Mehmet Özçubukçu: Türkiyə–Azərbaycan birliyi Türk dünyasının daha geniş inteqrasiyası üçün əsas ola bilər

Azərbaycan ilə Türkiyə arasındakı strateji münasibətlər müasir dünyada müttəfiqlik münasibətlərinin nümunəvi modeli kimi dəyərləndirilir. Son illərdə Türkiyə–Azərbaycan–Pakistan üçtərəfli əməkdaşlıq formatı da yeni inkişaf mərhələsinə qədəm qoyaraq fəallaşıb. AZƏRTAC-ın əməkdaşının Türkiyənin beynəlxalq münasibətlər üzrə eksperti Mehmet Gökhan Özçubukçu ilə bu və digər məsələlər barədə müsahibəsini təqdim edirik.
– Qlobal geosiyasi təlatümlər şəraitində Bakı ilə Ankara arasında strateji alyansın sabitliyini hansı amillər təmin edir?
– Mövcud şəraitdə bu alyansın sabitliyi üç əsas sütuna əsaslanır: tarixi və mədəni bağlar, institusionallaşmış siyasi iradə və qarşılıqlı maraqların strateji baxımdan üst-üstə düşməsi. “Bir millət, iki dövlət” simvolik ifadə deyil, strateji düşüncənin təzahürüdür. Böhran dövründə belə bu ortaq yanaşma tərəflərin bir-birini tarazlaşdırılmalı olan qüvvə deyil, bir-birini tamamlayan dövlət kimi qəbul etməsinə imkan verir. Nəticədə alyans emosional bağlılıqdan rasional, dövlət önümlü strateji modelə çevrilib.
İkinci amil iki ölkə liderləri arasında yüksək etimaddır. Bu etimad şəxsi diplomatiyanı dövlətin strateji kursu ilə üzvi şəkildə birləşdirib. 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması münasibətləri faktiki olaraq alyans səviyyəsinə qaldıraraq müdafiə, xarici siyasətin koordinasiyası və təhlükəsizlik sahələrində əməkdaşlığı institusionallaşdırıb. Sənəd tərəflər arasında təhdidlərin qavranılmasında ciddi uyğunluğu nümayiş etdirir.
Üçüncü sütun enerji, nəqliyyat, müdafiə sənayesi və ticarət sahələrində artan qarşılıqlı əlaqədir. Neft-qaz boru kəmərləri, investisiyalar və birgə müdafiə layihələri iqtisadi və strateji maraqları sıx şəkildə birləşdirib. Beləliklə, alyans struktur tərəfdaşlığa transformasiya olunub.
Dərinləşən çoxqütblülük dövründə Ankara–Bakı oxu prinsipial, lakin çevik xarici siyasət sayəsində dayanıqlığını möhkəmləndirir. Hər iki ölkə Qərblə münasibətləri qorumaqla yanaşı, regional və Avrasiya əlaqələrini genişləndirir. Bu balanslaşdırılmış strategiya alyansı xarici təzyiqlərə daha davamlı edir.
Nəhayət, hər iki ölkənin cəmiyyətlərinin güclü dəstəyi sabitliyə əlavə töhfə verir. Xalqlar arasında dərin birlik hissi alyansı siyasi tərəfdaşlıq səviyyəsindən sosioloji bağ səviyyəsinə yüksəldir.
– Türkiyə–Azərbaycan–Pakistan geosiyasi üçbucağının formalaşmasından danışmaq olarmı və bu formatın ənənəvi regional ittifaqlardan əsas fərqi nədir?
– Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlıq klassik hərbi ittifaqlardan fərqlənən çevik və çoxşaxəli geosiyasi üçbucağın formalaşdığını göstərir. Bu struktur təkcə müdafiə sahəsi ilə məhdudlaşmır, diplomatik koordinasiyanı, birgə müdafiə sənayesini, hərbi təlimləri, nəqliyyat şəbəkələrini və strateji həmrəyliyi əhatə edir. Hər üç ölkə regional böhranlarda bir-birini açıq şəkildə dəstəkləyir və bu həmrəyliyi beynəlxalq platformalara da daşıyır.
Bu format ilə ənənəvi regional ittifaqlar arasındakı əsas fərq təhdidlərə deyil, gələcəyə baxışa yönəlməsidir. NATO kimi kollektiv müdafiə təşkilatlarından fərqli olaraq, bu üçtərəfli format layihə əsaslı və çevik əməkdaşlıq mexanizmi kimi fəaliyyət göstərir. Hərbi təlimlər və müdafiənin koordinasiyası mühümdür, lakin iqtisadi və logistik inteqrasiya getdikcə daha çox həlledici əhəmiyyət qazanır.
