Ekspertlər əsas səbəbi və çıxış yolunu göstərdilər
Paytaxt sakinlərini narahat edən məsələlərdən biri də mənzillərə paylanan suyun keyfiyyətidir. Əhali suyun keyfiyyətindən narahatdır. Beynəlxalq və yerli ekspertlərin apardıqları araşdırmadan da məlum olur ki, "Azərsu”dan mənzillərə paylanan su içməli su deyil, texniki suyun keyfiyyətinə bərabərdir.
Bəs görəsən, suyun keyfiyyətsiz olmasının, çirklənmə dərəcəsinin yüksək olmasının səbəbi nədir? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, rəhbərlik etdiyi qurum Bakıda mənzillərə verilən suyun keyfiyyətinə nəzarət edir: "4 il öncə IV Dünya Su Konqresinin iştirakçısı oldum. Orada su haqqında xeyli informasiya əldə etdim. Ondan sonra gəlib ”Azərsu"da suyun saxlanması və ötürülməsi yerlərində monitorinq apardım. Bu qənaətə gəldim ki, "Azərsu” suyu müasir avadanlıqlarla kifayət qədər təmizlənir. Lakin su infrastrukturu o qədər köhnəlib ki, artıq su istehlakçıya çatana kimi çirklənir. İstehlakçılar da su resurslarından qətiyyən düzgün istifadə etmirlər. İstehlakçıların su -kanalizasiya xətlərinə heyvan cəmdəklərini, içalatını atması halları var. Nəticədə suyu dənizə buraxan filtrlər çox ciddi çirklənir. Əhalinin bu sahədə bilgiləri çox zəifdir. Borular partlayanda kənar sular, yağış suları da əsas suya qarışır. Bəzən bu istehlakçıların evlərinə də gedir". E. Hüseynov problemin əsas səbəbi kimi infrastruktur xətlərinin həddindən artıq köhnəldiyini əsas gətirdi.
İqtisadçı ekspert Natiq Cəfərli də problemin paylayıcı borularda olduğuna diqqət çəkdi və illərdir hökumətin bu xətləri yeniləməməsindən danışdı: "Son illərin ən böyük layihəsi, bəlkə də bölgədə ən böyük layihə Bakı-Oğuz -Qəbələ su layihəsi idi. Bu layihə həddindən artıq baha qiymətə, o vaxtkı məzənnə ilə təxminən 1 milyard dollara başa gəldi. 240 kilometrlik, heç bir nasos stansiyası olmayan, öz axarı ilə gələn bir boru xətti çəkildi, lakin çox böyük qiymətə rəsmiləşdirildi. Bu, Bakının su təchizatının kökündən dəyişməsinə və yaxşılaşmasına xidmət edəcək bir layihə idi. 1 saniyədə 5 kubmetrə qədər su buraxma qabiliyyətinə malik idi. Paytaxtın su problemi tamamilə həll edilə bilərdi. Sadəcə, bu boru çəkiləndən sonra supaylayıcı şəbəkələrin normal şəkildə fəaliyyət göstərməməsi, bir-birindən ayrılmaması nəticədə Oğuzdan gələn və keyfiyyətli sayılan suyun digər şəbəkələrdən daxil olan sularla qarışması ilə nəticələndi. Bu boru xətti çəkilmədən paylayıcı xətlər ayrılmalı idi ki, qarışıqlıq olmasın, keyfiyyət itkisinə yol verilməsin”.

Ekspert vurğuladı ki, problemin həlli üçün "Azərsu”nun bütünlüklə və ya ayrı-ayrı rayonlar üzrə fəaliyyətinin özəlləşdirilməsinə ehtiyac var: "Bu günə qədər həm dövlət büdcəsindən, həm beynəlxalq fondlardan, o cümlədən Beynəlxalq Valyuta Fondundan, Dünya Bankından da Bakının su təchizatının yaxşılaşdırılmasına və kanalizasiya sisteminə çox böyük miqdarda vəsait ayrılıb, 1,5 milyard dollara yaxın vəsait son 20 ildə bu iki istiqamət üzrə ayrılıb. Dövlət büdcəsindən də hər zaman əlavə dotasiyalar və xərclər ayrılırdı. Bu günə qədər problemin öz həllini tapmamasının səbəblərindən biri bu qurumun düzgün idarə olunmamasıdır. Nə qədər ki, dövlət bütün sahələrdə nəzarəti öz əlində saxlamaq istəyir, bu sahələrdə effektiv idarəetmə alınmayacaq. Bakı şəhəri elə qurulub ki, paytaxt rayonlarının su təchizatı ayrı-ayrılıqda idarəetməyə verilə bilər. Yeni Yasamalın, Yeni Günəşlinin, bu istiqamətdəki bir çox qəsəbələrə su ana xətdən daxil olur, sonradan paylanır. Ən azından şəhər daxilində supaylayıcı şəbəkələrin uzunmüddətli icarəyə verilməsi və ya qismən özəlləşdirilməsi barədə qərar vermək lazım idi. Ancaq bu günə qədər bu baş vermir. Bu sahənin dövlətin nəzarəti altında fəaliyyət göstərməsinə üstünlük verilir. Bu, vergi borclarının yaranmasına da şərait yaradır. ”Azərsu" dövlətə ən çox vergi borcu olan şirkətlərdən biridir. Bu şəkildə idarəetmə həm dövlət vəsaitlərin səmərəsiz xərclənməsinə, həm də vətəndaşlara keyfiyyətli xidmətin təşkil olunmasında problemlərin artmasına gətirib çıxarır. Bu baxımdan, idarəetmədəki problemlər həll olunmadan texniki problemlərin həlli gözlənilmir".