Soyqırımın 25-ci ildönümündə Bakıda "Xocalı yürüşü” keçirildi; əksər ölkələrdə də anım tədbirləri düzənləndi...
![]()
Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Xocalı qurbanlarının xatirəsinə ucaldılan "Ana harayı” abidəsi xalqımız tərəfindən ziyarət edilib. Minlərlə insan abidə önünə yürüş edərək, Xocalı qurbanlarını yad edib, onların ruhuna dualar oxuyublar, abidə önünə qərənfillər düzüblər.
Saat 10:00 radələrində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə dövlət nümayəndələri abidəni ziyarət ediblər. Ölkə başçısının iştirakı ilə Bakı Dəniz Vağzalının qarşısından başlayaraq "Ana harayı” abidəsi önünə izdihamlı yürüş keçirilib. AzətTAC prezident, vitse-prezident, nazir və komitə rəhbərlərinin də qatıldığı yürüşdə 40 mindən çox adamın iştirak etdiyi barədə məlumat verib. Yürüş iştirakçıları əllərində "Dünya Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya ədalət!”, "Xocalını unutmayın!”, "Rədd olsun erməni faşizmi!”, "Xocalı - XX əsrin soyqırımı”, "Cinayətkarlar cəzasız qalmayacaqlar!”, "Xocalı soyqırımı - 25 il” və s. çağırışlar və şüarlar tutublar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Müsavat Partiyasının rəhbərliyi Xocalı abidəsini saat 12:00-da ziyarət edib. Müsavatçılar Xətai metrosunun qarşısından abidəyədək yürüş ediblər. Abidə önünə Müsavat Partiyası adından əklil və gül dəstələri qoyulub. Müsavat başqanı Arif Hacılı və MSDM-in sədri İsa Qəmbər abidə önündə qısa çıxış ediblər.
Milli Şura da Xocalı şəhidlərini ziyarət edib. Ziyarətdə qurum rəhbərliyi və fəallar iştirak ediblər.
Həmçinin, ölkənin digər partiyaları, ictimai birlikləri də "Ana harayı” abidəsinə ziyarət təşkil ediblər.
Xocalı faciəsinin üstündən 25 il ötsə də, Azərbaycanın bu soyqırımı hələ də Beynəlxalq Haaqa Məhkəməsinə daşıya bilməməsi, bu faciənin baiskarlarını cəzalandıra bilməməsi daim müzakirə mövzusu olur. Faciənin 25 illiyində də bu məsələdə ölkənin əsas gündəmində olan məsələlərdən birinə çevrilib. Bosniya və Herseqovinada 1992-1995-ci illərdə törədilən soyqırımın günahkarlarının cəzalandırılmasına Bosniya hökuməti nail olub. 2001-ci ildə Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı (KYBCT) general Krstiçi 1995-ci il Srebrenitsa soyqırımındakı roluna görə təqsirli bildi, bununla beynəlxalq tribunal tərəfindən ilk dəfə soyqırım aktı leqal olaraq müəyyən olundu. 2010-cu ildə Bosniya serb ordusunun Drina korpusunun təhlükəsizlik komandiri polkovnik-leytenant Vujadin Popoviç və həmin ordunun təhlükəsizlik komandiri polkovnik Ljubişa Beara Srebrenitsa qətliamındakı rollarına, soyqırım, qırğın, qətl və təqiblərə görə KYBCT tərəfindən təqsirli bilinib ömürlük azadlıqdan məhrumetməyə məhkum olundular.
Azərbaycan bu presedentdən yararlana bilərmi?
BQP sədri, deputat Fazil Mustafa deyir ki, Xocalı soyqırımını beynəlxalq məhkəməyə daşımaq problemdir: "Bunun da bir səbəbi var. Məsələnin arxasında duran Rusiyadır. Cinayətin törədilməsində Rusiyanın 366-cı alayının birbaşa rolu var. Belə bir vəziyyətdə bunu etmək mümkünsüz görünür. Bosniyada bu məsələnin arxasında duran oldu və Rusiya da heç nə edə bilmədi. Bizim arxamızda kim durur? Konkret olaraq bu məsələdə bizə dəstək verən ölkə yoxdur. Ona görə də bu məsələnin müsbət həlli istiqamətində hansısa bir illüziyalara qapılmamalıyıq. Çünki Rusiya amili bizi hər hansı bir ciddi addım atmağa imkan vermir. Rusiyanın özü bu məsələnin arxasında dayanıb, ermənilərə dəstək verir. Biz ancaq hüququn beynəlxalq prinsipləri normal işlədiyi vaxtda bu istiqamətdə müsbət nəticələrə nail ola bilərik. Amma indiki şəraitdə buna nail olmağın perspektivləri çox azdır. Ona görə ki, beynəlxalq hüquq ümumiyyətlə, dünyada işləmir. Bu istiqamətdə Azərbaycan tərəfi cəhdlərini edir, məsələ gündəmə gətirilir. Çalışılır ki, müəyyən şeylər edilsin. Amma Azərbaycan bunu Beynəlxalq Tribunala daşımaq imkanı əldə edə bilmir. Əgər bu işin arxasında Rusiya faktoru dayanmasaydı, daha fərqli şeylər etmək mümkün idi”.
"Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır. Xocalı soyqırımına siyasi, hüquqi qiymət verilməsi və cinayətkarların məsuliyyətə cəlb olunmasının təmin edilməsi üçün hüquqi mexanizmlər tətbiq etmək lazımdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, bunun üçün beynəlxalq qurumlarla əməkdaşlıq çox vacibdir: "Bir tribunalın, tanınmış hüquqşünaslardan ibarət olan hüquqi mexanizmlərin yaradılması vacibdir ki, bəşəriyyətin ən böyük faciələrindən biri olan, 20-ci əsrin sonlarında baş vermiş cinayəti törədənlər məhkəmə qarşısına çıxsın, cinayət məsuliyyətinə cəlb edilsin.
Çünki bu, daim insanları düşündürməlidir ki, insanlığın vicdanını yumaq lazımdır. Bunun üçün yeganə yol həmin cinayəti törətmiş təşkilatların, hərbçilərin, terrorçuların mütləq öz cəzalarını almasıdır. Biz bilirik ki, bu cinayəti törədənlərin çoxu bu gün siyasətlə məşğul olur, Ermənistan hakimiyyətində yuva qurub, Ermənistanın hərbi rejiminin başında durur.
Buna görə də bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Mən düşünürəm ki, Azərbaycanın hər bir vətəndaşı, damarında Azərbaycan qanı axan hər bir şəxs bu istiqamətdə öz töhfəsini verməlidir. Heç olmasa, dünyaya biz tanıtmalıyıq ki, Azərbaycan xalqına qarşı belə bir cinayət baş verib və bu cinayətin səbəbkarları məsuliyyətə cəlb olunmayıb. Bu istiqamətdə hər kəs öz borcunu yerinə yetirməlidir".