GƏLƏCƏKDƏ NECƏ İNSAN YETİŞDİRMƏK İSTƏYİRƏM?
AYTAC QURBANOVA (VƏTƏNSEVƏR)
Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam
orta məktəbin şagirdi, məktəbin Şagird Parlamentinin sədri,
"İctimaifikir.az" Xəbər Portalının Uşaq və Gənclər Birliyinin sədri,
bədii qiraət üzrə respublika qalibi, “Şuşa-270”,
“Heydər Əliyev-100”, “Gənc Heydərçi” media mükafatları,
“Dəmir Yumruq” media medalı laureatı
Mən bu mövzuya kiçik bir xatirə ilə başlamaq istəyirəm: 2021-ci ildə "8 NOYABR ZƏFƏR GÜNÜ" ilə əlaqədar olaraq xanəndəlik istisası üzrə təhsil aldığım Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin təşkil etdiyi, keçirilməsi nəzərdə tutulan möhtəşəm tədbirdə mənə "Əsgər anası" rolulunu oynamaq həvalə olundu. Bu zaman qəribə bir hiss məni ağuşuna aldı. Axı hələ 13 yaşım var idi. Bu rolu necə oynaya bilərdim ki?! Sonra dedim ki, mən AYTAC VƏTƏNSEVƏR olaraq bacarmadığım heç bir iş yoxdur! Məşqlərə başladıq, düzdür elə də asand olmadı. Və nəhayət o gün gəldi, 8 NOYABR ZƏFƏR GÜNÜ! Səhnəyə dəvət olunanda, ilk öncə anamın gözlərinə baxdım. Onun mənə baxan inamlı, "Mən sənə həmişə güvənirəm qızım, sən bacararsan!" deyən gözlərindən ilham aldım. Rolumu oynamağa başladım. Rol bitdi, bu zaman zalı tamaşaçıların gur alqışlarının səsi bürüdü.
Çox sevinirdim, buna səbəb 4 yaşından bəri səhnələrdə, televiziya verlişlərində bədii qiraətçi kimi sevilən və tanınan AYTAC həmin gün "Əsgər anası" kimi alqışlanmağı bacarıb, bu şərəfli adı tamaşaçılara layiqincə təqdim edə bilmişdi. Mən o gündən bu günə həm teatr səhnələrində və baxdığım filmlərdə rol alan peşəkar aktyor və aktrisalarımızın kadr arxası çəkdiyi çətinlikləri, həm də ana olmağın nə demək olduğunu bir anlıq belə olsa hiss etmişdim. Övladını vətənpərvər, Ulu Öndər H.Əliyevin ideyalarına sadiq, gələcəkdə sevdiyi və seçdiyi peşədə vətənə laiqli xidmət etməyi bacaran və övladının çətin günlərində, dəf edə bilmədiyi çətinliklər olduqda anasının gözlərinə baxaraq hər an o gözlərdən ilham ala biləcəyini bilən bir şəxsiyyət yetişdirə bilməkmiş ana olmaq. Mən o gündən bunları anlaya bildim. Artıq mən bu sahədə də fəaliyyətimi genişləndirərək, mənim üçün çox əziz və doğma olan C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin 2022-ci ildə hazırladığı növbəti möhtəşəm layihədə "XAN QIZI NATƏVAN" rolunu oynadım. Bu artıq bu sahədə qazandığım növbəti möhtəşəm uğur idi. Mən hər zaman olduğu kimi çox sevinirdim. Axı həm də "XAN QIZI NATƏVAN" rolunu oynamaq mənim ən böyük arzum idi.
Mənə sual verilsə: "Gələcəkdə bir ana olaraq, necə insan yetişdirmək istəyirsən?" Cavabında deyərəm ki, anamın məni yetişdirdiyi kimi. Mən də öz övladımı vətənpərvər, Ulu Öndər H.Əliyev ideyalarına sadiq, sevdiyi və seçdiyi peşəsiylə vətənə laiqli xidməti bacaran vətəndaş və hər an çətin günlərində, bir işi bacarmayıb, yorulduğu zaman ən böyük gücü həmişə anasının gözlərindən ala biləcəyini bilən bir övlad kimi yetişdirmək istəyirəm. Çünkü, mən də ən böyük gücü bu gün anamın gözlərindən alıram və gələcəkdə həm də anam kimi bir ana olmaq istəyirəm!
Bu məqalə "Zirvədəki Azərbaycanlılar" kitabının 20-ci hissəsində işıq üzü görüb.
03.12.2024
[email protected]