Şeyx xaricdə təhsil alan ruhanilərlə bağlı məhdudiyyəti aşdı

Xaricdə təhsil almış şəxslərin məscidlərə təyinat almasının qarşısını açan dəyişiklik QMİ-nin və rəsmi ruhaniliyin mövqelərini möhkəmləndirməyə hesablanıb

 Mayın 15-də Milli Məclis "Dini etiqad azadlığı haqqında” Qanuna təklif olunan dəyişiklikləri qəbul edib. Qəbul olunmuş layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, İslam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.


Bununla da dəyişiklik QMİ-yə din xadimi təyinatı ilə bağlı yeni səlahiyyət verir. Qanuna edilən dəyişiklikdə göstərilir ki, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasının qadağan edilməsi nəzərdə tutulub. Bununla indiyə qədər olan tam qadağa məhdudiyyəti yumşaldılır.


Bundan başqa, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilməsi də layihədə əks olunub.


Bu, daha əvvəlki qaydaların nisbətən dəyişdirilməsidir. Məsələ ondadır ki, 2015-ci ilin 4 dekabrında Milli Məclisin "Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliyə əsasən xarici ölkələrdə dini təhsil almış şəxslərin Azərbaycan ərazisində ibadət və dini ayinləri yerinə yetirməsi qadağan edilirdi. Əslində bu qadağaya qədər də xaricdə təhsil alanlara müəyyən məhdudiyyət olsa da, qanunun sərtləşdirilməsindən sonra xaricdə təhsil alanlar sıxışdırıldı. Son olaraq Hacı Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldırdığı üçün həbs olunub və barəsində cinayət işi açılıb.


Ancaq indi görünən odur ki, hökumət bu sahədə müəyyən bir yumşalma və başqa adla bir sistemləşmə yaratmağa çalışır. Çünki təcrübə göstərdi ki, xaricdə dini təhsili, ümumiyyətlə, təhsili qadağan etmək mümkün deyil. Digər tərəfdən, Azərbaycanda təhsilin digər sahələri kimi dini təhsil sahəsində də ciddi problemlər var. Üstəlik, bu sahədə uzun illər rəsmi məhdudiyyət olduğu üçün Azərbaycanda dini təhsil müəssisələri digər müsəlman ölkələrindən çox geri qalır. Bu səbəbdən də yerli kadrlar ilahiyyatçı tələbatını ödəyə bilmir. Bir neçə ay əvvəl QMİ bəyan etdi ki, ölkədə mövcud olan 2100-dən artıq məscidin yalnız 600-də axund və imam təyinatı olub. Bu da ilk növbədə kadr çatışmazlığı ilə əlaqədardır.


Müstəqillikdən sonra Azərbaycana İran, Türkiyə, körfəz ölkələrindən çoxlu sayda din təbliğatçıları gəlib. Onların bir çoxu təmsil etdikləri ölkələrin tikdirdikləri məscidlərdə dini təbliğat həyata keçiriblər. Ancaq 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra hökumət həm ölkə daxilindəki xarici dini mədrəsələri bağladı, həm də əcnəbi din təbliğatçılarının məscidlərdə fəaliyyətini yasaqladı. 
Son illərdə isə ümumiyyətlə, xaricdə dini təhsil alan azərbaycanlılara qarşı bir sıra məhdudiyyətlər, nəhayət, qanunla xaricdə təhsil alanların dini ibadət həyata keçirmələri yasaqlandı. Ancaq gedişat da göstərdi ki, bu yanaşma kökündən yanlışdır. Xaricdə dini təhsil bütövlükdə qadağan edilə bilməz. Sadəcə, Azərbaycan qanunvericiləri və müvafiq dövlət qurumları problemin müvafiq həll yolunu tapmaq əvəzinə birdəfəlik qadağa qoymaqla bu sahədə əlavə problem yaratdı. Sayları yüzlərlə olan xaricdə dini təhsil almış ilahiyyatçıları şübhə altına almaq, onları dini fəaliyyətlərdən kənarda qoymaq bu şəxslərin təhsil və iş hüququnu məhdudlaşdırmaqla yanaşı, ölkədə savadlı din təbliğatına zərbə vuraraq dini təhsilin gizli, evlərdə aparılmasına, gizli dini fəaliyyətlərə rəvac verdi.


Yalnız indi son aylarda müvafiq qurumlar savadlı din xadimlərinə ehtiyac olduğunu etiraf etməyə başladılar. Bir neçə ay əvvəl Azərbaycanda 7 yeni dini mədrəsənin yaradılması haqqında qərarın verilməsi, ardınca isə xaricdə dini təhsil alanların dini ibadət yerinə yetirməsinə qoyulan məhdudiyyətin aradan (qismən) qaldırılması bu istiqamətdə proqressiv addım sayıla bilər.


Bizə çatan məlumata görə, son qanunvericilik dəyişikliyinin müəllifi QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə olub. Dövlət qarşısında məsələ qaldıran Şeyx savadlı, yüksək təhsilli ruhanilərin dini fəaliyyətə cəlb olunmasına nail olub. Qanuna edilən yeni dəyişikliyə əsasən, xaricdə təhsil almış şəxs QMİ və DQİDK tərəfindən müvafiq razılıq verildikdən sonra ruhani vəzifəsinə təyinat alacaq. Bu isə o deməkdir ki, adıçəkilən qurumlarla yanaşı, müvafiq orqanlar zəmanət verdikdən sonra xaricdə təhsil alanların dini vəzifəyə təyinatı həyata keçiriləcək. 
Məlum olduğu kimi, Azərbaycanda məscidlər tikili olaraq bələdiyyə və ya tarixi-memarlıq abidəsi kimi Mədəniyyət və Turizm Nazirliyinin balansında olur. Eyni zamanda məscidlərdə dini icmalar yaradılır və bu icmalar DQİDK tərəfindən dövlət qeydiyyatına alınır, onların fəaliyyətinə Dövlət Komitəsi nəzarət edir. Məscidlərə imam və axund təyinatı isə QMİ-nin səlahiyyətindədir. Bu mənada istənilən halda məscid imamı və ya axund QMİ tərəfindən təyin olunsa da, onun təyinatına digər əlaqədar dövlət qurumları zəmanət verməlidir.


Qanuna edilən dəyişiklik QMİ-nin yeni, savadlı kadrları işə cəlb etmək, idarənin dini sahədə nüfuzunu yüksəltmək, onun fəaliyyətini daha da səmərəliləşdirmək, leqal dini fəaliyyətlərin qeyri-leqal fəaliyyətlər qarşısında daha davamlı olmasını təmin etmək baxımından düzgün qərar hesab oluna bilər. Çünki QMİ-nin kadr sarıdan zəifliyi onu müstəqil, xaricdə oxumuş ilahiyyatçılar qarşısında həmişə zəif göstərib. Bunu idarənin nəzarətində olan məscidlərlə müstəqil ruhanilərin namaz qıldığı, xütbə oxuduğu məscidlərdəki kütləvilik arasında fərqdə də görmək olar. Bu mənada yeni dəyişiklik həm də cəmiyyətdə QMİ-nin mövqelərinin, dini camiədə nüfuzunun artmasına səbəb ola bilər.




[email protected]