Qarşıdakı dönəmdə xarici və daxili təxribatlara qarşı birlik və bərabərlik dövlətin prioritetləridir...
İranda cümə günü keçirilən prezident seçkilərində hazırkı prezident Həsən Ruhani səslərin 57 faizini qazanaraq ikinci müddətə ölkə prezidenti olub. Seçkidə səsvermə hüququ olan 56 milyon əhalinin 41,2 milyonu iştirak edib. Ruhani 23,5 milyon seçici səsi alıb. Onun əsas rəqibi, "mühafizəkarların” namizədi İbrahim Rəisi isə 38,5 faiz səs və ya 15,8 milyon seçicinin dəstəyini qazanıb.
Yeni seçilən prezident televiziyada canlı yayındakı çıxışında "İran xalqı radikalizm və zorakılığı deyil, dünya ilə əməkdaşlıq yolunu seçdi” deyib. Bundan başqa, H.Ruhani seçkilərin artıq başa çatdığını, ölkənin bütün əhalisinin prezidenti olaraq birgə çalışmaq üçün xalqdan dəstək istəyib.
İranın Ali dini lideri Ayıətullah Seyid Əli Xameneyi də seçkilərin nəticələrindən razı qaldığını bəyan edib. Onun adından yayılan açıqlamada seçkilərin "İran xalqının yüksələn inkişafını göstərdiyi” qeyd olunur. Lakin seçki bitsə də, müəyyən səviyyədə müzakirələr hələ davam edir. Nədən Ruhani qalib gəldi?
Məsələ ondadır ki, seçki kampaniyası zamanı Ruhaniyə qarşı bir sıra ciddi kompromatlar irəli sürülmüşdü. Doktorluq disertasiyasının saxta, plagiat olmasından tutmuş, İranda onun zamanında işsizlik və korrupsiyanın artmasına qədər fərqli sahələrdə tənqidlər vardı.
Əlbəttə, bunların bir qismində həqiqət yükü vardı, amma seçkinin gətirdiyi kampaniyaçılıq da vardı. İş ondadır ki, hər nə qədər daha çox dini və hərbi-siyasi fəaləiyyətləri ilə məşhurlaşsa da, İranda seçkilərin taleyini daxili faktorlar həll edir. Ölkədəki işsizlik, korrupsiyanın həcmi, inflyasiya, sosial-iqtisadi vəziyyət seçkinin taleyini həll edən əsas faktorların başında gəlir. Şübhəsiz ki, bunların yanında siyasi düşərgələrin, xüsusən də ümumiləşdirilmiş "islahatçı” və "mühafizəkar” cərəyanlar arasında rəqabət də rol oynayır.
Həsən Ruhaninin yenidən prezident seçilməsində bir sıra faktorlar mühüm rol oynadı. İlk növbədə İran xalqı ibrahim Rəisinin timsalında sərt konfrontasiya xəttini deyil, Ruhaninin timsalında mülayim, barışıq və danışıqlar xəttini seçdi. Hər nə qədər Ruhani dönəminin iqtisadi və sosial problemləri olsa da, Qərblə nüvə anlaşması sonrası ölkə iqtisadiyyatı müəyyən ölçüdə nəfəslik əldə edib, gərginlik yumşalıb, embarqolar yüngülləşib.

Digər tərəfdən, hazırda Yaxın Şərqdə yeni gərginlik müşahidə olunur. İsrail və ABŞ ərəb ölkələri ilə İran arasında ciddi qarşıdurma atmosferi yaranıb. Ehtimal ki, qarşıdakı 4 ildə bu gərginlik daha da yüksələcək, Yəmən, İraq və Suriyadan sonra yeni toqquşma ocaqları yaranacaq. Üstəlik, ABŞ-da Tramp kimi bir prezidentin olması yeni müharibə riskini daha da gücləndirir. Belə bir vəziyyətdə İranda sərtlik tərəfdarı bir prezidentin iqtidara olması bəlkə də savaş riskini daha da artırardı.
Ancaq Həsən Ruhani və komandası Qərb ölkələri də daxil olmaqla dünya ilə danışıqlara, anlaşmaya və diplomatiyaya daha çox bağlıdırlar, problemləri danışqılar yolu ilə çözməyə çalışırlar. Bu isə müharibə riskini azaldır. Bu mənada İran xalqı qarşıdakı 4 ildə gərginlik deyil, sülh və sabitliyi seçdiyini göstərdi.
Digər tərəfdən, "mühafizəkar” qanadın namizədinin zəif olması, güclü təbliğat qura bilməməsi də Ruhaninin qələbəsində öz sözünü dedi. Sözsüz ki, indi Ruhaninin seçilməsindən narazı qalan dairələr də boş oturmayacaq. Xüsusən də ifrat mühafizəkar dairələrdə Ruhaninin inqilaba sadiq qalmadığı haqda fikirlər ortaya atılıb, hətta onun hansısa fəaliyyətlərinin dini lideri qane etmədiyi kimi fikirlər var.
Ancaq hələlik fakt ondadır ki, dini iqtidar Ruhaninin seçilməsinə mane olmadı, əksinə, cəmiyyətdə rahatlıq və qarşıdurma atmosferinin dərinləşməməsinə çağırdı. Dini lider nə seçi kampaniyası gedişində, nə də səsvermə zamanı hansısa namizədin xeyrinə işarə olacaq açıqlama, fikir söyləmədi, yalnız əhalini seçkilərdə fəal olmağa çağırdı. Görünən odur ki, indi İranın dərin siyasəti üçün önəmli olan prezidentin kimliyindən daha çox daxildəki birlik və bərabərliyin olması, sabitliyin qorunub saxlanmasıdır. Çünki hazırda Qərb və ərəb ölkələri İranı məhz daxildən zəiflətməyə, içəridən iğtişaşlar yaratmağa çalışırlar.