Yay vaxtının ləğvinin ildönümündə ölkədə saat çaşqınlığı yaşandı

Osman Gündüz: "Mobil telefonlarda yaşanan saat probleminə görə müvafiq qurumlar günahkardır”; Natiq Cəfərli: "Saatların çəkilməsinin Azərbaycan iqtisadiyyatına hər hansı təsiri olmayıb”

Yay vaxtının ləğvinin ildönümündə ölkədə saat çaşqınlığı yaşandı
Martın 26-da Avropa Birliyi ölkələri və ABŞ-ın əksər ştatları yay vaxtına keçdi. Belə ki, hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələri saatları qış vaxtına keçirir. Bildirilir ki, saatların çəkilməsinin iqtisadiyyata müəyyən qədər faydaları olsa da, insan orqanizminə isə mənfi təsir göstərir.


Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Azərbaycanda da ötən ilə qədər yay və qış vaxtlarına keçid tətbiq olunurdu. Belə ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi. Keçən il Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edildi və müvafiq olaraq ötən il oktyabrın 30-da ölkə ərazisində qış vaxtına keçid baş vermədi. Bu səbəbdən bu il martın son bazar günü saatların 1 saat irəli çəkilməsinə ehtiyac qalmayıb.


Lakin Azərbaycanda saatlar çəkilməsə də martın 26-sı bəzi mobil cihazlarda saatlar avtomatik olaraq irəli çəkilib. Bu da bir çox insanlarda haqlı olaraq çaşqınlıq yaradıb. Rabitə və kompüter sistemlərinin fəaliyyətində heç bir xəta baş verməyib, sistemlər normal çalışır və Azərbaycanın standart vaxt zonası GMT+4 olaraq göstərilir.


Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, günah Azərbaycanın müvafiq qurumlarındadır: "Ötən il də bu problem yaşandı. Bu, saat dəyişikliyindən sonrakı məlumatlandırma işinin düzgün qurulmaması ilə bağlıdır. Dünyada kompüter, əməliyyat, proqram istehsalçılarının saatı götürdükləri bəlli bir qurum var. Bütün saatla bağlı informasiyalar həmin qurumda olur. Düşünürəm ki, bizim müvafiq qurumlar yəni Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz səlahiyyətləri çərçivəsində buna təsir göstərə bilərdilər. Böyük istehsalçı şirkətlərlə iş aparmaq lazımdır ki, onlar özlərinin məhsullarında saatla bağlı informasiyaları yeniləsinlər. Böyük şirkətlər üçün Azərbaycan bazarı çox kiçikdir. Buradakı biznes maraqları çox aşağı olduğuna görə, saat kimi məsələlər də onlar üçün əhəmiyyətsizdir. Ona görə də təşəbbüs bizim tərəfimizdən gəlməlidir. Hesab edirəm ki, bu cür problemlər hələ də qalıbsa, adi çəkilən qurumların bu sahədəki fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Daha ciddi addımlar atılmalıdır”.


Mütəxəssislər bildirirlər ki, saatların çəkilməsi insan orqanizminə əsaslı olmasa da müəyyən qədər zərər verir. Araşdırmalara görə, saatlar çəkilən zaman xüsusilə uşaqlar, həssas insanlar, ürək-damar problemi yaşayan şəxslər narahat olurlar. Bundan başqa saatların geri-qabağa çəkilməsinin psixoloji olaraq da insanda müəyyən müddət depressiyaya yol açması söylənilir. Misal üçün, Finlandiya tədqiqatçılarının apardığı araşdırmaya görə, yay vaxtına keçiddən iki gün sonra insult olan insanların sayı 8 faiz daha çox olub. Xərçəng xəstəliyi qurbanlarının bu müddət ərzində insult halı 25 faiz daha çox, yaşı 65-dən yuxarı olanlarda isə insultun baş vermə ehtimalı 20 faiz artıb.


Bu aspektdən yanaşdıqda, Azərbaycanda saatların çəkilmədiyini nəzərə alarsaq, sadalanan xəstəliklərin də azalmasını söyləmək olar. Məsələnin iqtisadi tərəfləri ilə bağlı isə ekspert Natiq Cəfərli bildirib ki, saatların çəkilməsinin Azərbaycan iqtisadiyyatına hər hansı bir təsiri olmayıb: "Dünya üzrə aparılan araşdırmalardan belə bir nəticə ortaya çıxıb ki, saat qurşağının tez-tez dəyişməsi insanlarda adaptasiya problemi yaradır, bu da işə öz mənfi təsirini göstərir. Yəni saatların çəkilməsindən ciddi bir iqtisadi gəlir əldə olunmurdu. Tarixən saatların çəkilməsində əsas arqument, elektrik enerjisinə qənaətlə bağlı olub. Ancaq son zamanlar yeni texnologiyaların meydana gəlməsi, çox az elektriklə işləyən cihazların istehsalı, bu məsələnin aktuallığını azaldıb. Ona görə də son zamanlar saatların çəkilməsinin əsasən insan orqanizminə təsirləri araşdırılırdı. Aradırmaların böyük əksəriyyəti göstərir ki, bioloji saatla real saat arasında ciddi fərq yarandıqda, bu, əmək fəaliyyətinə mənfi təsir göstərir. Nəticədə isə məhsuldarlıq aşağı düşür. Bu baxımdan yay və qış vaxtlarına keçidin ləğv olunması məncə, müsbət addımdır. Azərbaycan kontekstində isə saatların çəkilməsinin ümumiyyətlə, ciddi əhəmiyyəti yoxdur. Çünki Azərbaycanda sənayeləşmiş iqtisadiyyat mövcud deyil ki, elektrik enerjisi məsələsində hər hansı uğurlu gedişat olsun. Onsuz da Azərbaycanda elektrik enerjisi bahadır və əhali son qiymət artımından sonra qənaət rejiminə öyrəşib, limiti keçməməyə çalışır”.




[email protected]