Azərbaycanı zirvələrə ucaldan, zəfərlərdən-zəfərlərə aparan məhz Heydər Əliyev yoludur

DƏVRİŞOVA SƏBİNƏ ƏSGƏR QIZI
Bakı şəhəri, Səbail rayonu Mehman və Müşfiq Nəbiyev qardaşları adına
51 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Metodbirləşmə sədri

Heydər Əliyev Azərbaycan elminin və təhsilinin, ədəbiyyatının və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirirdi. Bilavasitə onun rəhbərliyi ilə elm və təhsil sahəsində məqsədyönlü islahatlar keçirilir, dünyanın qabaqcıl təcrübəsinə uyğun yeni texnologiyaların tətbiqi dəstəklənir, cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatının əsası kimi elm və təhsilin üstün rolu əsaslandırılırdı. Ulu Öndərin bu baxımdan aşağıdakı fikirləri çox əhəmiyyətlidir: “Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır”.
Heydər Əliyev şəxsiyyəti hər zaman dünyanın tanınan simalarının, dövlət başçılarının diqqətini cəlb edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ulu Öndər haqqında belə deyib: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutub”.
Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətli deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz türk dünyasının qardaşlıq münasibətlərini və birliyini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”. R.T.Ərdoğanın bu fikirləri türk dünyasının böyük oğlu Heydər Əliyev şəxsiyyətinə, onun gördüyü işlərə, tarixi xidmətlərinə verilən yüksək dəyər kimi çox əhəmiyyətlidir.
Ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsili müəssisələrində Heydər Əliyev irsinə müraciət olunarkən, ilk növbədə onun milli ruhlu və bəşəri dəyərləri yüksək qiymətləndirən böyük tarixi şəxsiyyət olduğu əsaslandırılmalıdır. Onun fəaliyyətində azərbaycançılıq məfkurəsinə söykənən milli dövlətçilik konsepsiyası xüsusi yer tutur. Bu da dövlətimizin və xalqımızın möhkəm təməllər üzərində inkişafına təminat verən müqəddəs ideya qaynağıdır. Ulu Öndərin ictimai-siyasi həyatda Azərbaycan tarixi məsələlərini ön plana çəkməsi, şəxsiyyət, cəmiyyət və dövlətçilik problemlərinə konseptual baxışları həm də nəzəri müddəalar kimi yüksək dəyərləndirilməlidir. Ölkəmizdə Heydər Əliyevin ideyaları əsasında formalaşmış elm, təhsil, mədəniyyətin davamlı inkişafına təminat verən sosial-siyasi, iqtisadi zəmin bütövlükdə cəmiyyətin tərəqqisini sürətləndirir. Sağlam nəslin yetişdirilməsi, mənəvi tərbiyə məsələləri Heydər Əliyev irsində mühüm yer tutur.
Tədris prosesində bu zəngin irsə müraciət olunması təlimin keyfiyyətinin yüksəldilməsinə, müasir dövrün tələblərinə cavab verən şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Təkcə XX və XXI yüzilliyin əvvəlləri deyil, bütövlükdə ən qədim zamanlardan bu günümüzədək olan tarixin tədqiqi və tədrisində Heydər Əliyevin konseptual baxışları metodoloji əsas kimi olduqca əhəmiyyətlidir.
Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər  Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Onun yaratdığı möhkəm təməl üzərində Azərbaycanı zirvələrə ucaldır. Bu gün böyük qürur hisi ilə qeyd edirik ki, qalib, bütövləşən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan ötən ilin sentyabrında suverenliyini tam bərpa etdi və yeni dövrə qədəm qoydu. Bu gün yeni Azərbaycanın qarşısında dayanan hədəflərdən danışırıq. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində  prezident və parlament seçkiləri keçirildi. Cənab İlham Əliyev istər prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində, istərsə də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında qarşıdakı dövrün vəzifələrini açıqladı. Əsas hədəflərdən biri azad Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsidir. Bərpa-quruculuq işləri geniş miqyas alıb. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Bu torpaqlara qayıdış davamlılığı ilə diqqətdədir. Ümummilli Lider Heydər Əliyevin  vaxtilə məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” fikirlər artıq reallıqdır.  Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, işğaldan azad edilmiş bütün torpaqlarımızda  üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu. Azərbaycanı zirvələrə ucaldan, zəfərlərdən-zəfərlərə aparan məhz Heydər Əliyev yoludur. 

03.12.2024


[email protected]