Avropaya vizasız gediş nə zaman reallaşacaq?

Elxan Şahinoğlu: "Azərbaycan vətəndaşının Gürcüstan vətəndaşından nəyi əskikdir?”

Azərbaycan vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız gediş-gəlişləri üçün başlanan müzakirələr davam edir. Xüsusilə, qonşu Gürcüstana bu güzəştin tətbiqi Azərbaycan məsələsini gündəmdən salmır.

Gürcüstan vətəndaşlarına Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişlərinə icazə verilməsindən sonra bizim də bu imkana sahib olacağımıza ümid artıb. Rəsmi Bakının qonşu ölkəyə tətbiq edilən güzəştdən yararlanması və bu istiqamətdə danışıqlarını intensivləşdirməsinin vacibliyi vurğulanır.

Azərbaycan hökuməti səviyyəsində artıq bununla bağlı mövqelərə də rast gəlirik. Son olaraq, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfəri məsələsinə də toxunub:"Azərbaycan vətəndaşlarının Avropaya sərbəst gedib-gəlməsi üçün viza məsələləri bir qədər yüngülləşdirilib. Eyni zamanda, bizim imzaladığımız sazişlər, həm vizanın sadələşdirilməsi, həm də readmissiya sazişləri həyata keçirilir. Ola bilsin ki, bu məsələ ilə bağlı monitorinq komitəsində görüş olacaq və onlar bu məsələyə bir daha baxacaqlar. Əgər hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirsə, ola bilsin ki, gələcəkdə bu məsələ müzakirə olunsun. Azərbaycan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına gəlincə, indi bu barədə danışmaq bir qədər tezdir”.


Politoloq Elxan Şahinoğlu bu istiqamətdə Azərbaycan-Aİ arasında danışıqların gedişinin qaneedici olmadığını düşünür: "Təəssüf ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin imzalanması üzrə danışıqlar ləng gedir. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin son açıqlamasından da anlamaq olar. O, bir tərəfdən deyir ki, Aİ ilə Azərbaycan arasında siyasi, iqtisadi, elm, təhsil və digər sahələri əhatə edən yeni sazişin imzalanması ilə bağlı danışıqlar başlanıb. Digər tərəfdən isə deyir ki, əgər hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirsə, ola bilsin ki, gələcəkdə bu məsələ müzakirə olunsun. Nazir müavini fikrini bu sözlərlə yekunlaşdırır ki, Azərbaycan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına gəlincə, indi bu barədə danışmaq bir qədər tezdir. Bu açıqlamadan gəlinən qənaət odur ki, Azərbaycan vətəndaşları Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişi hələ çox gözləməli olacaqlar. Gürcüstan-Aİ münasibətləri bizə də örnək olmalı idi. Ancaq təəssüf ki, reallıq fərqlidir. Gürcüstan hökuməti siyasi və iqtisadi islahatların dərinləşdirilməsi və qanunvericiliyin Avropa standartlarına yaxınlaşdırılması istiqamətində üzərinə götürdüyü öhdəlikləri sürətlə yerinə yetirir. Məhz bunun nəticəsində Brüssel Tiflisi mükafatlandırmağa qərar verdi, Gürcüstan vətəndaşları Avropaya sərbəst giriş imkanları yaratdı. Niyə Gürcüstan vətəndaşları Avropaya sərbəst giriş imkanı əldə edərkən, Azərbaycan vətəndaşları günlərlə səfirliklərin növbəsində dayanmalı, üstəlik sənədlərin hazırlanmasına daha çox vaxt sərf etməlidirlər? Azərbaycan vətəndaşının Gürcüstan vətəndaşından nəyi əskikdir? Bu haqda məmurlarımız ciddi düşünməlidirlər. Fikrimcə, biz hələ Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması planlaşdırılan sazişin ilkin mərhələsindəyik. Tərəflərin qarşılıqlı tələb və istəkləri var, bunları uzlaşdırmaq xeyli vaxt aparacaq. Ayrıca, Azərbaycanın nə zaman Ümumdünya Ticarət Təşkilatına üzv olacağı da bəlli deyil. Bu isə Azərbaycanla Avropa İttifaqı arasında yaxınlaşmanın əsas şərtlərindən biridir. Maraqlıdır ki, Mahmud Məmmədquliyev Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlara da cavabdehdir. Ancaq onun səlahiyyətində olduğu sahələrdə irəriləyiş yoxdur. Doğrudur, Məmmədquliyev ona verilən təlimat əsasında fəaliyyət göstərir, ancaq məndə belə təəssürat yaranır ki, nazir müavini bu danışıqların aparılmasında özü də həvəssizdir. Halbuki, Azərbaycan prezidenti ilin əvvəlində Brüsselə səfəri zamanı danışıqların sürətləndirilməsi təlimatını vermişdi. Görünür, hakimiyyət strukturlarında Avropa İttifaqı ilə inteqrasiyanın sürətləndirilməsinin əngəllənməsində maraqlı olanlar az deyil”.





[email protected]