Qubad İbadoğlu: "Bu bankda baş verənlər bankın iqtisadi baxımdan çoxdan müflis olduğunu deməyə əsas verir”
Azərbaycan Beynəlxalq Bankı artıq o vəziyyətə çatıb ki, xarici borc öhdəliklərini ödəməyə çətinlik çəkir. Dövlət zəmanəti ilə alınmış 3.3 milyard dollara yaxın borc öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəinki bu banka, Azərbaycan hökumətinə də problem yarada, ölkənin kredit reytinqini aşağı sala bilər. Bankın ödənilməsi gecikmiş borcları artıq 908 milyon dollara çatıb. Beynəlxalq Bank bunu nəzərə alaraq, kreditorların banka qarşı məhkəmə iddialarının dayandırılması və onun ABŞ-dakı hesablarına toxunulmaması ilə bağlı ABŞ məhkəməsinə müraciət edib. Müraciətdə deyilir ki, ABŞ-dakı hesablara girişin itirilməsi bankın öz fəaliyyətini davam etdirməsinə təhlükə yaradacaq. Hökumətin milyardlarla manat xərcləməsinə baxmayaraq, Beynəlxalq Bankın vəziyyəti ekspertlər tərəfindən qənaətbəxş hesab olunmur. Hətta bankın dövlət zəmanəti ilə xaricdən aldığı kreditlər də zaman-zaman mənimsənilib, korrupsiyanın qurbanı olub.
Doğrudanmı Beynəlxalq Bank batır? Hökumətin çabaları bu bankı xilas etməyə kifayət edəcəkmi? ABB üçün xərclənən milyardlar manatın mövqeyini zəiflədə bilərmi?
Vahid Əhmədov deyir ki, Beynəlxalq Bankın sağlamlaşdırılması çox ciddi məsələdir: "Çünki orada problemlər çoxdur. Köhnə rəhbərliyin dövründə yaranmış problemlərdir. Külli miqdarda daxili və xarici borclar, passiv aktivlər var. Hökumət isə çalışır ki, passiv aktivlər olmasın. Çünki passiv aktivlərin olması ciddi problem yaradıb. Cənab prezidentin də sərəncamı var ki, Beynəlxalq Bank özəlləşdirməyə çıxarılmalıdır. Yenə də yük dövlətin üzərinə düşür ki, passiv aktivləri müəyyən qədər neytrallaşdırmaq üçün vəsait lazım olacaq. Bu vəsaitin necə təmin olunacağı məsələsi ilə Maliyyə Nazirliyi məşğuldur. Amma bankların sağlamlaşdırma prosesi çərçivəsində bu məsələnin də həll olunmasına ehtiyac var. Çünki bu proses Azərbaycanın maliyyə bazarına təsir edir”.
Beynəlxalq Bankın müflis elan olunmaqla bağlı Nyu-York məhkəməsinə müraciətinə münasibət bildirən V.Əhmədov vurğuladı ki, bu, bank sektoru üçün normal bir prosesdir:"ABB Nyu-York məhkəməsinə müflisləşməklə bağlı müraciət edib ki, sonradan sağlamlaşdırma ilə bağlı vəsait cəlb etmək mümkün olsun. Bunun elə bir ziyanı yoxdur. Beynəlxalq maliyyə bazarında, bank sektorunda bu cür proseslər gedir”.
Beynəlxalq Bankın maliyyə bazarında yaratdığı gərginliyin manatın məzənnəsinə təsirinə gəlincə, deputat bunun mümkün olduğunu vurğuladı: "Maliyyə bazarında olan istənilən dəyişiklik manata təsir edir. Düzdür, son vaxtlar manatın məzənnəsi qorunub saxlanılır. Bunun da müəyyən məqsədləri var. Lakin manatın uzun müddət qorunması qeyri-mümkündür”.
İqtisadçı ekspert Qubad İbadoğlu qeyd etdi ki, Beynəlxalq Bankda baş verənlər bankın iqtisadi baxımdan çoxdan müflis olduğunu deməyə əsas verir: "Yəni bu bank ötənilki fəaliyyətini 2 milyard manata yaxın zərərlə başa vurub. Bankın sağlamlaşdırılması ilə bağlı dövlətin 9,3 milyard manata yaxın qoyuluşları var. Əlavə olaraq, bankın nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 600 milyon manat vəsait ayrılmışdı. Neft Fondunun orada 1 milyard dollarlıq depozitləri var. Bütün bunları nəzərə alanda onsuz da bank müflis hesab olunmalıdır. Bankın ötən illərdəki fəaliyyəti və növbəti illərdə gözlənilən zərərləri bunu deməyə əsas verir. Amma bu hüquqi prosedur tələb edir. Bu gün hüquqi baxımdan bankın müflis olduğunu demək düzgün deyil. Belə bir qərarı yalnız məhkəmə verə bilər”.
