Əjdər Ağayev: "Kurikulum deyilən sənədlər toplusunun təsdiqinin lazımı səviyyədə olmadığının tərəfdarıyam”; Kamran Əsədov: "Kurikulumun standartlarına məcburi dəyişikliklər etmək lazımdır”
Azərbaycan məktəblərində təhsil sistemi 2009-cu ildən etibarən kurikulum sisteminə keçib. Kurikulum - təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə birləşdirən konseptual sənəddir. Bu sistemin əsasını tərtib, tətbiq, qiymətləndirmə, təhlil təşkil edir. Kurikulum sistemində qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir.
Bu sistemə görə, müəllimlər şagirdlərin daha effektiv işləməsi üçün köməkçi vasitələrdən istifadə edir. Bu işə vərəqlərin hazırlanması, lüğətlərin və testlərin surətinin çıxarılması, şagirdlərə paylanılması daxildir. Azərbaycanda istifadə olunan kurikulum növü "fənlərə əsaslanan kurikulum”dur. Bir çoxları bu sistemin özünü doğrultduğu düşüncəsində olsa da, bunun əksini düşünənlər də az deyil. Təhsil ekspertləri Avropadan təhsilə dair başqa sistemləri götürməklə təhsilə daha çox fayda verə bilərdik qənaətindədirlər. Hətta bugünlərdə Azərbaycanda gözlənilən nəticəni vermədiyi üçün kurikulumla tədrisin ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı. İddialara görə, kurikulumla tədrisin ləğvinə əsas səbəblərdən biri şagirdlərin müxtəlif siniflərdə monitorinq imtahan nəticələrinin qənaətbəxş olmamasıdır. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov azvision.az-a açıqlamasında xəbərin yalan olduğunu bildirib.
Maraqlıdır, təhsil ekspertləri bu barədə nə düşünür, 8 ildə kurikulum sistemi təhsilə gözlənilən nəticəni verdimi?
Təhsil Şurasının sədri Əjdər Ağayev kurikulum deyilən sənədlər toplusunun təsdiqinin lazımi səviyyədə olmadığını bildirdi: "Kurikulum sistemi anlayışının özü pedoqoji baxımdan qeyri-dəqiqdir. Kurikulum sənədlər toplusunun adıdır. Mən hələ kurikulum anlayışı Azərbaycana gələndə bu anlayışın Azərbaycan lüğətinə məxsus olmadığını bildirmiş və bizim özümüzdə olan anlayışı, yəni təhsil proqramları anlayışının işlədilməsini təklif etmişdim. Lakin nazirlikdən bildirdilər ki, dünya bankı bunu layihəsində bizə verir və milyonlarla da kredit verir. Əgər kurikulum sözünü işlətməsək elə bilərlər ki, biz onların layihəsini tətbiq etmədik. Bu, adi bir münasibətdən yaranan anlayış oldu. Əlbəttə, müasir təlim metodları elmin inkişafı ilə bağlıdır və bu özünü doğruldur. Amma standartları əsas götürüb sistemli proqramın ləğv olunması və dərsliklərin o standartlara cavab verməsi üçün sistemsiz hazırlanması mənfi hal doğurdu. Yəni öyrənmədə sistemliliyi, varisliyi, geniş dünya görüşünə malik olma imkanlarını sıradan çıxartdı. Buna görə də çoxları tərəfindən bu gün də qəbul olunmur. Digər tərəfdən, hazırlanan dərsliklər əvvəlki sistemliliyi pozduğuna görə müəllimlər və valideynlər tərəfindən də qavranılmadı. Şagirdlər də çox böyük əziyyət çəkirlər. Kurikulumla bağlı hazırlanan dərsliklərin müəyyən bir qismini pedaqoji prosesdə iştirak etməyən adamlar hazırladılar. Məsələn, ibtidai sinfin riyaziyyat dərsliyini hazırlayan əsas müəllif mühəndisdir. O, nə dərs deməyib, nə də ki pedaqogikadan xəbəri yoxdur. Yəni pedaqoji tələblər nəzərə alınmadığına görə, o tələblərdən danışıram ki, o yalnız Azərbaycan yox, dünya təcrübəsində yer tutur. Kurikulumla hazırlanan dərsliklər, kurikulum tələbləri baxımından keçirilən tədris prosesində müəyyən fəallıq və düşüncə axtarışları üçün yaradıcılıq tətbiq olunsa da, onlar, sadəcə söz danışan insanlara çevriliblər. Əslində isə təfəkkür formalaşdırılmalıdır. 90-cı illərdə testlərə ehtiyac vardı. Amma 1996-cı ildən sonra testə ehtiyac yox idi”.
