Seyidova Səadət Cəbrayıl qızı
Suraxanı rayonu S. Abdullayev adına
290 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
“Yola bələd olsa rəhbərlik edən,
Ordu qorxu bilməz çətinliklərdən.
Yollar dağa-daşa salsa da onu,
Dağılmaz başından əsla ordusu”.
Nizami Gəncəvi
[/spoiler]Hər zaman əsərlərini sevərək oxuduğum, oxuduqca da hər dəfə yeni dəyərli fikirlərlə rastlaşdığım, ulu şair Nizami Gəncəvi! Könülləri oxşayan lirik şeirlər, ən müdrik insanları belə düşündürmək, düşündürdükcə də heyrətləndirmək iqtidarında olan “Xəmsə”niz hər zaman oxunaqlıdır desəm, yanılmaram. İnsanı, insanlığı narahat edən elə bir mövzu yoxdur ki, ona toxunmayasınız. Hind şairi Əmir Xosrov Dəhləvinin haqqınızda dedikləri danılmayan bir həqiqətdir: “Nizami hər sözü demiş birinci, Qoymamış cilasız qalsın bir inci”.
Hər misranız böyük hikmətlərlə doludur. İllərdir ki, sizin əsərlərinizi həvəslə gənc nəslə öyrədir və bundan hədsiz zövq alıram. Zövq alıram ona görə ki, Sizin kimi dahi söz ustadımız, şairimiz, dühamız var. Həyatın hər anında karımıza gələ bilən hikmətli kəlamlar ilə zəngin əsərləriniz əsrlər keçməsinə baxmayaraq yenə də dillər əzbəridir.
Xalqımız artıq neçə illərdir ki, zəfərimizin sevincini yaşayır. Azərbaycanın gözəl guşələrindən olan qədim Qarabağ torpaqları düşmən tapdağından azad olundu. Şanlı tariximizin bir səhifəsi olduğu üçün Sizə bir az bu barədə danışmaq istərdim. İkinci Qarabağ müharibəsi günlərində sizin əsrlər öncə dedikləriniz bir daha gözümün önündən keçdi. Yaradıcılığınızda əsas yer ayırdığınız məsələlərdən bəzilərinə yenidən qayıtmaq istərdim. Əsərlərinizdə sözə verdiyiniz dəyər, ordu, xeyir ilə şərin qarşılaşması, hökmdarlarla bağlı fikirlərinizin necə də haqlı deyildiyini bir daha dərk etdim. Ola bilər ki, kiməsə fikirlərim qəribə, bir qədər əlaqəsiz və təəccüblü gəlsin: ”Söz... Zəfər... Sözün zəfərlə nə əlaqəsi?”. Belə olduğu halda onlara Sizin ilk iri həcmli əsərinizi diqqətlə oxumağı tövsiyə edərdim. Bunu Siz çox yaxşı bilirsiniz. Axı özünüz vaxtilə dəfələrə sözün əhəmiyyətini, qüdrətini oxuculara başa salmağa çalışmısınız. “Sirlər xəzinəsi”ndə söz haqqında dediyiniz əvəzsiz fikirlər hər zaman olduğundan daha çox bu günlə yaxından səsləşir desəm,yəqin ki, məni qınamazsınız. Belə deməyimə əsaslı səbəblər çoxdur.
Yüzilliklər öncə əsərlərinizdə canlandırdığınız qanlı müharibə səhnələri, əfsuslar olsun ki, yenə də mövcuddur. Özü də daha qəddar, daha amansız, odlu silahlarla zəngin. Belə bir müharibə ilə biz də üzləşdik. Amma rəhbərə olan inam ilə və qəhrəmancasına döyüşərək şanlı ordumuz düşmənin cavabını verdi.
Mərd olmaq gərəkdir həyatda hər an,
Mərdliklərlə çatar arzuya insan.
Üzləşdiyimiz İkinci Qarabağ müharibəsi ərəfəsində bir daha müdrikcəsinə deyilmiş sözün qüdrətinin, nələrə qadir olduğunun, hər kəlmənin əvəzsizliyinin şahidi oldum. Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında mənfur qonşularımızın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” fikrinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərt cavabı “Qarabağ Azərbaycandır və nida” deməsini dinlədikdə, nədənsə, “Sirlər xəzinəsi” əsərinizdən “Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü” başlıqlı hissə yadıma düşdü. Əksər ölkə rəhbərlərinin də iştirak etdiyi bir iclasda haqsız iddialar irəli sürən düşmənə yerində deyilmiş belə bir cavab 44 günlük müharibədə hər bir vətəndaşın dillər əzbərinə, devizə çevrildi, yaddaşlara həkk olundu.
