Avropa beynəlxalq enerji layihələrinin təhlükədə olmasına niyə göz yumur...
Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük uğurlardan biri də beynəlxalq miqyaslı enerji və nəqliyyat layihələrinə imza atmasıdır. Cənub Qaz Dəhlizi, TAP, TANAP , Bakı-Tiflis-Qars dəmir yolu və digər beynəlxalq əhəmiyyətli layihələr təkcə ölkəmizin deyil, Avropanın, ABŞ-ın və digər bir çox ölkələrin də marağındadır. Bu layihələr həyata keçirilərkən vurğulanan ən önəmli nüanslardan biri də bu idi ki, enerji layihələrində maraqlı olan ölkələr Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərpa olunmasında da maraqlı olacaqlar. Lakin son baş verənlər onu göstərir ki, bütün bu beynəlxalq səviyyəli layihələrə rəğmən nə Qərb, nə də Rusiya Cənubi Qafqazda sülhün yaranmasında maraqlı deyil.
Bəs görəsən, bu məsələlərdə Qərblə Rusiyanın mövqeyi üst-üstə düşürmü?
Bu sualı cavablandıran politoloq Arzu Nağıyev "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, maraqlı dövlətlər həm də bu iri layihələrin təhlükəsizliyinə təminat verməlidirlər: "Bu cür beynəlxalq layihələrin həyata keçirilməsində əsas şərt bu layihələrdə maraqlı olan dövlətlərin həmin bölgədə təhlükəsizliyə zəmanət verməsidir. TAP, TANAP, Cənub Qaz Dəhlizi layihələri və sair məsələlərdə də məşvərət məclisinin keçirilməsi də buna xidmət edirdi ki, maraqlı dövlətlər onun öz ərazilərindən keçən hissəsində tam zəmanət versinlər. Azərbaycan bir dövlət olaraq layihənin öz ərazisindən keçən hissəsinə zəmanət verməlidir. Bu zəmanət dövlətdən ayrı olmamalıdır. Bundan əlavə, maliyyə mənbələri müəyyən olunmalıdır, vergi və gömrük məsələləri həll olunmalıdır, yarana biləcək təhdid və təhlükələrin hüquqi müstəvidə həlli imkanları nəzərdə tutulmalıdır. Bütün bu şərtlər olmasa hər hansı layihənin həyata keçirilməsi mümkün deyil. Məhz Bakı-Tiflis-Ceyhan neft kəmərində də bu proseslər baş verəndə də siyasi müstəvidə çözüldü. Təsəvvür edin ki, Azərbaycanda hazırda 7 kəmər fəaliyyət göstərir. Bunlardan 3-ü neft, 4-ü qaz layihələri ilə bağlı kəmərlərdir. Cənub Qaz Dəhlizi sonuncu olacaq. Buna görə də nazirlər səviyyəsində, ABŞ və Böyük Britaniyanın səfirliyi səviyyəsində bu məsələlər məşvərət məclisində müzakirə olundu”.
Arzu Nağıyevin sözlərinə görə, bəzi dövlətlər buna ikili standartla yanaşırlar: "Sizin dediyinizdə həqiqət var ki, Ermənistan silahlı qüvvələri məhz kəmərin keçdiyi əraziyə təhdidlər etməyə başladılar. Gədəbəy və Qazax bölgəsindən keçən boru kəmərləri istiqamətində atmağa çalışırdılar ki, bu istiqamətdən də cavab atəşi olsun. Bunların qarşısı vaxtı-vaxtında alınır. Eyni zamanda beynəlxalq təşkilatlar onlara təzyiq göstərir. Lakin marağı olmayan dövlətlər, yəni bu beynəlxalq layihələrdən faydalana bilməyən dövlətlər bu proseslərdən istifadə etməyə çalışırlar. Məsələn, məlumdur ki, Rusiyadan iki kəmərlə Avropaya qaz çatdırılır. Bunlardan biri Şimal xəttidir, digər isə Cənub xəttidir. Cənub xətti Ukrayna ərazisindən keçir və məhz bu xətt 2014-cü ildə böyük təhdidlərə məruz qaldığına, bu kanaldan Rusiya Avropaya qarşı siyasi məqsədlər üçün istifadə etdiyinə görə alternativ kəmər məsələsi ortaya çıxdı. Bütün bunlar nəzərə alınmalıdır. Rusiya və Qərbin maraqları bəzi məsələlərdə üst-üstə düşmür. Bu da müəyyən konfliktlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də bu cür məşvərət məclisləri uzanır. Orada bütün məsələlər son detala qədər hesablanır və problemin həllinin çözülməsi istiqamətində müəyyən addımlar atılır. Ermənistan və onun havadarları çalışır ki, Cənubi Qafqazda sülhün təmin olunmasına imkan verməsinlər, son atışmalar da bununla bağlı idi. Beynəlxalq layihələr Cənubi Qafqazda sülhün təminatçısı idi. Artıq burada Avropa da öz maraqlarını ortaya qoymalıdır və ikili standartlardan əl çəkməlidirlər”.