İqtisadçının sözlərinə görə, Nyu-York məhkəməsində isə müzakirə predmeti bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin dövlətin zəmanəti ilə təxirə salınması ilə əlaqədardır: "Nyu-York məhkəməsində bu iddia ona görə qaldırılıb ki, bankın aktivlərini ələ keçirməsinlər. Əks təqdirdə, mövcud qaydalara görə öhdəliklərini yerinə yetirməyən Beynəlxalq Bank aktivləri xarici kreditorların sərəncamına keçməlidir. Dövlət burada zamin durur ki, həmin aktivlər bankın özündə qalsın, sağlamlaşdırma prosesi həyata keçirilsin. Dövlətin zamin durması o deməkdir ki, mövcud borcları ödəmək məcburiyyətində qalacaq. Söhbət, 3,3 milyard dollardan gedir. Bu da vergi ödəyicilərinin puludur. Dövlət bu vəsaiti nə Neft Fondundan, nə də dövlət büdcəsindən götürəcək. Çünki nə DNF-də, nə də büdcədə belə xərc maddəsi nəzərdə tutulmayıb. Düzdür, xarici borc öhdəlikləri ilə bağlı xərc maddələri var. Ancaq söhbət bu qədər böyük məbləğdən getmir. Ona görə də dövlətin götürdüyü bu öhdəlik də, hər halda, Beynəlxalq Bankı bu mərhələdə vəziyyətdən çıxara bilsə də, sonrakı mərhələdə dövlət öhdəlikləri üzərinə götürməmək üçün bankı özəlləşdirməyə çıxartmalıdır. Ancaq artıq özəlləşdirmə hansı şərtlərlə keçiriləcək, bu özəlləşdirmədə investor bankın öhdəliklərinə də sahib çıxacaqmı? Dövlətin zamin olduğu vəsaitləri həmin investor dövlətin əvəzindən ödəyə biləcəkmi? Bu da özəlləşdirmənin səmərəli formasının tapılmasından, bu prosesin normal və şəffaf keçirilməsindən asılıdır. Yox, əgər bu proses də ”Kapital bank"ın özəlləşdirilməsi sxemi ilə aparılacaqsa, o zaman bu əməliyyatlarda ən çox qazanan Beynəlxalq Bankı gələcəkdə alacaq investor olacaq. Bu investor da bir anda Azərbaycan bank sektorunu monopoliyasına götürə bilər. Burada təhlükəli məqamlar çoxdur".
Qubad İbadoğlunun sözlərinə görə, istənilən halda bu qərarın verilməsi, beynəlxalq məhkəmə müstəvisində müzakirələrin başlaması Azərbaycan bank sisteminin reytinqinin düşməsinə, bankların gələcəkdə xarici kreditlərə çıxış imkanlarının daha da çətinləşməsinə gətirib çıxaracaq.
Beynəlxalq Bankın maliyyə bazarı üçün yaratdığı problemlərin manatın məzənnəsinə də təsirsiz ötüşməyəcəyini deyən iqtisadçı ilin sonuna doğru milli valyutanın dəyərdən düşəcəyini açıqladı: "Söhbət Beynəlxalq Bankın xarici borc öhdəliklərinin valyuta ilə ödənilməsindən gedir. Bu da daxili bazarda dollara tələbatı artıracaq. Ən ciddi təsirlərdən biri də manatın məzənnəsinə olan təsir olacaq. Çünki daxili bazarda xarici valyutaya olan tələb artacaq. Bu da manatın məzənnəsinin ucuzlaşması üçün əsas rol oynayan faktorlardan birinə çevriləcək. Çox güman ki, beynəlxalq yarışlardan sonra Azərbaycanda manatın məzənnəsinin ilin sonuna kimi davamlı olaraq ucuzlaşmasının şahidi olacağıq. 3,3 milyard dollar bu il ərzində ödəniləcəksə, təbii ki, bunun manatın məzənnəsinə təsiri olacaq. Yox, əgər xarici kreditorlarla razılaşma əsasında müəyyən qrafik əsasında bir neçə ilə icra olunacaqsa, təsirləri o qədər də böyük olmaya bilər”.