Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasəti və siyasi iradəsi nəticəsində Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycan dövləti daha bir tarixi missiyanı reallaşdırdı. Bu, beynəlxalq hüququn prinsiplərinə, eləcə də 2020-ci ilin noyabrında qəbul edilmiş üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin qorunmasına xidmət edən addımdır.
Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva ictimaifikir.azaçıqlamasında deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra dəfələrlə Ermənistan tərəfinə sülh sazişi bağlamağı təklif edib. Lakin Ermənistan rəhbərliyi təxribatlar törətməyə, Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri gizli yollarla silah-sursatla təmin etməyə başladı. Bu gün Qarabağda Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisi var. Halbuki üçtərəfli Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin Qarabağdakı bütün hərbçiləri oranı tərk etməli idilər. Dövlətimizin başçısı Qarabağdakı separatçı tör-töküntülərə təxribatçı hərəkətlərə son qoymaları barədə dəfələrlə xəbərdarlıq etsə də, həmin ünsürlər Vətən müharibəsində Azərbaycan Ordusunun qarşısında pərən-pərən düşdüklərini çox tez yaddan çıxardılar. Ancaq Laçın-Xankəndi yolunun başlanğıcında – dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi onların Ermənistandan və bəzi xarici dövlətlərdən gözlədikləri ümidləri heçə endirdi. Qarabağdakı silahlı dəstələr çox güman ki, xoşluqla tərk-silah olacaqlar. Çünki onların başqa çıxış yolları qalmayıb. Azərbaycanın Qarabağda yaşayan erməni vətəndaşları əgər cinayət törətməyiblərsə, dövlətimizin qanunlarına tabe olub yaşayacaqlar və Azərbaycan dövləti onlara bütün hüquqlardan istifadə etmək üçün hər cür şəraiti yaradacaq. Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törədənlər isə qanunvericiliyə uyğun qaydada mühakimə olunacaqlar.
Bu ilin yay aylarında Laçın şəhərindən və Laçın rayonunun kəndlərindən olan keçmiş köçkünlərin bir qisminin doğma yurd yerlərinə qayıdacaqlarına diqqətə çatdıran K.Əliyeva qeyd edib: "Bu insanların öz evlərində təhlükəsiz şəraitdə yaşamaları üçün Laçın-Xankəndi yolunun başlanğıcından nəzarət-buraxılış məntəqəsinin təsis olunması çox vacib idi. Ermənistanın baş naziri Nikol Paşinyan Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirmişdi. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi təsis olunduqdan sonra Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi sərsəm bəyanatla çıxış etdi. Bu, bir daha Fransanın riyakar, ikiüzlü siyasət yeritməsinin nümunəsi idi. Fransa Cənubi Qafqazda münaqişə ocağı yaratmaq, xalqları və dövlətləri bir-birinə qarşı qoymaq siyasəti həyata keçirir”.
Nə Ermənistanın, nə də digər dövlətlərin bəyanatlarının Azərbaycan dövlətini tutduğu haqlı mövqedən çəkindirə bilməyəcəyini qeyd edən deputat deyib: "Bu gün Ermənistan Laçın-Xankəndi yolunun üzərində post qurub. Azərbaycan dövlətinin də adekvat addım atacağı gözlənilən idi və bu, həyata keçdi. Prezident İlham Əliyev nəyi nə zaman və necə edəcəyini çox gözəl bilir. Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bütün qonşu dövlətlərlə sərhəd-buraxılış məntəqələri mövcuddur. Ermənistanla dövlət sərhədində də nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunmasının təsdiqi idi. Laçın-Xankəndi yolunda təsis olunmuş nəzarət-buraxılış məntəqəsinin humanitar və dinc məqsədlərlə hərəkət edən hər kəsə açıq olması Azərbaycan dövlətinin humanist və sülhsevər ölkə olduğunu bütün dünyaya nümayiş etdirir”.