Ekspertlərə görə, yeni qaydada bərpa olunacaq məntəqələrin manatın məzənnəsinə ciddi təsiri olmayacaq...
Valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa edəcək. Bunu Milli Məclisin plenar iclasında "Valyuta tənzimi haqqında” Qanunun müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. İqtisadçı ekspertlər "Exchange”lərin bərpasını müsbət qiymətləndiriblər.
İqtisadçı ekspert Pərviz Heydərova görə, valyutadəyişmə məntəqələrinin bərpası ölkədə valyuta bazarında yeni qaydaların və mexanizmin yaradılması və təşkili işlərinin tərkib hissəsinə aid olmaqla, onun növbəti mərhələsini təşkil edir: "Bu addım nə vaxtsa atılmalı idi - amma yeni əsasda və tamamilə yeni şərtlər çərçivəsində. Çünki əvvəl bu sahədə bir kortəbiilik mövcud idi. Ancaq valyuta bazarında, başqa sözlə, ölkədə ümumən valyuta alqı-satqısı prosesində heç bir gərginlik mövcud olmadığından, həmin kortəbiilik özünü əyani olaraq hiss etdirmir və göstərmirdi. Elə ki, ölkəyə xarici valyuta axını azaldı və dollar qıtlığı yaranmağa başladı, bu, öz neqativ təsirini dərhal göstərməyə başladı. Belə ki, valyutadəyişmə məntəqələri spekulyasiya əməllərinin bilavasitə icraçısına çevrildilər. Odur ki, bunların bağlanması zərurətə çevrildi. Çünki bu sahədə heç bir hüquqi tənzimləmə yox idi, 6 min nəfərin fəaliyyəti və gəlirləri nəzarətdən kənarda idi. Sözügedən məntəqələrin fəaliyyətləri ”dondurulmasa" idi, ölkədə valyuta bazarında çox ciddi xaos yarana bilərdi və prosesləri yığıb-yığışdırmaq mümkün olmayacaqdı. İndi valyutadəyişmə məntəqələri yeni qaydada bərpa olunacaq. Valyuta alqı-satqısı lisenziyalaşdırılan fəaliyyət növlərindən biri sayılacaq. Və buna görə müvafiq qaydada rüsum ödəniləcək. Ümumiyyətlə, ölkədə valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunla tənzimlənəcək. Və buna icazəni, yəni lisenziyanı maliyyə bazarlarına nəzarət orqanı verəcək. Fiziki şəxslər də bu işlə məşğul ola biləcəklər. Yəni ki, yerli banklar, xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru və rezident hüquqi şəxs və qeyri-rezident hüquqi şəxslərin filialları (valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) ilə yanaşı, fiziki şəxslər də valyuta alqı-satqısı həyata keçirmək hüququna malik olacaqlar. Amma yalnız lisenziya əldə etdikdən sonra..."
İqtisadçının fikrincə, əsas şərtlərdən biri də odur ki, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməklə, həm də bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti də yerləşdirməli olacaq: "Və o depozitdə saxlanılmaqla, lisenziya qüvvədə olduğu müddətdə geri qaytarılmayacaq. Qısası, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan və yaxud olmuş bütün subyektlər uçotda, başqa sözlə, qeydiyyatda olacaq. Bütün bunlar müsbət cəhətlərdir”.
Valyutadəyişmə məntəqələrinin bərpasının valyuta bazarına və manatın məzənnəsinə təsirinə gəlincə, ekspert bildirdi ki, əvvəl bu sahəyə nəzarət olmayıb: "Valyutadəyişmə məntəqələri ölkədə dollar qıtlığı yaranan kimi spekulyasiya əməlləri ilə məşğul olmağa başladılar. Bundan sonra bu, mümkün olmayacaq. Ölkədə valyuta mübadiləsi üzrə vəziyyət daha açıq, sərbəst, rahat, əlçatan və şəffaf olmaqla yanaşı, bu gün sözügedən sahədə ”qara bazar" üçün cüzi də olsa zəmin yaradan amilləri də aradan qaldırmağa yardım edəcək".
İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da bildirdi ki, buna qismən bərpa demək olar: "Əvvəllər həmin məntəqələr formal olaraq bankların bölməsi kimi fəaliyyət göstərirdi. Amma reallıqda ayrı-ayrı sahibkarlara məxsus idilər. İndi isə həmin şəxslər məntəqələri elə öz adlarına rəsmiləşdirə biləcəklər. Bu baxımdan, mütərəqqi addımdır. Özümüz özümüzü niyə aldadaq ki? Real sahibləri kimdirsə, qoy elə onların da adına olsun. Əvvəllər, sadəcə, buna ona görə imkan vermirdilər ki, valyuta mübadiləsi zamanı Mərkəzi Bankın 2%-lik (sonra 4% oldu) marja tələbi var idi. Yəni Mərkəzi Bankın rəsmi məzənnəsindən fərq yalnız bu həddə ola bilərdi. Buna görə də nəzarət etmək çətin idi. Devalvasiyadan sonra nəzarət tam itdi deyə, məntəqələri ləğv etdilər. Amma indi marja tələbi yoxdur, hamı valyutanı istədiyi qiymətlə satır. Yəni qara bazara lüzum qalmayıb. Odur ki, təhlükə yoxdur. Buna görə də bundan sonra qayda belə olacaq: rüsumunu ödə, ”Exchange" işlət".
İqtisadçının sözlərinə görə, valyutadəyişmə məntəqələrinin açılmasına görə ödənilən dövlət rüsumu da MBNP üçün əlavə gəlir mənbəyi olacaq: "Məlumdur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət büdcəsindən maliyyə almır, odur ki, bu da onun üçün əlavə gəlir mənbəyi olacaq. Amma reallıqda gözləmirəm ki, məntəqələrin sayı əvvəlki kimi çox olsun. İqtisadi aktivlik, valyuta bazarı xeyli zəifləyib. Bu şəraitdə ”Exchange" biznesi əvvəlki kimi cəlbedici deyil. Hər bir halda onlar yenə də valyutanı banklardan almalı olacaq, çünki valyuta hərraclarına çıxışları yoxdur. Bu baxımdan, əlbəttə, rəqabət artacaq və bu, müsbət haldır. Amma yenə də "Exchange”lər indiki şəraitdə banklara rəqib ola bilməz. Həmçinin bunun manatın məzənnəsinə heç bir ciddi təsiri olmayacaq".