Ermənistanın sülh danışıqlarından imtina etdiyi bir mərhələdə Qərbin separatçılarla bağlı fərqli mövqe sərgiləməsi işğalçını daha da həvəsləndirir...

Bu gün Qarabağ cəbhəsində müharibənin dayandırılması barədə razılaşmanı özündə ehtiva edən Bişkek protokolunun hüquqi qüvvəyə minməsinin 23-cü ildönümü tamam olur. 1994-cü ilin 8 mayında Azərbaycan, Ermənistan rəhbərliyi, həmçinin Qarabağın hər iki icmasının nümayəndələri tərəfindən imzalanan bu sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi” imzalamalı idi, lakin artıq üçüncü onillikdir ki, Ermənistanın təcavüzkar siyasəti sülh razılaşmasına gəlməyə imkan vermir.
Düzdür, Bişkek protokolu imzalanan gündən cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Ancaq düşmənin vaxtaşırı atəşkəs rejimini pozması nəticəsində hər iki tərəf çoxsaylı itkilər verib. Bununla belə, cinayətkar Ermənistan hakimiyyəti məsuliyyətini dərk edib konstruktiv mövqe ortaya qoymaq istəmir. Ötən ilin aprelində baş verən dördgünlük döyüşlər bir daha təsdiq etdi ki, Bişkek razılaşması əslində çoxdan öz qüvvəsini itirib və bölgədə dağıdıcı müharibənin başlanması an məsələsidir. Ancaq çox təəssüf ki, status-kvonun təhlükəli olduğunu anlayan beynəlxalq güclər məsələnin köklü həllində maraqlı olmadıqlarını öz davranışları ilə sübuta yetirirlər. Fransanın keçmiş prezidentinin Qarabağ ermənilərinin "öz müqəddəratını təyinetmə hüququna” sahib olması zərurətindən danışmasını unutmamışıq. Rusiya XİN rəhbərliyinin Ermənistanı və Qarabağdakı separatçıları məmnun edən davranışları da göz önündədir. Sonuncu halda Moskvadakı aksiyaya Qarabağın separatçı rejiminin bayraqları ilə çıxanlara etiraz sərgiləyən azərbaycanlılara Rusiya polisinin hücum etməsi də çox şey deyir.
Təəssüf ki, daha çox ədalətinə inanmaq istədiyimiz ABŞ-dan da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı prinsipial mövqe görmürük. Qarabağ separatçılarına vaxtaşırı müxtəlif adlarla dəstək verən ABŞ hökuməti separatçıların bu ölkədə "nümayəndəlik” yaratmasına, qatil Bako Saakyanın okeanın o tayında telemarafon keçirib Azərbaycana qarşı savaşı davam etdirmək üçün pullar yığmasına imkanlar tanıyır. Bugünlərdə isə ABŞ Senatının 2017-ci il üçün federal büdcə ilə bağlı qəbul etdiyi qanunda ilk dəfə olaraq Gürcüstanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı maddələr yer alıb, işğala görə Rusiyaya yeni sanksiyalar nəzərdə tutulur. Həmin maddələrə əsasən, Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıyan istənilən ölkəyə hər hansı kömək birbaşa və qəti şəkildə qadağan edilir. Ancaq Azərbaycanın işğal altındakı torpaqlarına münasibətdə bu mövqe yoxdur. Hansı ki, söhbət həmsədr ölkələrdən gedir. Belə olan təqdirdə Bişkek protokolunun nə vaxtsa əbədi sülh gətirəcəyinə inanmaq mümkün deyil. Çünki işğalçı qarşısında güc görərsə, o halda ənənəvi mövqeyindən əl çəkə bilər. Əks təqdirdə, Rusiyadan "İsgəndər” raketləri, ABŞ-dan gecəgörmə cihazlarını hədiyyə alan işğalçı mövqeyini niyə dəyişsin ki?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, atəşkəs bölgəyə sülh və əmin-amanlıq gətirməyib: "Bişkekdə atəşkəs sazişi imzalananda deyilmişdi ki, məqsəd yaxın zamanda sülh müqaviləsini imzalamaqdır. Ancaq 23 ildə bu mümkün olmadı. Çünki qarşı tərəf işğalı rəsmiləşdirməyə çalışır. Bizim üçün atəşkəsin mənası odur ki, Ermənistan işğal altındakı torpaqları boşaltmalı və məcburi köçkünlər yurdlarına qayıtmalıdırlar. Ermənistan hakimiyyəti isə tam tərsinə, atəşkəsdən status-kvonun uzanması məqsədilə istifadə edir”.