Rəhbərin yalnız bu ifadəsi deyil, müharibə dönəmində heç də ölkəmizə qarşı dost mövqeyində olmayan, hər bir sözə xüsusi diqqət verən, səhv tapmağa çalışan müxbirlərə verdiyi müsahibələri əksəriyyət diqqətlə izləyirdi. (Yeri gəlmişkən, onu da bildirim ki, müxbirlər arasında Sizin “Yeddi gözəl” poemanızda xatırlanan bir sıra ölkələrdən gələnlər də vardı). Hər dəfə Cənab İlham Əliyevin həmin şəxslərə necə yetərli cavablar verdiyinin şahidi olurduq. Prezidentin dediyi fikirlər, ölçülüb-biçilmiş kəlmələr hər bir azərbaycanlının ürəyincə idi. Lap Sizin dediyiniz kimi:
Ölçülüb biçiləndə, incə fikir, incə söz
Nə qədər gözəlləşər, olar ürəyincə söz.
Vaxtında və layiqincə deyilmiş ifadə, dünya ictimaiyyətinə Qarabağda baş verən hadisələrin düzgün çatdırılması, həqiqətin başa salınması qələbəyə aparan yolda heç də az rol oynamadı. Həm də həmin sözlərin kim tərəfindən deyiməsi də əhəmiyyət kəsb edirdi. Hər hansı bir ərazini azad etdikdə xəbərin məhz Ali Baş Komandan İlham Əliyev tərəfindən səsləndirilməsi xalqda, orduda qələbəyə olan inamı artırdı. Ordumuzun dövlət başçısına olan inamı 30 illik münaqişəni 44 günə çözdü.
“Xəmsə”nizdə düşmən, xaincəsinə hərəkət edən obrazlara yer ayıraraq oxucuları diqqətli olmağa, hər deyilən sözə inanmamağa səsləmisiniz. “Qılıq göstərən dostu qəlbin inkar edirsə, düşmən olduğuna əmin ol” demisiniz. Xatırlatmısınz ki, “əqrəbin düşmənliyi əjdahadan beşbətər, Bu aşkar hücum çəkər, osa xəlvət zəhərlər”. Qılıq göstərən dostun xainliyi, əqrəbin xəlvətcəsinə zəhərləməsi... Necə də dahiyanə və düzgün deyilmiş sözlər...
Əfsuslar olsun ki, xain düşmən adınız çəkiləndə ilk xatırlanan, doğma yurdunuz olan qədim Gəncəyə, “yazı da, qışı da gül, çiçək” olan Bərdəyə qarşı məhz belə xaincəsinə hərəkət etdi. Gecə vaxtı şəhərləri xəlvət raket atəşinə tutdu. Günahsız insanlar qırıldı. Amma bütün olanlar xalqı sarsıtmadı. Əksinə, düşmənin mərdlikdən uzaq olduğunu göstərdi, nifrəti artırdı.
Əsərlərinizdə daim haqsızların cəzalandığını, haqq iş tutanların, düz insanların, xeyir iş sahiblərinin qələbə çaldığını vurğuladığınız da hamıya bəllidir. Bu fikirləriniz də həmişəki kimi yenə də təsdiqini tapdı. Sözsüz ki, xeyir qələbə çaldı. “Xosrov və Şirin”də deyildiyi kimi “Pisliyin əvəzi pislik olacaq”. Elə də olmalı idi. Bu pislik 30 il idi ki, xalqımızın qəlbində qalmışdı. Əvəzi verilməli idi. Verildi də. Özü də Ali Baş komandanın rəhbərliyi və qəhrəməncasına vuruşan şəhidlərimizin, qazilərimizin gücü, rəşadəti ilə.
Gəncə və Bərdədə baş verənləri xatırlamağımla Sizi kədərləndirmək istəməzdim. Sadəcə, dediklərinizin - düşmən məkri, hiyləsinin cavabsız qalmadığını, xeyirin şər üzərində qələbəsin həqiqət olduğunu bildirmək üçün yazdım bunları.
Yazılası söz çoxdur. Fikirlərimi ifadə edərkən Sizin kəlamlarınızdan istifadəsiz keçinmək qeyri-mümkündür. Özünüzün dediyi kimi:
Bir misrası dürdür, bir misrası zər,
Mənayla doludur bütün beytlər.
Doğma Azərbaycanın hər bir guşəsində təntənəli tədbirlər keçirilir. Azad olunmuş ərazilərdə böyük quruculuq işləri gedir. Qarabağın gözü olan Şuşada baş tutan “Xarı bülbül” festivalında da Sizin sözlərinizə bəstələnmiş mahnı səsləndirildi. Ətrafa yayılan bu həzin və gözəl mahnıların sədası Qarabağın əsl sahibinin kimliyini bir daha sübut etdi. Əsl sahib isə Nizami Gəncəvi tək dahi şair, müdrik Heydər Əliyev yolunun davamçısı olan İlham Əliyev kimi uzaqgörən siyasi rəhbər yetirən, mərd oğullar məskəni olan Azərbaycandır.
P.S. Səadət müəllimə Heydər Əliyev ideyalarına sadiqliyinə və "Ədalət axtarışında olan Nizami Gəncəviyə ürək sözlərim" məqaləsinə görə "QALİB LİDER" media mükafatına layiq görülüb. Redaksiya heyətimiz adından onu səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.