AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV İRSİ
Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı
Heydər Əliyev yaşadığı dövrün, zəmanəsinin görkəmli siyasi, dövlət xadimi olmaqla yanaşı, həm də bu günün və gələcəyin böyük şəxsiyyətidir. Onun ideyaları hər zaman aktualdır. Bu ideyalar həm də Azərbaycanın müstəqilliyinin, müstəqil dövlət kimi inkişafının təməl prinsipləridir. Həmin prinsiplər mahiyyətcə Azərbaycançılıq məfkurəsində ehtiva olunmuşdur. O bütün həyatı boyu azərbaycançılıq amalı ilə yaşayıb və bütün fəaliyyəti bu məfkurə üzərində köklənib. Ulu Öndər azərbaycançılığı milli ideologiyamız, milli düşüncə sistemimiz kimi yüksək qiymətləndirir və onun birləşdirici, inkişafetdirici gücünün nə qədər böyük olduğunu əsaslandırırdı. Azərbaycanın milli-mənəvi dəyərləri, dövlətçiliyi, adət-ənənələri, dilimizə, tariximizə, mədəniyyətimizə olan münasibət məhz azərbaycançılıq ideologiyasının məzmun komponentləri kimi birləşir və vəhdət yaradır. Bu birləşdirici funksiya eyni zamanda xalqın birliyinin daha möhkəm təminatına, onun inkişafının davamlı, sistemli olmasına zəmin yaradır.
Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunarkən milli kadrların yetişdirilməsini planlı şəkildə həyata keçirməyə başlayıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb (hərbi lisey) açıb və gənc azərbaycanlı zabitlərin hazırlanması üçün geniş imkanlar yaradıb. O zaman SSRİ-nin mövcudluğu şəraitində Azərbaycanda – Sovet İttifaqının tərkibində olan milli respublikada belə bir məktəbin açılması çətin olsa da Ulu Öndərimiz SSRİ rəhbərliyini razı salıb. Bu o zaman Azərbaycanın gələcəyi üçün atılan qətiyyətli bir addım idi. Belə ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra milli ordu quruculuğunda bu kadrlar böyük rol oynadılar. Əks halda, milli ordu quruculuğunda və müstəqilliyimizin qorunmasında daha böyük çətinliklər yarana bilərdi.
Heydər Əliyevin 1970-ci illərdə istedadlı azərbaycanlı gənclərin Azərbaycandan kənarda, başqa respublikalarda, xüsusilə Rusiyanın tanınmış ali məktəblərində təhsil almağa göndərmək ənənələrinin əsasını qoyması Azərbaycançılığa, Vətənə, millətə xidmətinin yeni bir nümunəsi idi. Heydər Əliyevin azərbaycanlıların xaricdə təhsil alması siyasətini dəstəkləməsi ölkəmiz üçün çox əhəmiyyətli idi. Xaricdə ali təhsil alanlar beynəlxalq təcrübə ilə daha yaxından tanış olur və ölkəmizə qayıdarkən xarici təcrübəni, yeni texnologiyaları yerli şəraitə daha rahat şəkildə uyğunlaşdırıb tətbiq edirdilər. İstehsalın yeni texnologiya əsasında təşkili isə istehsal sahəsində daha işlək, çevik mexanizmlərin formalaşdırılmasına şərait yaradırdı. Təsadüfi deyil ki, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982) ölkəmizin iqtisadi artımı, istehsal səviyyəsi və gücündə köklü irəliləyişlər olub. Həmin illərdə Azərbaycan Sovet İttifaqına daxil olan respublikalar arasında həmişə birinci yerdə olub və nümunəvi respublika kimi tanınıb.
1970-ci illərdə Azərbaycanda şəhərsalma, sənaye müəssisələrinin genişləndirilməsi, tikinti, yolların çəkilməsi və digər sahələrdə yeni infrastrukturun yaradılması ölkə həyatında böyük canlanma yaratdı. Respublikamız təkcə kənd təsərrüfatı ilə deyil, həm də sənayenin inkişafı ilə diqqəti cəlb edirdi.
