3 ildir davam edən siyasi təlatümlər və seçki prosesinin növbəti "dayanacağı” - 16 aprel səsverməsi hansı nəticələri verəcək...
![]()
20 gündən sonra Türkiyədə referendum keçiriləcək. Əslində siyasi anlamda bu referendum mövcud hakimiyyətin taleyini dəyişmir və ya parlament seçkilərində olduğu kimi hökumət dəyişikliyinə gətirməyəcək. Ancaq hazırkı seçki ab-havasına baxdıqda "16 aprel referendumu digər seçkilərdən daha qaynar keçir” deyə bilərik.
Referendum kampaniyası bütün ölkə boyu böyük bir hərəkətliliklə müşahidə olunur. Az qala ölkənin bütün irili-xırdalı şəhərlərində kampaniya, çağırışlar, mitinqlər, təbliğat vərəqələri paylanır. Siyasi qüvvələr faktiki olaraq iki cəbhəyə bölünüb və günü-gündən sərtləşən bir ritorika ilə təbliğat kampaniyası aparırlar.
Bu vəziyyətin bir səbəbi də Türkiyənin artıq 3 ildən çoxdur gərgin siyasi atmosferdən çıxa bilməməsidir. Türkiyə cəmiyyəti tam bir təzyiq altındadır. 2013-cü il 17-25 dekabr olaylarından bu yana ölkə aramsız olaraq gərginlikdən çıxa bilmir. Hökumət içindəki qrupun siyasi iqtidara qarşı ilk "baş qaldırması” olan dekabr hadisələri Türkiyə cəmiyyətinə ciddi təsir etdi, bunun ardınca 2014-cü ilin 30 martında ölkə gərgin atmosferdə bələdiyyə seçkilərinə, avqustda prezident seçkilərinə getməli oldu. 2015-ci ildə iyun və noyabr aylarında keçirilən parlament seçkiləri isə yalnız siyasi qüvvələri deyil, bütün cəmiyyəti taqətdən saldı. Eyni zamanda cənub-şərq vilayətlərində başlayan antiterror əməliyyatları, ölkə boyunca İŞİD və PKK terrorunun artması cəmiyyət üçün ağır gərginlik oldu. 2016-cı ilin yazında hakimiyyət içərisində baş verən dəyişiklik (baş nazirin əvəzlənməsi - K.R) müəyyən mənada "yüngül ötsə” də, 15 iyulda baş verən dövlət çevrilişi cəhdi və ardınca yaşanan kütləvi "təmizlənmə”, Suriyada başlayan hərbi əməliyyatlar bu prosesin daha da ağırlaşmasına səbəb oldu. İndi isə ölkə referenduma gedir.

18 maddədən ibarət Konstitusiya dəyişiklikləri Türkiyənin yeni prezidentinə əlavə səlahiyyətlər verir, onu hakimiyyətin əsas aparıcı mexanizminə çevirir. Hazırkı iqtidar bildirir ki, bu dəyişiklik ölkə içərisində separatizm, xarici qüvvələrin təsiri altında olan bölücü agentura şəbəkəsinə qarşı daha effektiv mübarizə aparmaq, hökumətin daha çevik qərarlar qəbul etməsi, daxili idarəetməni daha çevik hala gətirməsi üçün lazımdır. Dünyada bir çox ölkələrin, o cümlədən ABŞ, Fransa kimi demokratik dövlətlərin də oxşar modelə keçdiyini bəyan edən hazırkı iqtidar prezidentlik üsul-idarəsinə keçidi zamanın qaçılmaz şərti olaraq qoyur.

Müxaliflər isə hakimiyyətin tək əldə cəmlənməsi tendensiyasının yaşanması, parlamentin funksiyalarının azalması, hökumətin parlamentin deyil, prezident qarşısında hesabat verməsi kimi dəyişikliklərin ölkədə demokratiyanı bir qədər də zəiflədəcəyini, avtoritarizmi gücləndirəcəyini və ən əsası, mövcud vəziyyəti dəyişə bilməyəcəyini bildirirlər.
Qeyd edək ki, hazırda referendumda "xeyr” kampaniyasının başında dayanan ana müxalifət CHP-dir. Bundan başqa bir sıra Atatürkçü dərnəklər, sol yönümlü quruluşlar da onu dəstəkləyir. "Bəli” cəbhəsini isə hakim AKP aparır. Ancaq eyni zamanda parlament müxalifət partiyası, ölkənin əsas köklü ideologiyası olan MHP-də hökumətin kampaniyasını dəstəkləyir. Buna görə hazırda MHP içində dərin fikir ayrılıqları var, hətta partiya sədri Dövlət Baxçalının mitinqlərinə belə referendumu dəstəkləyən və qarşı olanlar birgə qatılır. Bu isə partiya sədrinin qərarına rəğmən MHP içərisində yekdil mövqeyin olmadığını göstərir. Çünki referendum öncəsi partiyadan ciddi fiqurların qopması baş verib, nüfuzlu şəxslər partiyadakı vəzifələrindən istefa verib. Üstəlik daha əvvəl MHP rəhbərliyində və hökumətdə postlar tutmuş, eks vitse-spiker Meral Akşener ölkə boyunca kampaniya aparır və nüfuzu sürətlə yüksəlməkdədir. Hazırda Akşenerin nüfuzu anket sorğularına görə xeyli yüksəkdir. Bu isə MHP-nin heç də vahid bir cəbhə olmayacağını göstərir. Eyni zamanda AKP-nin içərisindəki keçmiş camaatçıların hələ güclü olduğu, onların da referendumda "yox” cəbhəsini dəstəkləyəcəyi gözlənilir, gizli şəkildə olsa da.

