Azərbaycan müasir enerji keçidi dövründə strateji, etibarlı və balanslaşdırıcı aktor mövqeyini möhkəmləndirir – ŞƏRH
Azərbaycan sahib olduğu karbohidrogen ehtiyatlarından iqtisadi inkişafın, beynəlxalq əməkdaşlığın və geosiyasi təsir imkanlarının əsas vasitələrindən biri kimi istifadə edir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi böyük yataqların işlədilməsi ölkəni aparıcı enerji aktoru kimi inteqrasiyasında mühüm rol oynayıb, bp kimi qlobal şirkətlərlə imzalanan hasilatın pay bölgüsü sazişləri isə Azərbaycanın enerji idarəçiliyini beynəlxalq normalara uyğunlaşdırıb. Digər tərəfdən Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum boru kəmərləri vasitəsilə enerji resurslarının müxtəlif bazarlara çatdırılması Azərbaycanı mühüm enerji dəhlizi roluna yüksəldib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dosenti, siyasi ekspert Bahar Özsoy bildirib.
O qeyd edib ki, XX əsrin sonu və XXI əsrin əvvəllərində formalaşan bu strategiya sonradan Cənub Qaz Dəhlizi ilə institusional modelə çevrilib. Bu gün Cənub Qaz Dəhlizi, TANAP və TAP vasitəsilə Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çatdırılması enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Azərbaycanın enerji strategiyası daha da görünən və mərkəzi mövqe qazanıb. Bu dövrdə ən kritik addım 2022-ci ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumu olub. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Aİ-yə qaz ixracını iki dəfə artıraraq təxminən 20 milyard kubmetrə çatdırmağı öhdəsinə götürüb və bununla da etibarlı, uzunmüddətli alternativ təchizatçıya çevrilib.
Ekspertin sözlərinə görə, bu prosesi xüsusilə İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstan kimi Cənub və Mərkəzi Avropa ölkələri ilə imzalanmış uzunmüddətli müqavilələr davam etdirib, Azərbaycan qazı Avropanın enerji təchizatı memarlığının daimi elementlərindən birinə çevrilib: “Bu siyasətin aktual nəticələri konkret rəqəmlərdə də əksini tapır. SOCAR məlumatlarına görə, 2024-cü ildə Azərbaycanın ümumi qaz ixracı təxminən 25,2 milyard kubmetr olub. Bunun 12,9 milyard kubmetri Avropa bazarlarına göndərilib ki, bu da 2023-cü illə müqayisədə Avropaya qaz satışının təxminən 9,3 faizi artması deməkdir. Həmin dövrdə Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstan isə 2,4 milyard kubmetr qaz idxal edilib. 2025-ci ilin ilk yarısında Türkiyəyə qaz tədarükü 5,79 milyard kubmetrə çatıb və ötən ilə nisbətən təxminən 2 faizlik artım qeydə alınıb. Bu ixracın böyük hissəsi uzunmüddətli müqavilələr çərçivəsində həyata keçirilir. Mövcud sazişlər əsasında Azərbaycan 2026-cı ildə ümumilikdə 16 ölkəyə boru kəməri vasitəsilə qaz ixracını hədəfləyir ki, bu da coğrafi əhatə dairəsi və müxtəliflik baxımından ölkəni Avropa enerji bazarında unikal mövqeyə yüksəldir”.
B.Özsoy onu da bildirib ki, Suriyaya qaz tədarükü Azərbaycanın enerji diplomatiyasının yalnız Avropaya yönəlmiş kommersiya çərçivəsindən ibarət olmadığını, regionda sabitlik və əməkdaşlığı önə çəkən çoxölçülü xarici siyasət yanaşmasına keçdiyini göstərir: “Bu qaz birbaşa kəmər vasitəsilə deyil, Türkiyənin enerji infrastrukturu və BOTAŞ vasitəsilə texniki tənzimləmələr yolu ilə Suriyaya çatdırılır. Bu proses Azərbaycan–Türkiyə enerji tərəfdaşlığının regional böhranlara praktiki həll imkanını da nümayiş etdirir.
Ekspert sonda qeyd edib ki, Azərbaycan uğurlu enerji diplomatiyası sayəsində karbohidrogen ehtiyatlarını yalnız iqtisadi inkişafın mühərriki kimi deyil, həm də regional və qlobal enerji təhlükəsizliyini formalaşdıran strateji xarici siyasət aləti kimi möhkəmləndirib. “Rusiya–Ukrayna müharibəsi sonrası imzalanan institusional sazişlər, artan ixrac həcmi və Avropa bazarına daha dərin inteqrasiya Azərbaycanı etibarlı və proqnozlaşdırıla bilən tədarükçü mövqeyinə gətirib. Almaniya kimi yüksək istehlak və güclü struktur asılılığı olan ölkələrlə qurulan tərəfdaşlıq bu rolu daha da gücləndirir. Eyni zamanda, Suriya nümunəsində göründüyü kimi, Azərbaycan Türkiyə ilə koordinasiyalı şəkildə enerjidən regional sabitlik və humanitar ehtiyacları dəstəkləyən çoxşaxəli diplomatiya vasitəsi kimi də istifadə edir. Bu kontekstdə Azərbaycan artan hasilat gücü, genişlənən coğrafi təsir dairəsi və institusionallaşmış enerji əməkdaşlıqları ilə müasir enerji keçidi dövründə strateji, etibarlı və balanslaşdırıcı aktor mövqeyini möhkəmləndirir”, - deyə Bahar Özsoy bildirib.
[email protected]