Pərviz Heydərov: "Neftin qiyməti 40 dollardan aşağı düşərsə, vəziyyət yenə köhnə qaydaya qayıdacaq”
Artıq ilin ilk 4 ayı geridə qaldı. Cari ilin ikinci rübünü də yarılamışıq. Son 4 ayda ölkənin makroiqtisadi göstəricilərində müəyyən qədər artım qeyd olunsa da, bu, arxayınlıq üçün əsas vermir. Çünki maliyyə sektorunda böhran davam edir. Bütün bunların qarşılığında hökumət bütün gücünü manatın 1.70 ətrafında sabitliyini qorumağa və qeyri-neft sektorundan gələn gəlirlərin artırılmasına yönəldib. Bəs görəsən, 2017-ci ilin geridə qoyduğumuz dövrünün iqtisadi göstəriciləri hansı istiqamətdə proqnozlaşdırmağa əsas verir? Böhran dərinləşəcək, yoxsa çözüləcək?
"Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, ölkədə yeni iqtisadi modelə transformasiya uzunmüddətli bir prosesdir: "Bunun öz nəticəsini qısa müddət ərzində göstərəcəyini gözləmək düzgün deyil. Əlbəttə, söhbət ümumi nəticədən gedir. Ümumi nəticə isə məhz ondan ibarətdir ki, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə olunsun. Yəni xarici maliyyə və xammal bazarlarındakı hər hansı dəyişikliklər iqtisadiyyatımıza az təsir göstərsin. Təəssüf ki, hələ bundan uzaqdayıq. Ancaq məhz həmin hədəfə doğru addımlamaqdayıq. Sözsüz ki, müəyyən nəticələr də var. Belə ki, iqtisadiyyatda 2 ildir ardıcıl davam edən geriləmə prosesi dayanıb və artıq stabilləşmə müşahidə edilməkdədir. İki il deyəndə söhbət 2015-ci və 2016-cı illərdən gedir. Xatırladım ki, 2015-ci ildə birincisi 34%, ikincisi isə 47% olmaqla, iki dəfə devalvasiya baş verdi. Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 5 milyard ABŞ dollarına düşdü. Halbuki 1 il öncə, yəni 2014-cü ilin payızında bu məbləğ 15 milyard dollardan çox idi. Keçən il isə üstəlik, 1 milyard dollar da xərcləndi. Və AMB-nin ehtiyatı 4 milyarda qədər endi. 2016-cı ilin əvvəli də çox pis başlamışdı. Neftin dünya bazar qiymətlərinin 30 ABŞ dollarından aşağı düşməsi hökuməti əməlli-başlı təşvişə salmışdı. Belə ki, fevralda qeyd olunan ilin dövlət büdcəsinə yenidən baxıldı, neftin proqnoz qiyməti 25 dollara salındı”.
İqtisadçı böhranın bank sektoruna vurduğu zərbədən danışdı: "Ölkədə 43 bankdan 11-i bağlandı. İnflyasiya səviyyəsi isə 2015-ci il ərzində 4% qeydə alınmışdısa, 2016-cı ildə 12,4% təşkil etdi. Ümumi daxili məhsul (ÜDM) istehsalı həcmi 2015-ci ilin yekununa güc-bəla ilə 1,1% təşkil edə bilmişdisə, keçən il 3%-dən də çox aşağı düşdü. İnvestisiyaların həcmi də həm daxili, həm də xarici mənbələr hesabına azaldı. 2014-cü ildən etibarən start götürən bu proses (1,7%), 2015-də 11,1%, keçən il isə 26%-dən yuxarı təşkil etdi. Və beləliklə də, ölkədə makroiqtisadi sabitlik qorunub saxlandısa da, kövrək hala düşdü. Ancaq hökumətin bütün bunlara rəğmən, keçən ilin əvvəlindən etibarən həyata keçirməyə başladığı bir sıra tədbirlər - iqtisadiyyatı idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bərabər, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, ölkədə pul-kredit siyasətini daha da sərtləşdirməsi və sair nəticəsində, o cümlədən xarici iqtisadi faktorların da təsirlərinin ilin 2-ci yarısından yumşalmağa başlaması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfindən istehsalın azaldılacağı haqda söhbət ortaya çıxan gündən sabitləşməsi 2017-ci ildə ölkədə iqtisadi artımın bərpa olunacağını qabaqcadan da proqnoz etməyə imkan verirdi”.
Ekspert 2017-ci ilin iqtisadi baxımdan uğurlu başladığını vurğuladı: "Elə ilin elə ilk ayından bu özünü doğrultdu. Belə ki, 2017-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 % çox ÜDM istehsalı qeydə alındı. 2017-ci ilin I rübündə ölkədə 15229,7 milyon manat və ya əhalinin hər nəfərinə 1570,0 manat dəyərində ümumi daxili məhsul istehsal edildi. Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 % artmış, neft-qaz bölməsində isə 6,8 % azalmışdı. Manatın dollara qarşı dəyərinə gəldikdə isə yanvarda 8,23% civarında ucuzlaşmağına baxmayaraq, valyuta bazarında ”alov" tədricən yatmağa doğru meyllənməyə başladı. Yeri gəlmişkən, AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 2017-ci il fevralın 1-nə ilin əvvəli, yəni yanvarın 1-nə olan rəqəmlə müqayisədə 352,8 milyon dollar və ya 8,88% artdı ki, bunun da çox müsbət bir işartı olduğu və manatın ucuzlaşması prosesinin də nəhayət ki, dayanacağı aydın göründü".
P.Heydərovun sözlərinə görə, AMB-nin valyuta ehtiyatları artmaqda davam edir: "İlin əvvəlinə nisbətən AMB-nin valyuta ehtiyatlarının həcmi 644,9 milyon dollar və yaxud 16,2 %, son 1 ildə isə 498,7 milyon dollar və yaxud 12,1 % artmışdır. Bu baxımdan, güman etməyə əsas var ki, cari ilin I yarısının sonuna AMB-nin ehtiyatlarının həcmi 5 milyard dollarlıq səviyyəni ötüb keçəcək. Lakin bütün bunlara rəğmən, bir daha qeyd edirəm ki, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə olunması üçün hələ xeyli ”yol getmək" lazımdır. Bunun üçün valyuta gəlirlərimizin neftdənkənar ixrac potensialımızdan asılı olması tələb olunur. Nə qədər ki, buna nail ola bilməmişik, neftin qiyməti 40 dollardan aşağı düşərsə, vəziyyət yenə köhnə qaydaya qayıdacaqdır"