Ancaq güclü natiqlik qabiliyyəti, xalq arasında ciddi xarizması və nüfuzu olan prezident Ərdoğanın referendum kampaniyasına qatılması hökumətin qazanacağını, yəni nəticələrin "bəli” olacağını deməyə əsas verir. Çünki Ərdoğan bu günə qədər qatıldığı bütün seçkilərdə qazanıb. Kütləvi seçki kampaniyalarını aparmaqda onunla yarışacaq siyasətçi hələ yoxdur.
Məsələ ondadır ki, hökumət bu referendum və ondan çıxacaq nəticəyə 15 iyul hesablaşmasının son akkordu olaraq baxır. Çünki hazırda ölkədə ötən ilin yayında baş verən qiyamın ağır təsirləri davam edir, istintaq prosesləri yekunlaşmayıb, üstəlik gizli də olsa varlığını qoruyub saxlayan camaat üzvlərinin olduğu söylənilir. Bu səbəbdən də referendum kampaniyasında əsas şüarlardan biri də məhz 15 iyul barədədir.

Bazar günü İstanbulda açılış mərasimində çıxış edən prezident bildirib ki, referendumdan sonra edam hökmünün bərpası mümkündür. Qeyd edək ki, edam hökmünün bərpası çağırışları 15 iyuldan sonra daha da artıb. O zamana qədər əsasən ağır, amansız cinayətlərə görə edam tələbləri həm də hərbi çevrilişdə iştirak edənlərə qarşı tətbiq olunması çağırışları ilə daha da güclənib. R.T.Ərdoğan deyib ki, referendumda "bəli” nəticəsi çıxarsa, ana müxalifət partiyası da edam hökmünü dəstəklədiyi üçün qanunun parlamentdən keçməsi çətin olmayacaq. Sitat: "Əgər mənim qarşıma gələrsə, mən də bu qanunu imzalayacağam”.
Yeri gəlmişkən, ötən gün Qalatasaray Futbol Klubunda baş verən gərginlik, klub ümumi toplantısında Hakan Şükür və Arif Ərdəm kimi adları FETÖ üzvü kimi hallanan şəxslərin klubun ali şurasında saxlanılması hökumət tərəfdarlarının ciddi qəzəbinə səbəb olub. Ancaq indiki vaxtda referenduma az qaldığı halda hökumətin Qalatasaray kimi milyonlarla tərəfdarı olan klubla toqquşmaya gedəcəyi inandırıcı olmasa da, mediada başlayan qarşılıqlı təpkilər referenduma da təsir edəcək.
Bir çox müşahidəçilər referendumda "bəli” cavabının cüzi üstünlüklə də olsa çox olacağını düşünür. Çünki hazırda hökumət daha güclü durumdadır, üstəlik Avropa ilə baş verənlər, həmçinin daxili ictimai rəydəki vəziyyət hakimiyyətə faydalıdır. Ancaq hazırda ölkə yanaşmalar baxımından ikiyə bölündüyü üçün gözlənilməz nəticələrin olması da mümkündür. Böyük ehtimalla, referenduma qədər ciddi hadisələr baş verməzsə, hakimiyyət qalib çıxacaq.
Lakin hətta bu halda belə Türkiyədə cəmiyyətin rahatlanması mümkün görünmür. Çünki istənilən halda referendumdan ən uzağı bir il sonra yeni seçkilərə getmək qaçılmaz olacaq. Amma referendumun ardınca böyük ehtimalla hökumət ən azı bir illik "siyasi tətil” mərhələsi götürməyə məcbur olacaq. Çünki davamlı seçki və gərginliklər siyasiləri və cəmiyyəti yormaqda davam edir. Cəmiyyətin dərindən nəfəs almasına ehtiyacı var. Hərçənd ki, qarşıda 15 iyul olaylarının məhkəmələri və növbəti seçki hazırlıqları bu yöndə ümidli olmaq üçün əsas vermir.