan təsiri bağışladı, həm də yaxşı mütəxəssis idi. Mən onun namizədliyini bir neçə dəfə prezidentə təqdim etsəm də, Elçibəy ”yox" cavabını verdi. Mən daha heç kimi təklif etmədim. Başqa namizədlər də var idi. Məsələn, Rəsul Quliyevin də namizədliyinə baxılırdı. Digərləri də var idi. Bir axşam prezidentin köməkçisi zəng vurdu ki, "Əbülfəz bəy, sizinlə görüşmək istəyir, xahiş edirəm gəlin”. Getdim, gördüm prezidentin kabinetində özündən başqa İsa bəy və Pənah bəy oturub. Mənə dedilər ki, aramızda yeganə mühəndis sənsən və Neft Şirkətinin rəhbəri postuna səni təyin etmək istəyirik. Prezident dedi ki, biz ora yalnız tanıdığımız və etibar etdiyimiz adamı qoya bilərik. Mən razı oldum. Əlbəttə, tərəddüdlərim vardı, birdən-birə o boyda şirkətə rəhbər getmək çox məsuliyyətli iş idi. Mən ona qədər strateji məsələlər üzrə dövlət müşaviri postunu tuturdum. Əslində hakimiyyətdə rəsmi olaraq belə struktur vahidi yox idi...".

Image result for Pənah Hüseyn


Əbülfəz Elçibəy hakimiyyəti dönəmində müxtəlif vaxtlarda AXC İcraiyyə Komitəsinin sədri, dövlət katibi və baş nazir olmuş Pənah Hüseyn V.Ələsgərovun ARDNŞ rəhbərliyinə namizədliyinin verilməsi ilə bağlı fikirlərə belə münasibət bildirdi: "Neft şirkətləri ilə danışıqlar zamanı bir neçə dəfə Sabit bəylə birgə prezident Elçibəyə məlumat vermişik. Danışıqlarla bağlı mənə də bəzi vaxtlarda məlumatlar verilirdi. Çünki Sabir Bağırovun rəhbərliyi ilə danışıqlar getsə də, siyasi rəhbərlik də buna nəzarət edirdi. Bu istiqamətdə siyasi xarakterli tələblər olurdusa, məsələ müzakirə edilirdi. Valeh Ələsgərovun namizədliyinin verilməsi ilə bağlı heç bir məlumatım olmayıb. AXC İcraiyyə Komitəsinin sədri kimi, əgər belə bir fakt olsaydı, ən azından məlumatım olardı. Sabit bəyin bu vəzifəyə təyin olunmasına gəlincə, o vaxt, ümumiyyətlə, Neft Şirkəti indiki statusunda deyildi. Bildiyiniz kimi, bu qurum prezidentə birbaşa tabedir, xüsusi nizamnaməsi var. Yəni əlahiddə bir orqandır. O vaxtlar neft məsələsinin Azərbaycan üçün xüsusi əhəmiyyətini, siyasi rolunu nəzərə alaraq, prezident və məsləhətçiləri həm bilik və informasiya səviyyəsi yüksək olan, həm də siyasi baxımdan tam etimad bəslənilən namizəd axtarışında oldu. Sabit Bağırov o zamanlar Prezident Aparatında strateji məsələlər üzrə dövlət müşaviri idi. Seçkilər dövründə Elçibəyin Seçki Qərargahına rəhbərlik etmişdi. Neft mütəxəssisi olmasa da, hesablama texnologiyası və idarəetmə, onun modelləşdirilməsi üzrə o vaxtlar bir neçə mütəxəssisdən biri idi. Buna görə Sabit Bağırov o posta məsləhət görüldü. Onu deyim ki, Sabit bəy heç də həvəslə o vəzifəyə getmədi. Bunun üçün ondan təkidlə xahiş etmək lazım gəldi. Ona kadr məsələlərində, faktiki olaraq, yeni yaradılan və birbaşa prezidentə tabe olan, Nazirlər Kabinetindən asılı olmayan dövlət qurumunda idarəetmədə, neft danışıqlarının aparılmasında müstəqillik və etimad göstərildi. Valeh Ələsgərov və digərlərinin bu məsələdə iştirakları Sabit bəyin onları tanıması və onlara etimad göstərmələri ilə bağlı olub. Valeh bəyin əleyhinə və lehinə heç bir rəy olmayıb. Neft kontraktları o dövrdə ölkəmizdə yeni tipli layihələr sayılırdı. Bu məsələlərdə Valeh Ələsgərovun həm xarici dili bilməsi, həm də təcrübələri mühüm rol oynamışdı. Bütün bunlar Neft Şirkətinin daxilində olan məsələlər idi. Valeh Ələsgərova olan münasibət Sabit Bağırov üzərindən olan münasibət idi. O zamanlar bəzi müşahidələrimiz var idi və bu barədə Sabit bəyə də fikirlərimizi demişdik. Ona nə qədər etimadımız yüksək olsa da, bizə bəzi informasiyalar da gəlirdi. Ölkənin iqtisadi təhlükəsizliyi ilə bağlı digər qurumların da bu məsələlərlə bağlı məlumatları var idi. Belə məlumatlarda Valeh Ələsgərov barədə müsbət fikirlərlə yanaşı, onun həddindən artıq xarici şirkətlərlə bağlı olması, hətta bəzi hallarda xarici şirkətlərin maraqlarını ifadə etməsi barədə də informasiyalar daxil olurdu. Amma bir daha deyirəm ki, Valeh Ələsgərov xüsusi bir müzakirə obyekti olmayıb, yəni xüsusi diqqətə alınan kadr olmayıb. Əgər rol oynayıbsa, Sabit bəyin ətrafında onun komandasının üzvü kimi bunu edib. O dövrdə birmənalı olaraq, prezidentin Sabit bəyə etimadı çox böyük idi. Bəzi müzakirələr olduğu zaman birmənalı Sabit bəyin tərəfi saxlanılırdı”.


Sabiq baş nazir V.Ələsgərovun Xalq Cəbhəsi ilə əlaqələrinin olduğu barədə də məlumatsız olduğunu söylədi: "Məncə, elə bir əlaqələri olmayıb. Namizədliyi də verilibsə, bu, Sabit Bağırov tərəfindən irəli sürülüb. İndiki Neft Şirkəti Sabit Bağırov ora təyin olunandan sonra qurulub. Bunu qətiyyən unutmaq olmaz. Neft Şirkətinin Energetika Nazirliyi və Nazirlər Komitəsindən asılılığının minimuma endirilməsi və birbaşa prezidentə tabe olması Sabit Bağırov rəhbər təyin olunandan sonra işlənib hazırlanıb. Bəlkə də Sabit bəy ora rəhbər təyin olunmasaydı, indiki Neft Şirkəti təşkilati formada bu vəziyyətdə deyildi. O zamanlar namizəd kimi Valeh Ələsgərovu xatırlamasam da, bəzi isimlərin adı yadımdadır. Rəsul Quliyevdən daha çox indiki energetika naziri Natiq Əliyevin adı hallanırdı. Onun adını Əbülfəz Elçibəyin dilindən eşitmişdim. Amma müzakirələr zamanı məsələnin əsas siyasi tərəfi nəzərə alınaraq, Sabit bəy üzərində dayanıldı. Rəsul Quliyev məsələsi elə önəmli deyildi. Onun prezident Elçibəylə yaxın əlaqələri olsa da, o vəzifəyə gələn qədər Rəsul bəy digər namizədləri, xüsusən, Etibar Məmmədovu dəstəkləmişdi. Ona münasibətdə AXC-də ikili mövqelər var idi”.




[email protected]