Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça

https://www.azerbaijan-news.az/uploads/img/posts/2024/05/05/443504jpg-1714861708.jpg


Hər xalqın, hər millətin milli ənənələrini, mənəvi dəyərlərini özündə əks etdirən nümunələri var. Azərbaycanda da milli  bəzək ornamentlərini özündə əks etdirən nümunələr çoxdur. Həmin ornamentlərə xalça və xalça məmulatlarında, tikmə, zərgərlik, şəbəkə işlərində, kaşı və silahlarda, eləcə də tətbiqi sənətin digər növlərində sadə və mürəkkəb formada rast gəlinir. 
Xalça mənim uşaqlığımın işıqlı yaddaşının əlvan boyalarıdır. Ötən əsrin 70-ci illərində anam evimizdə xana qurub xalça toxuyurdu. Bəzən mən də yanında oturub ilmə vururdum. Onun əllərinə baxıb vurduğum ilmələr xalçadakı  al-əlvan naxışların içində kobudluğu ilə seçilirdi. Anam həmin ilmələri söküb yenisini vururdu. İlmələrimi sökdüyünə görə ağladığım zamanlar da olurdu.  Amma sonralar anladım ki, naşı əlində vurulmuş ilmə xalçada yamaq kimi görünür. 
İndi həmin xalçalardan biri evimdədir, ailə quranda anam cehiz verib. O xalça evimin ən dəyərli əşyasıdır. Hərdən xalçaya baxanda ixtiyarsız uşaqlığıma dönürəm. Üzərində həkk olunmuş bir-birindən maraqlı təsvirlər, al-əlvan rəngli iplərdən ərsəyə gəlmiş milli ornamentlər və bunun kimi saymaqla bitib-tükənməyən  digər naxışlar o illərin ruhunu xatırladır mənə.  Bir anlıq düşüncələrimin qanadında  keçmişə səyahət edirəm. Tamam fərqli bir hissin eyforiyasına qapılır, fərqli duyğulara köklənirəm. Anamın min zəhmətlə, böyük səbirlə, təmkin və zövqlə ərsəyə gətirdiyi başqa xalçaları da olub. Əminəm ki, indi o xalçalar hansı evdədirsə, oraya da xüsusi gözəllik və yaraşıq verir.
Milli mədəniyyətimizin ayrılmaz hissəsi olan xalçaçılıq Azərbaycan xalqının əsrlərlə yaratdığı, qoruyub saxladığı, nəsildən-nəslə  ötürdüyü sənət növüdür.  Xalça toxumaq xalçaçının ruh aləminə səyahətidir. Onun al-əlvan ilmələrlə vurduğu naxışlar  hiss və duyğularının  ahəngindən yaranmış  bir çələngdir. Bu əlvanlıq ən zəngin dəyər kimi yüz  illərdir ilmələrdə yaşayır. Bizim xalçaların çeşnisi, çeşidi, rəngarəngliyi dünyanın başqa xalqlarının xalçalarında əks olunmayıb. İranda, Əfqanıstanda. Mərkəzi Asiyada da xalça toxumaq geniş yayılıb. Onların toxuculuq sənətində daha çox gül, yarpaq, budaq kimi təbiət formalarından ibarət olan nəbati naxışlar diqqət çəkir. Bizim xalçalarda isə kainat haqqında təsəvvürlər, astronomiya ilə bağlı həndəsi elementlər üstünlük təşkil edir. 
Xalçanı yaratmaq azdır, onu yaşatmaq və araşdırmaq əsasdır. Məhz bu prinsipə söykənən Azərbaycan Xalça Muzeyi dünyada bu qəbildən yaradılan ilk muzeydir. Vaxtilə İçərişəhərdə yerləşən "Cümə" məscidində olmuş muzey indi bükülmüş xalçanı xatırladan  yeni binada fəaliyyət göstərir. 
Yüzilliklərin o tayından boylanan Azərbaycan xalçası  ümumbəşəri mədəniyyətlə zənginləşərək dünya dəyərləri sırasında öncül yerlərdən birində bərqərar olub - 2010-cu ildən UNESCO-nun  Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxildir. Onu da qeyd edək ki, bu məsələdə Birinci vitse-prezient, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva anaların əl əməyindən, göz nurundan, duyğularından, yaşantılarından başlayan, Vətən tarixinin şahidi, yol yoldaşı olan Azərbaycan xalçaçılıq məktəbinin hamisidir. Bu, bəlkə də  təsadüfi deyil, mənsub olduğu ailə ilə birbaşa bağlılıqdan irəli gələn haldır. Babası, görkəmli yazıçı Mircəlal Paşayevin "Bir gəncin manifesti" əsərində toxuduğu xalçanı ehtiyac üzündən bazara çıxaran Sona xanım onu ingilisə satmır, "İtə ataram, yada satmaram" deyərək milli qürurunu alçaltmır. Yazıçı Azərbaycan anasının  obrazını qədim və ənənəvi sənət növü olan xalçaçılıqla dolğunlaşdıraraq, onun cəsarətini və qürurunu bu yolla ön plana çəkib yaddaşlarda əbədi həkk edib. Nəvəsi isə Azərbaycan xalçasını  yerdən göylərə qaldırıb.
Analarımızın toxuduğu xalçalar özünün simvol zənginliyi ilə digər məişət əşyalarından fərqlənir. Çünki hər naxışın öz adı, öz mənası var. Anam xalça toxuyarkən dünyanı necə gördüyünü, el-obanın həyat tərzini çeşnilərdə simvolların  şərti dili ilə həkk edirdi. Mənə elə gəlir ki, onun naxış elementləri təbiətdəki bitkidə, quşda, heyvanda belə mövcud deyil. Anam deyirdi ki, xalçanın ruhu onun naxışında və rəngindədir. Rənglərin ruhu ilə naxışların rəqsindən yaranan ahəng Azərbaycan xalçalarında simvol və işarələr dünyasının  təsvir  dilidir. Həmin işarə və təsvirlər ta qədimdən bu günə kimi yol gələn  Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəblərində əks olunaraq xalçanı bəzəyən haşiyə və zolaqlardan ibarət kompozisiyanı tamamlayır. Həmin kompozisiyanın əsas elementləri heyvan, quş və bitki təsvirləridir.  Bu təsvirlərdən hər məktəb özünəməxsus istifadə edir. Anamın toxuduğu xalçalarda Gəncə xalçaçılıq məktəbinin  elementlərini özündə əks etdirən  sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlk təşkil edirdi. Seyrək ilmələri olsa da, bədii xüsusiyyətləri ilə seçilir və qalın olurdu. Ona görə də anamın əlinin sığalı, gözlərinin nuru ilə ərsəyə gələn, ortasında səkkizbucaqlı, dörd tərəfində isə sıra ilə düzülmüş medalyonu xatırladan həndəsi təsvirli,  əriş-arğacı təbii boyalı yundan olan cehizlik xalçam  35 ildir rəngini və qalınlığını itirməyib.


[email protected]