Ekspert hesab edir ki, belə şəraitdə atəşkəs Azərbaycanın maraqlarına cavab verə bilməz: "Aprel döyüşləri Azərbaycanın status-kvo ilə əbədiyyətə qədər barışmayacağı anlamına gəlirdi. Təəssüf ki, erməni separatçıları bunu anlamırlar. Düşünürlər ki, status-kvoya şərait yaradan atəşkəsi uzun müddət uzatmaq mümkündür. Azərbaycan ordusu modern silah və hərbi texnika ilə ona görə silahlanmır ki, atəşkəsə xidmət etsinlər. Bu silah və hərbi texnika torpaqların işğaldan azad edilməsi üçün alınır. İndi olmasa da, yaxın zamanda bu silahlar yenə hərəkətə gətiriləcək. Çünki bizim başqa alternativimiz yoxdur”.
Politoloq Arzu Nağıyevə görə, ümumiyyətlə, ABŞ və Avropanın əsas məqsədi məhz bu proseslərdən istifadə edərək Rusiyaya qarşı sanksiyaların artırılması və bununla da onu həm siyasi, həm də iqtisadi blokadaya salmaqdır: "İstər Ukraynada, istərsə də Gürcüstanda bunun şahidi olduq. Təsəvvür edin ki, Ukrayna və Gürcüstanla viza rejimini ləğv edən Avropa ikinci addım kimi Donbas və Abxaziyada, Cənubi Osetiyada yaşayan vətəndaşlara da müvafiq olaraq Gürcüstan və Ukrayna pasportları paylatdıracaq və onların da Avropaya vizasız gediş-gəlişini təmin edəcək. Məhz buna görə də Rusiya həmin vətəndaşlara artıq özünün tanıdığı sənədləri təqdim etməyə başlayıb. Düşünürəm ki, bu, eyni zamanda Krıma da tətbiq ediləcək. Bu regionlar Rusiyanın birbaşa ilhaq etdiyi ərazilərdir”.

Dağlıq Qarabağa gəldikdə isə A.Nağıyev bildirdi ki, burada proseslər SSRİ dövründən başladığı üçün Rusiya bir varis kimi cavabdehlik daşımalıdır: "Bu gün Dağlıq Qarabağla bağlı belə addımlar atılarsa, ermənilərə qarşı sanksiyalar kimi qəbul ediləcək. Gələcəkdə yəqin ki, davam kimi biz Dnestryanı, sonra da Qarabağla bağlı belə sanksiyaların şahidi ola biləcəyik. Çünki əvvəllər hətta Avropada belə hər bir millətin öz müqəddəratını təyinetmə hüququ ön plana çəkilirdisə, artıq separatizm meylləri artaraq Avropanı, elə ABŞ-ın özünü də parçalaya bilər. Məhz buna görə də separatmeyllilərə sanksiyalar tətbiq ediləcəyi gözləniləndir”.
Çox qəribədir ki, həmsədrlər Serj Sərkisyanın qanunsuz olaraq Azərbaycan ərazilərinə gəlişinə, Şuşanın işğalının 25-ci ildönümü ilə bağlı işğalçıların keçirdiyi tədbirlərdə iştirakına, Azərbaycana qarşı erməni-rus hərbi birləşməsinin komandirinin təhdidlərinə də reaksiya vermir. Odur ki, düşmən Azərbaycanı günahlandırmaq üçün çeşidli şoular quraşdırır. Ancaq Qərbin sükutu, həmçinin separatçılarla fərqli davranmasının səbəbləri məlum deyil. Azərbaycanı narahat edən məsələyə heç olmasa səfirlik səviyyəsində reaksiya verilmir.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, bu, Qərbin Azərbaycanın ərazi bütövlüyünə münasibətdə ənənəvi siyasətidir: "Postsovet məkanındakı digər münaqişələrə münasibətdə Qərb Azərbaycanın ərazi bütövlüyü ilə bağlı manipulyativ mövqe sərgiləyir, ikili standartlardan çıxış edir. Təbii ki, bunun səbəbləri var. Ermənistan indi Rusiya ilə birgə olmaq, Rusiyanın ayaqları altına yıxılmaq məcburiyyətindədir. Rusiya ilə Ermənistanı bir arada tutan heç bir ideoloji, yaxud dini bağ yoxdur. Rusiya xristian dövləti olsa da, din bu ölkədə heç vaxt aparıcı faktor olmayıb və olması da mümkün deyil. Unutmaq lazım deyil ki, Ermənistan Rusiyanın forpostu olmaqla yanaşı, eyni zamanda Qərbin missioner dövlətidir. Bu missionerlik tarixi ənənələrə söykənir. Ermənilər Osmanlı Türkiyəsində də eyni missiyanı yerinə yetirirdilər”.

