Nüsrət İbrahimov: "Söküntü işlərinə başlandıqdan sonra işin gedişatı göstərəcək ki, layihəni genişləndirməyə dəyər, yoxsa yox”; Natiq Cəfərli: "Maliyyə mənbəyi tapılsa və vətəndaşların hüquqları pozulmasa, bu, iqtisadi canlanmaya təkan verə bilər”
Sovet dönəmində kommunist şairin və yazıçıların şeirlərində, əsərlərində "mikrorayon tikmək” tipli fikirlərə tez-tez rast gəlinirdi. Ümumiyyətlə, bu dövrlərdə mikrorayonları tərənnüm edən mövzular əsas yer tuturdu. Əvvəllər mikrorayonların tikilməsi təbliğ olunurdusa, indi tam əksi baş verir-mikrorayonlar sökülür. Bu mikrorayonlar, "xruşşovka” tipli binalar xüsusən də orta yaşlı insanlara nostalgiya yaşadır, sanki onları o illərə aparır. Ancaq zaman keçdikcə hər kəs bilir ki, köhnə "xruşşovka” tipli bu binalar söküləcək, yerində müasir tipli göydələnlər ucalacaq.
Elə bugünlərdə Azərbaycanın baş naziri Artur Rasi-zadə Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar imzalayıb. Nazirlər Kabineti Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu2 şirkətinin istehsalı olan və sonralar ”xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq, 1-ci mikrorayon ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyasını Fövqəladə Hallar Nazirliyinə həvalə edib.
Fövqəladə Hallar Nazirliyinə "Pilot layihə” kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, "xruşşovka” kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosial infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Maraqlıdır, mikrorayonların və "xruşşovka” tipli binaların sökülməsi düzgün addımdırmı?

Tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov bu binaların sökülməsinin labüd olduğunu dedi: "Bir neçə il bundan əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) şəhərdə yaşayış üçün yararsız olan və qəza vəziyyətində olan binaların texniki baxışını keçirib. Texniki baxış əsasında siyahı tərtib edilib ki, hansı binalar qəzalı vəziyyətdədir və sökülməlidir. Onların içərisində daha çox köhnə iki mərtəbəli, hansı ki, onlar bur gün artıq sökülür, bir də istismar müddəti başa çatmış ”xruşşovka"lar, fransız evlər, "italyankalar”ın bəziləri var. Pilot layihə kimi birinci mikrorayondan başlayırlar. Özəl tikinti şirkətləri və yaxud da özəl investisiya hesabına burada hündürmərtəbəli müasir yaşayış binaları tikilməlidir. Yəqin ki, söküntü işlərinə başlandıqdan sonra işin gedişatı göstərəcək ki, layihəni genişləndirməyə dəyər, yoxsa yox. Amma təbii ki, o binaların çoxu qəzalı vəziyyətdədir, yaşayışı yararsızdır və heç bir standarta cavab vermir. Ona görə də o binaların sökülməsi labüddür. Sadəcə olaraq, zaman məsələsi var. Yeni binaların tikilməsində də standartlar var. Yaşayış binasının girişi çıxışı, avtoparkı, hündürlüyü, tikinti sıxlığı, əhali sıxlığı hamısı tikinti normalarında var və bunlara əməl olunmalıdır. Yəqin ki, yeni layihələr salınanda bunların hamısı nəzərə alınacaq".
Bir sıra mütəxəssislər bu qərarın yeni iş yerlərinin açılmasına da təkan olacağını və iqtisadiyyata müəyyən qədər xeyir verəcəyini deyir.
Doğrudanmı bu qərar iqtisadiyyata müəyyən qədər müsbət təsir edə bilər?

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu layihə üçün maliyyə mənbəyi tapılsa və vətəndaşların hüquqları qorunsa, iqtisadiyyata böyük təkan verə bilər: "Təbii ki, ”xruşşovka" tipli binaların zaman etibarı ilə də vaxtı keçib. Yəni onların yenilənməsi lazımdır. Onlar tikilərkən 50 illik dövr üçün tikilmişdi. Yenilənməsi labüddür. Sadəcə olaraq, burada iki məsələ var. Birincisi, Azərbaycanda indiki maliyyə çətinlikləri dövründə maliyyə mənbələrinin tapılması, hansı mənbələr hesabına bu layihələrin maliyyələşməsi həyata keçiriləcək? ikincisi isə vətəndaşlarla hansı formada müqavilələr bağlanacaq və onların hüquqları pozulacaq, yoxsa yox? Yəni bu iki məsələ həll olunsa, təbii ki, bu cür layihələr həm iş yerlərinin yaradılmasına, həm də iqtisadiyyatın canlanmasında mühüm rol oynaya bilər. Bu, əslində yeni bir yanaşma da deyil. Bu yaxınlarda Rusiyada analoji addımlar atıldı. Moskvada 6 trilion rublluq böyük bir layihə qəbul olundu- "xruşşovka”ların yenilənməsi layihəsi. Çox güman ki, Azərbaycan hökuməti də buna bənzər bir addım atmaq istəyir.
Sadəcə olaraq Rusiyada həmin layihədə artıq onlarla özəl şirkətlər iştirak üçün müraciət ediblər. Azərbaycanda isə özəl şirkətlərin belə bir imkanı yoxdur. Ya Neft Fondu, ya da büdcə hesabına bu həyata keçirilməlidir. Azərbaycan hökuməti hansı maliyyə mənbələri hesabını bu layihəni reallaşdıracaq? Çünki söhbət 100 milyonlarla dollardan, böyük bir layihədən gedir. Maliyyə mənbəyi tapılsa və vətəndaşların hüquqları qorunsa, onların əmlak hüquqları pozulmasa, təbii ki, bu iqtisadi canlanmaya təkan verə biləcək addımlardan biridir. Öz arxası ilə bir çox sahələri, o cümlədən tikinti materiallarının istehsalından tutmuş daşınmasına qədər bir çox sahələri inkişaf etdirə bilər. Amma maliyyə mənbələri ilə bağlı açıq görünən bir yol yoxdur. Bu layihələrin hansı maliyyə hesabına keçiriləcəyi çox təəssüf ki, Artur Rasi-zadənin imzaladığı o qərarda yoxdur".