Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai-siyasi xadimdir
Şirinova Ulduzə Nüsrət qızı
Səbail rayonu Mehman Və Müşviq Nəbiyev qardaşları adına
51 nömrəli məktəbın fizika müəllimi
Cəmiyyətin inkişafının bütün dövrlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Həmin dövrdə (1918-cu ildə) ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb (1901-ci ildə) Bakıda yaradılmışdır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır.
Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.
Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Mən xüsusilə Mehriban xanımın Birinci xanım institutunun yaranmasındakı rolunu qeyd etmək istərdim. Postsovet məkanında ictimai həyatda fəal iştirak edən çox az ölkə başçısının xanımının adı çəkmək olar. Lakin, Mehriban xanımın fəaliyyəti, digər Birinci xanımları da aktiv olmağa sövq etdi. Mehriban xanım müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında dediyi fikri xatırlatmaq istərdim: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...” Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır. Və əlbəttə ki, heç təsadüfi deyil ki, cənab Prezident onun ictimai-sosial həyatda aktiv fəaliyyətini, uğurlu layihələrini nəzərə alaraq, Respublikanın Birinci Vitse-prezidenti təyin etdi.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər addımın əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi olarıq. Onun “Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir” fikri qazandığı uğurların, gördüyü işlərin bələdçisidir. Mehriban xanım Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri də diqqətə çatdırmışdır: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.”
Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər. Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir.
İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Göründüyü kimi, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir.
Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq, öz həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz bir obraz həkk edir. Azərbaycanın çiçəklənməsinin və beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Mehriban xanım Əliyevanın gələcək fəaliyyətinin əsasında daha geniş planlar və layihələrin həyata keçirilməsi dayanır.
08.07.2024
[email protected]