Rusiyada separatçılara meydan verilməsinin səbəbi barədə danışan E.Mirzəbəyli qeyd etdi ki, bu, Moskvanın son dövrlərdə daha qabarıq nəzərə çarpan siyasəti ilə bağlıdır: "Moskva təkcə öz ərazisində deyil, həm də Azərbaycanın maraqlarının kəsişdiyi digər bölgələrdə də bizə ziyan verməyə çalışır. İtaliyada TAP-ın inşasına qarşı həyata keçirilən aksiyalar da Rusiyadan idarə olunur və maliyyələşdirilir. Moskva ”Türk axını" layihəsini qabartmaqla Ankaranın Azərbaycanla bağlı iqtisadi maraqlarını da neytrallaşdırmağa, bizi maksimum dərəcədə "təkləməyə” çalışır. Rusiya Azərbaycanı KTMT-yə və Avrasiya İttifaqına qatmaq, əvəzində isə heç nə vermək istəmir. Real vəziyyət budur".
Belə olan halda ənənəvi sual ortaya çıxır: rəsmi Bakı nə etməlidir? Politoloq hesab edir ki, indiki şəraitdə ölkənin bütün istiqamətlərdə müqavimət gücünün artırılmasından başqa yol görünmür: "Zənnimcə, bizi təxminən 1 illik ziddiyyətli bir zaman gözləyir. Bu müddət ərzində Avropa İttifaqının da, ABŞ-ın da xarici siyasətində aktivliyin artacağını, bu aktivliyin Cənubi Qafqaza da təsir göstərəcəyini düşünürəm”.
Son bir neçə həftə ərzində Azərbaycanı Tavuş vilayətindəki mülki əhalini atəşə tutmaqda ittiham edən, savaşı iki dövlət sərhədinə çəkməkdən ötrü çeşidli təxribatlara əl atan Ermənistan indi də növbəti şouya başlayıb. Mayın 11-də erməni mətbuatı iddia edib ki, Azərbaycan tərəfdən açılan atəş nəticəsində "Şant” telekompaniyasının operatoru David Atoyan yaralanıb və İrəvana aparılıb. Amma şüşələri qırılmış avtomobildə nədənsə qan izləri müşahidə olunmur. Üstəlik, avtomobil kənardan baxanda hərbi maşına daha çox bənzəyir, nəinki mülki maşına. Bölgəyə gələn "jurnalist”i hərbi maşından seçilməyən avtomobillə daşımağın özü sırf təxribatdan xəbər verir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə bildirdi ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, "Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb. "Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür”.
Lakin virtualaz.org-un araşdırmaları erməni yalanını üzə çıxarıb. Məlumata görə, düşmən bu kampaniyanı başlamazdan əvvəl ciddi səhvə yol verib. "Novosti Armenia” agentliyi "Şant” telekanalının həmin insidentdən bəhs edən videosüjetini yayıb və kadrlardan məlum olur ki, erməni jurnalistlərinin çəkiliş qrupu hərbi kamuflyaj şəklində rənglənmiş "Shevrolet Niva” avtomobilində hərəkət ediblər. Üstəlik, avtomobilin salonunda "Kalaşnikov” avtomatı var. "Hərbi kamuflyaj daşıyan və salonunda hərbi geyimli, ”Kalaşnikov"la silahlanmış adamların olduğu istənilən avtomobil istənilən münaqişə zonasında qarşıduran tərəf üçün qanuni hədəfdir" - sözügedən araşdırma materialında deyilir. Həqiqətən də hərbi kamuflyaj şəklində rənglənmiş maşında olan jurnalist kamera əvəzinə, avtomat daşıyırsa, onun Azərbaycan tərəfə atəş açmadığına kimsə zəmanət verə bilməz. Azərbaycan əsgəri heç vaxt düşmənin qisasını mülki şəxslərdən və ya jurnalistlərdən almayıb, Qarabağ döyüşlərində həlak olan azərbaycanlı jurnalistlərlə bağlı acı həqiqətlər də çox şey deyir. Göründüyü kimi, "atəşkəs” haqqında sazişdən keçən 23 ildə düşmən nəinki islah olunmayıb, hətta daha da ağzınlaşıb və təxribatlarından əl çəkməyib.
Ermənistanın sülh danışıqlarından imtina etdiyi bir mərhələdə Qərbin separatçılarla bağlı fərqli mövqe sərgilməsi isə işğalçını daha da həvəsləndirir. Kəsəsi, düşmən və onun himayəçiləri Azərbaycanı savaşa çəkir...