Hər üç ölkə fərqli dərəcədə strateji muxtariyyətini qoruyur. Türkiyə NATO üzvü olsa da, çoxvektorlu siyasət aparır, Azərbaycan balanslaşdırılmış diplomatiya yürüdür, Pakistan Çinlə sıx münasibətlər qurur və eyni zamanda, regional balans amillərini nəzərə alır. Bu, dinamika formatı ideoloji blok deyil, praqmatik strateji birlik kimi formalaşdırır.
Geoiqtisadi aspekt də ön plana çıxır. Müdafiə sənayesində istehsal gücü, texnologiya mübadiləsi və nəqliyyat şəbəkələri bu üçbucağın əsasını yaradır. Bu əməkdaşlıq Cənubi Asiya ilə Cənubi Qafqaz arasında yeni strateji bağlar formalaşdıra bilər.
Beləliklə, bu struktur klassik hərbi alyans kimi deyil, dəyişən qlobal qüvvələr nisbətinə uyğunlaşan çevik strateji koordinasiya mexanizmi kimi qiymətləndirilməlidir.
– Nəqliyyat və iqtisadiyyat təhlükəsizlik qədər əhəmiyyətli olur. Azərbaycan və Türkiyə tranzit dəhlizlərinin inkişafında hansı birgə rolu oynaya bilər və Pakistan bu məntiqə necə uyğunlaşır?
– Bu gün nəqliyyat dəhlizləri və logistika şəbəkələri geosiyasi rəqabətin mərkəzindədir. Azərbaycan və Türkiyə Orta Dəhlizin əsasını təşkil edir. Trans-Xəzər nəqliyyat marşrutu, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizinin potensial açılması Avrasiya ticarətinin yeni oxunu yaradır. Bu marşrut həm Rusiya üzərindən keçən şimal xəttinə, həm də Süveyş kanalı vasitəsilə keçən cənub xəttinə alternativdir.
Azərbaycan Xəzər regionunun logistik qovşağı funksiyasını yerinə yetirərək Mərkəzi Asiya ilə əlaqəni təmin edir, Türkiyə isə Avropa bazarlarına strateji qapıdır. İnfrastruktur inteqrasiyası dərinləşdikcə Orta Dəhlizin cəlbediciliyi artır. Rəqəmsal gömrük sistemləri, limanların modernləşdirilməsi və dəmir yollarının inteqrasiyası xüsusi əhəmiyyət daşıyır.
Pakistan bu sxemdə Hind okeanına çıxış qapısı rolunu oynayır. Çin–Pakistan iqtisadi dəhlizinin Orta Dəhlizlə inteqrasiyası mümkün olarsa, Cənubi Asiyadan Cənubi Qafqaza və oradan Avropaya uzanan kompleks ticarət marşrutu formalaşa bilər. Bu isə üçtərəfli əməkdaşlığı hərbi həmrəylik çərçivəsindən çıxararaq geoiqtisadi blok səviyyəsinə yüksəldər.
– Azərbaycanın son illərdə iqtisadi və enerji sahəsində hansı əsas nailiyyətlərini qeyd edərdiniz? Ölkənin Cənubi Qafqazda sabitlik və inkişafda rolunu necə qiymətləndirirsiniz?
– Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşa çevrilib. Cənub Qaz Dəhlizi, TANAP və TAP vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına sabit şəkildə çatdırılır. Enerji böhranları dövründə ölkənin geostrateji əhəmiyyəti daha aydın görünür.
Eyni zamanda, Qarabağın bərpası və regionun yaşıl enerji zonası elan edilməsi enerji siyasətində transformativ yanaşmanı əks etdirir. Günəş və külək enerjisinə investisiyalar enerji portfelinin diversifikasiyasına və neft-qaz gəlirlərindən asılılığın tədricən azalmasına yönəlib.
Sənaye, logistika və rəqəmsal infrastruktur yatırımları iqtisadi modernləşmənin mühüm hissəsidir. Azərbaycan yalnız enerji ixracatçısı kimi qalmağı deyil, tranzit və investisiya mərkəzinə çevrilməyi hədəfləyir. Bakı regional səviyyədə nəqliyyat marşrutlarının açıq saxlanmasını və iqtisadi inteqrasiyanı təşviq edən yanaşma yürüdür. Bu isə qarşıdurma deyil, bağlantı paradiqmasını gücləndirərək Cənubi Qafqazda uzunmüddətli sabitliyə töhfə verir.