Ulu Öndərin iqtisadi siyasətində çeviklik, uzaqgörənlik respublikamızın davamlı iqtisadi inkişafında mühüm rol oynayıb. O, müstəqillik illərində də böyük əzmkarlıqla çalışıb, Azərbaycan iqtisadiyyatının yeni tarixi şəraitə – iqtisadi münasibətlər sisteminin kökündən dəyişdiyi bir dövrə uyğun modelini hazırlayıb və tətbiqi üçün geniş imkanlar yaradıb. Ulu Öndərimizin 1994-cü il 20 sentyabrda neft hasilatı üzrə ixtisaslaşan, böyük nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqaviləni imzalaması Azərbaycan tarixində mühüm hadisəyə çevrildi. “Əsrin müqaviləsi” adlandırılan bu sənəd əsasında Azərbaycan yeni neft strategiyasını həyata keçirməyə başladı. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarını nəzərdə tutan bu müqavilənin reallaşdırılması Heydər Əliyevin, həqiqətən, böyük zəka sahibi, görkəmli siyasi və dövlət xadimi olduğunu deməyə əsas verir. Bu müqavilənin həyata keçirilməsi prosesində Azərbaycanın təkcə regionda deyil, bütövlükdə beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi. Xüsusilə, “Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə dünya bazarlarına ixrac edilməsi Azərbaycanın beynəlxalq əlaqələrini xeyli möhkəmləndirdi.
Heydər Əliyev iki müxtəlif iqtisadi sistemin mövcud olduğu dövrdə ölkəyə rəhbərlik edib və hər iki dövrdə iqtisadi münasibətlərin real xarakterinə uyğun siyasət yeridib, beləliklə, xalqımızın maddi rifahı təmin olunub, ədalətlilik, bərabərlik prinsipi nəzərə alınıb. Müxtəlif tarixi-iqtisadi şəraitdə, həmçinin siyasi quruluşların fərqli olduğu bir zamanda ölkəyə rəhbərliyi, cəmiyyətin inkişaf mexanizmlərini görməsi, onu hərəkətə gətirməsi və sürətləndirməsi, davamlılığı, dayanıqlığı təmin etməsi Heydər Əliyev fenomeninin xarakterik cizgiləri kimi qeyd edilə bilər.
1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı parçalanma, dağılma təhlükəsindən xilas etdi. Ölkədə tədricən iqtisadi, siyasi sabitlik yarandı. Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünü aradan qaldırmaq, itirilən ərazilərin geri qaytarılması üçün həm Ermənistanla, həm də münaqişənin nizamlanmasında məsuliyyət daşıyan böyük dövlətlərin, beynəlxalq təşkilatların rəhbərləri ilə birbaşa danışıqlar aparır, siyasi iradə nümayiş etdirirdi. Dövlət başçılarının zirvə görüşlərində (sammitlərdə), beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə Heydər Əliyev beynəlxalq hüquqa əsaslanan qətiyyətli, cəsarətli, inamlı çıxışları ilə hər dəfə qarşı tərəfi onunla hesablaşmağa məcbur edir və beləliklə, Azərbaycanın haqq səsini dünyaya bəyan edən sənədlərin təsdiq edilməsinə nail olurdu.
Haqq işi uğrunda ardıcıl, məqsədyönlü mübarizə təbii ki, öz bəhrəsini verməli idi. Ulu Öndər müxtəlif tədbirlərdə çıxışlarında, məcburi köçkünlərlə görüşlərində itirilən torpaqlarımıza geri dönəcəyimizi həmişə əminliklə vurğulayır, beləliklə, xalqımızın mübarizə əzmi daha da güclənirdi. Ümummilli liderimiz qətiyyətlə deyirdi: “İnanıram ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad ediləcəkdir və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir, Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığı təmin olunacaqdır”5. 2020-ci il 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsində (II Qarabağ müharibəsi) Azərbaycanın Böyük Zəfərini bu qətiyyətin məntiqi nəticəsi adlandırmaq olar. Bu zəfər həm də Heydər Əliyev ideyalarının təntənəsi, onun haqq, ədalət uğrunda savaşının qələbəsi idi. Məhz Heydər Əliyevin dövlətçilik siyasətinin davam etdirilməsi düşmən üzərində parlaq qələbənin təmin olunmasında mühüm rol oynadı. Azərbaycanın zəfəri həm də gəncliyin qələbəsi idi. Son 30 ildə Heydər Əliyev ideyaları əsasında böyüyən, təhsil və tərbiyə alan gənclərin sayəsində qələbə bayrağı azad olunan torpaqlarda dalğalandı.
03.12.2024
[email protected]