Əliməmməd Nuriyev: ""ASAN xidmət” modelinin uğurla həyata keçirilməsi, elektron xidmətlərin genişləndirilməsi onu göstərir ki, ölkəmiz də yeniliklərə hazırdır”
İctimaifikir.az musavat.com-a istinadən təqdim edir:

"Yeni Müsavat”ın "Bizim qonaq” rubrikasında budəfəki qonağımız Açıq Hökumət Platformasının koordinatoru, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevdir. Biz onunla QHT-lərin hazırkı problemlərindən və Azərbaycanda Açıq Hökumət Təşəbbüsü ilə bağlı görülən işlərdən danışdıq.
- Əliməmməd müəllim, keçirilən müzakirələr, qəbul olunan qərarlar, hökumətə verdiyiniz təkliflər nəticə verirmi? Bu təşəbbüsün proseslərə təsir gücü varmı?
- Bəli. Yaxın günlərdə Azərbaycana OGP-dən nümayəndə heyəti gələcək və bizimlə görüş nəzərdə tutulur. Biz Milli Platformanın fəaliyyətə başlamasından dərhal sonra Azərbaycanın müxtəlif regionlarında platformanın təqdimatını həyata keçirdik. Bizim müzakirə etdiyimiz ilk məsələlər QHT-ləri narahat edən məsələlər idi. Biz çox böyük təkliflər paketi hazırlayıb müvafiq qurumlara təqdim etdik. Onu da qeyd edim ki, həm cənab prezidentin fərmanlarında, həm də Nazirlər Kabinetinin qərarlarında bizim təkliflərimiz öz əksini tapır. QHT-lər praktik problemlərinin həlli ilə bağlı da bizə müraciətlər edirlər, onlara dəstək veririk. Qeydiyyatla bağlı məsələlərə də köməklik edirik. Bizim platformanın üzvü olan Avrasiya Əməkdaşlıq Fondu Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda irəliləməsi ilə bağlı genişmiqyaslı tender elan etdi. Hazırda 10-dan çox təşkilat bu tenderin qalibi olub və bu istiqamətdə layihələr icra edirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ondan ibarətdir ki, Açıq Hökumət Təşəbbüsü və şəffaflıq, hesabatlılıqla bağlı məsələlər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqələrin istiqamətlərindən biri kimi elan edilib.
Milli Fəaliyyət Planının icrasının monitorinqi istiqamətində də layihələr həyata keçirilir. Bu monitorinqlər nəticəsində biz hökumətə öz təkliflərimizi də təqdim edəcəyik.
Azərbaycanda "İctimai iştirakçılıq haqqında” Qanunun qəbulu vətəndaş cəmiyyətinin töhfəsidir. Qanun QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin təşəbbüsü ilə hazırlandı və Milli Məclisə təqdim edildi. Bu qanunun tələblərinə görə, mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılmalıdır. Çox təəssüf ki, bu ictimai şuraların yaradılması prosesi ləng gedir. İndiyədək 7 mərkəzi icra hakimiyyəti orqanı yanında ictimai şura yaradılıb. Ancaq digər qurumlarda hələ yaradılmayıb. Lakin bu proses sürətlənib. Bəzi orqanlar ictimai şuraların yaradılması ilə bağlı elanlar veriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura yaradılması prosesinə start verilib. Digər qurumlarda da yaradılması nəzərdə tutulur. Bu məsələlər gündəlikdədir və müzakirələr aparılır. İctimai şuraların yaradılması prosesi yerli icra hakimiyyətlərini də əhatə etməlidir.
- Açıq Hökumət Təşəbbüsünün daha öncə həyata keçirilən bu tipli proqramlardan fərqi nədədir?
- Açıq Hökumət Təşəbbüsü islahatlar hərəkatıdır. Bu unikal bir modeldir. Şəffaflıq və hesabatlılıq üçün bu model beynəlxalq standartlar müəyyənləşdirmir. Bunu milli hökumətlərin ixtiyarına verir. Ümumi dəyərlər, prinsiplər, çağırışlar var. Lakin onu yerli vəziyyətə uyğun olaraq dövlət qurumları özləri müəyyənləşdirirlər.
Hər bir ölkədə hökumətin vətəndaş cəmiyyəti ilə birgə işləyib hazırladığı və həyata keçirdiyi milli fəaliyyət planları bu islahatların kökündə durur. AHT-yə qoşulmaqla, milli fəaliyyət planları qəbul etməklə ölkələr islahatların həyata keçirilməsi üçün siyasi iradə nümayiş etdirirlər. Çünki milli fəaliyyət planları hökumətlərin şəffaflığın, hesabatlılığın artırılması, infomasiyaya çıxışın asanlaşdırılması, korrupsiyaya qarşı mübarizənin artırılması, idarəetmə mədəniyyətinin, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi üçün innovasiyalardan istifadə olunması üçün öhdəliklərini nümayiş etdirir.
![]()
Ümumiyyətlə, Açıq Hökumət Təşəbbüsünün (AHT) mahiyyəti ondan ibarətdir ki, dövlət özü şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır. İnternet texnologiyalarının sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnun tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır. Bu zaman "bilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür. İnformasiya açıqlığını təmin etməklə dövlət vətəndaşların da bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır.
Çox maraqlıdır ki, Açıq Hökumət Təşəbbüsünün müstəqil qiymətləndirilməsini həyata keçirən ölkələrdə vətəndaşların həyatında müsbət dəyişikliklərə yol açan nümunəvi islahatları fərqləndirmək nəzərdə tutulub və həmin islahatlara "ulduz” statusu verilib. Burada da məqsəd yeni ambisiyaların rəqabətini təşkil etmək və ona diqqət çəkməkdir. Azərbaycanda "ASAN xidmət” modelinin uğurla həyata keçirilməsi, elektron xidmətlərin genişləndirilməsi onu göstərir ki, ölkəmiz də yeniliklərə hazırdır. Sadəcə olaraq, bu modelləri hökumətə təklif etmək lazımdır. Açıq Hökumət Təşəbbüsü həm də bilgili insanların formalaşdırılması prosesidir. Qeyd etdiyimiz, əgər vətəndaş bilgili olacaqsa hökumətin fəaliyyəti haqqında daha çox məlumata malik olacaq. Bu həm hökumətin fəaliyyətini izləməyə imkan verəcək, aparılan siyasətin nöqsanlarını görmək və onu təqdim etmək imkanına malik olacaq. Hökumət isə hesabat verməklə yanaşı, öz uğursuzluqlarını da izah etmək imkanına sahib olacaq. Bütövlükdə bu islahatlar vətəndaşların idarəetmədə iştirakını təmin etməyə xidmət edir. Açıq Hökumət Təşəbbüsü Milli Fəaliyyət Planının da əsas məqsədi bu ehtiyacı təmin etməklə bağlıdır.