Müdafiə sahəsində də əməkdaşlıq real nəticələr verir. Birgə hərbi təlimlər, müdafiə sənayesində texnologiya transferi və təlim proqramları müdafiə potensialını artırır, regional qüvvələr balansına təsir göstərir. Daxili müdafiə istehsalının inkişafı xarici asılılığı azaldır və uzunmüddətli hərbi əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir.
İqtisadi sahədə qarşılıqlı investisiyalar xüsusilə diqqətəlayiqdir. Türkiyə Azərbaycanda tikinti, infrastruktur və xidmət layihələrində fəal iştirak edir, Azərbaycan isə Türkiyənin enerji və neft-kimya sektorlarına mühüm investisiyalar yatırır. Bu, iki ölkənin iqtisadiyyatlarını strateji səviyyədə inteqrasiya edir. Həmin inteqrasiya ənənəvi ticarət çərçivəsini aşaraq struktur xarakterli strateji iqtisadi tərəfdaşlığa çevrilir. İqtisadi əsasda regional sabitliyin dəstəklənməsi təhlükəsizlik sistemini də möhkəmləndirir.
Birgə iqtisadi təşəbbüslər arasında enerji layihələri lider mövqedədir. Cənub Qaz Dəhlizi və xüsusilə TANAP Avropanın enerji təhlükəsizliyinə töhfə verir, eyni zamanda, Türkiyənin enerji qovşağı kimi rolunu gücləndirir. Azərbaycan isə etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirir.
Bakı–Tbilisi–Qars dəmir yolu Orta Dəhlizin funksionallığını artırıb. Bu xətt Çinlə Avropa arasında ticarət zəncirinin əsas halqalarından biridir. SOCAR-ın Türkiyədə emal və neft-kimya sahəsinə yatırdığı investisiyalar iki ölkə arasında yüksək əlavə dəyər yaradan istehsal zənciri formalaşdırır və sənaye potensialını artırır. Limanların, azad iqtisadi zonaların və logistika mərkəzlərinin inkişafı regional ticarəti stimullaşdırır. Bu layihələr yalnız ikitərəfli fayda gətirmir, eyni zamanda, regionun geniş iqtisadi inteqrasiyasına xidmət edir.
– Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq regionun uzunmüddətli inkişafı üçün hansı perspektivlər açır?
– Strateji tərəfdaşlıq Cənubi Qafqazı münaqişə zonasından bağlantı mərkəzinə çevirə bilər. Enerji, nəqliyyat və müdafiə sahələrində inteqrasiya regionu Avrasiya geosiyasətində əsas mövqelərdən birinə yüksəldə bilər.
Uzunmüddətli perspektivdə Türkiyə–Azərbaycan birliyi Türk dünyasının daha geniş inteqrasiyasının əsasına çevrilə bilər. Bu proses yalnız mədəni yaxınlığı deyil, həm də iqtisadi və institusional konsolidasiyanı əhatə edəcək.
Rəqəmsal transformasiya, yaşıl enerjinin inkişafı və logistika şəbəkələrinin genişlənməsi yeni əməkdaşlıq istiqamətləri yaradacaq. Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsi tərəfdaşlığın coğrafi əhatəsini daha da genişləndirə bilər. Bundan əlavə, strateji tərəfdaşlıq regional böhranlarda sabitləşdirici amil kimi çıxış edə bilər. Güc nümayişi ilə yanaşı, diplomatik potensial və vasitəçilik qabiliyyəti getdikcə daha çox əhəmiyyət kəsb edir.
Zaman keçdikcə bu əməkdaşlıq modeli çoxqütblü, lakin qarşılıqlı əlaqəli Avrasiya nizamının qurulmasına nümunə ola bilər. İqtisadi inteqrasiya, təhlükəsizlik sahəsində koordinasiya və siyasi birlik regional inkişafla geosiyasi sabitlik arasında körpü yaradır.
Nəticə etibarilə, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq sadəcə ikitərəfli münasibət deyil, Avrasiyada gələcək güc arxitekturasını formalaşdırmaq qabiliyyətinə malik mühüm amildir. Bu, qarşıdurmaya, bağlantıya, rəqabətə deyil, qarşılıqlı tamamlanmaya üstünlük verir və yeni regional inkişaf modelinin təməlini qoyur.
 



[email protected]