Ekspert bu ümumtəhsil məktəblərinin əksəriyyətində tədrisin lazımi səviyyədə qurulmadığını, müəllimlərin o dərsliklərlə, proqramlarla bağlı çətinlik çəkdiyini dedi:"Buna görə də uşaqlarla repetitorlar məşğul olur. O da ali məktəbə hazırlaşan şəxsin qrupuna lazım olan fənni öyrədir. Bunun fiziki inkişafı, təfəkkürün inkişafı, vətəndaş mövqeyi hazırlığı var ki, bunlar məktəbin bütün fənlərinin tədrisində həyata keçirilməlidir. Ancaq kurikulumun çətinliyi buna imkan vermir. Hazırkı vəziyyətdə kurikulum deyilən sənədlər toplusunun təsdiqinin lazımi səviyyədə olmadığının tərəfdarıyam".
Təhsil eksperti Kamran Əsədov kurikulumun qeyri-adi bir təhsil alma forması olmadığını dedi: "Təəssüf ki, bizim təhsildən nə istədiyimiz məlum deyil. Təhsildə çatmaq istədiyimiz hədəflər yoxdur. Hələ də 70 faiz müəllim nə qədər yeni standartlar tətbiq olunsa da, ya sovetlər dönəmindən qalan bilik və bacarıqları ilə, ya da yeni standartları özü başa düşdüyü kimi tətbiq edir.

Ona görə də kurikulumu ləğv edib Rozenberq metodunu da gətirsək, Finlandiya, Sinqapur modelini də tətbiq etsək, istənilən nəticə əldə etmək mümkün olmayacaq. Çünki hədəflər müəyyən deyil. Kurikulum qeyri-adi bir təhsil alma forması deyil. Bu, təlim standartları və metodlarını özündə əks etdirən orta təhsil sənədidir. Nəzərə alsaq ki, bu kurikulum standartları 2003-2008-ci illərdə hazırlanıb və keçən müddət ərzində istər Azərbaycanın, istərsə də dünyanın təhsilə baxışı, yanaşması dəyişib, əmək bazarının tələbləri yenilənib ona görə də bu sənəddə müəyyən dəyişikliklər edilməsi qaçılmazdır. Mən 3 ildir qeyd edirəm ki, kurikulumun standartlarına yenidən baxmaq, redaktə xarakterli məcburi dəyişikliklər etmək lazımdır. Birincisi, necə deyərlər, bu sənəd köhnəlib, qanunvericilik tələb edir ki, azı 5 ildən bir bu sənəd yenidən işlənsin. İkincisi, kurikulumun müəyyən fənlər üzrə əsas və alt standartlarının reallaşması ya mümkün deyil, ya da ki, reallaşması əhəmiyyətsizdir. Şagird bir sıra standartları tədris prosesində reallaşdırmaqla heç bir mütərəqqi və əhəmiyyətli bilik, bacarıq, vərdiş əldə etmir. Əslində kurikulum kifayət qədər faydalı təlim standartlarıdır. Lakin buraxılış və qəbul imtahanlarında ortaya çıxan nəticələr indi müəllimə verilən pulun səviyyəsinə uyğundur. Əgər nəticələri artırmaq istəyiriksə, ilk növbədə müəllimlərin əmək haqqı məsələsini köklü şəkildə dəyişmək, artırmaq lazımdır. Sizi əmin edirəm ki, tətbiq olunan layihələrə ayrılan vəsaitlərin birbaşa müəllimlər arasında bölüşdürülməsi təmin olunsa, daha keyfiyyətli təhsil ortaya çıxar".