Milli dövlətçilikdə və bəşəri humanizmdə Mehriban Əliyeva fenomeni


Qasımova Ləzifə Nağı qızı
BDU-nun "Pedaqogika” kafedrasının 
müdiri, pedaqogika elmləri doktoru, professor


Bəşər tarixində elə bir köklü xalq yoxdur ki, hər hansı mürəkkəb və taleyüklü mərhələdə onun sabit inkişafını təmin edən, milli dövlətçilik institutunun strateji-­ideoloji strukturunu formalaşdıran lideri olmasın. XX əsrin II yarısından sonra ölkəmizin tarixində müstəsna yeri və rolu olan, milli dövlətçilik institutunu qurub-­yaradan, məhz, ümummilli lider, dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev oldu. O, adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılan misilsiz dövlət başçısı, əfsanəvi xalq lideridir. Ulu öndər məktəbinin uğurlu yetirməsi, praqmatik təfəkkürlü və islhatçı Prezident İlham Əliyev isə XXI əsr Azərbaycanının yeni tipli lideridir. Ulu öndərin milli idarəçilik məktəbinin bir yetirməsi də Azərtbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev ­Fondunun rəhbəri, UNESCO-nun və ­ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin sabiq deputatı, alim, milli mədəniyyətimizin dünyada tanınan hamisi Mehriban xanım Əliyevadır. Ölkənin birinci xanımı bütün bu keyfiyyətləri – mötəbər mövqeyi və yüksək nüfuzu ilə Azərbaycanın görkəmli qadın lideri, ali statuslu rəhbərdir.
Mehriban xanım Əliyeva haqqında yazarkən, ilk növbədə, onun əsil-nəsilli bir ailədə doğulub-böyüməsi, mükəmməl bir təlim-tərbiyə alması göz önünə gəlir. Gənc yaşından ulu öndər Heydər Əliyev kimi siyasət nəhənginin ən yaxın çevrəsində mənimsədiyi siyasi təlim, qazandığı əhatəli sosial-mənəvi baxış, akademik Zərifə xanımdan əxz etdiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, Mir Cəlal kimi görkəmli yazıçı və Nəsir İmanquliyev kimi ustad jurnalist olan babalarından görüb-götürdüyü milli ziyalılıq düşüncəsi, akademik Arif Paşayev və professor Aida xanım İmanquliyeva kimi valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Mehriban xanım Əliyevanın yetişdiyi indiki ali məqamın illər boyu formalaşan möhkəm özülü olmuşdur. Bütün bunlar dünyada tanınan böyük şəxsiyyət, nüfuzlu ictimai-siyasi xadim olaraq Azərbaycanın birinci xanımının milli ziyalılıqda yeni bir tarixi örnək yaratmasının da təbii və coşğun qaynağıdır.
Xanım Mehriban Əliyeva Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü qadın kimi çağdaş dünyada bənzərsiz bir rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli və səmərəli fəaliyyəti, nəinki qadınlar üçün, eləcə də gənc qızlar üçün örnək olaraq bir sıra ali dəyərlərə söykənir. Mehriban xanım Azərbaycan xalqının, dövlətinin maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində xüsusi yeri, xidmətləri olan Azərbaycanın birinci xanımı hazırda dünyada öz sözü, samballı nüfuzu olan lider qadın örnəyinə çevrilmişdir.
Azərbaycan vətəndaşlarının ölkənin birinci xanımına məhəbbəti də danılmazdır. Bu məhəbbəti ­Mehriban xanım Əliyeva “Mən hər bir azərbaycanlının Prezidentiyəm” – söyləyən dövlət başçısı İlham Əliyevin məntiqi ilə yanaşsaq, “hər bir azərbaycanlının istək və maraqlarına yaxın olması” ilə qazanmışdır. Xeyirxahlıq onun amalında, şəfqət- mənəviyyatında, dövlətçiliyə sədaqət- əqidəsindədir. Birinci vitse-prezident Mehriban Əliyeva xarizmatik obrazı, cazibadar siması, modern düşüncəsi ilə ölkə qadınlarının şəriksiz lideri olduğunu nümayiş etdirmişdir.
Xanım Mehriban Əliyeva, eyni zamanda, Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Hakim partiyanın lideri, Prezident İlham Əliyevin zəruri islahatçılıq, hərtərəfli tərəqqi və yeniləşmə kursunda Birinci vitse-prezidentin güclü dövlət– rifahlı cəmiyyət prioritetinə dəstəyi önəmli yer tutur. “İnkişaf məqsədimizdir” hədəfini və “Modern Azərbaycan modeli”ni məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirən dövlət başçısı İlham Əlyevin liderliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın birinci xanım və qadın lider missiyası nadir bir tandem təşkil etməklə ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji xəttinin sədaqətlə davam etdirilməsinə xidmət edir.
Xanım Mehriban Əliyeva XXI əsr Azərbaycanın alternativsiz siyasətçi-strateqi Prezident İlham Əliyevin sadiq silahdaşı, yeniləşən Azərbaycanın dövlət rəhbərliyinin ikinci ali şəxsidir.
Bu yazını Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Həyat dərsi” məqaləsində ümummilli lider Heydər Əliyev məktəbinin mükəmməlliyi ilə bağlı söylədiyi mülahizə ilə bitirmək istəyirəm: “Heydər Əliyevin dərslərinin mahiyyətini onun həmyaşıdları bu gün də öyrənirlər. Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, liderdir. Vətənin – Azərbaycanın taleyi onun adı, taleyi ilə əbədi olaraq bağlandı”.
Bu məktəbin ikinci böyük yetirməsi, “Tanrı Azərbaycanı qorusun” söyləyən, xalqın sevimlisinə çevrilən Mehriban xanım Əliyeva özü isə ulu öndər Heydər Əliyev dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident İlham Əliyevin “Güclü Azərbaycan” modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi olan, modern Azərbaycan qadınını obrazını ölkəmizdə və beynəlxalq aləmdə parlaq surətdə canlandıran, adı dünya gender tarixinə fəxarətlə yazılan liderdir.

06.07.2024


[email protected]