COP29-da Azərbaycan qlobal problemlərin həllində fəal iştirakçı olduğunu sübut etdi
Azərbaycan COP29-a uğurla ev sahibliyi etdi. Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər.
BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, beynəlxalq aləmdə Azərbaycana hörmətin, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən dəyərin göstəricisidir. Ona dost olanlar və dost olmayanlar da tədbirin Bakıda keçirilməsinə razılıq veriblər. COP29-un Bakıda reallaşmasına Ermənistanın razılıq verməsi də Azərbaycanın müsbət nüfuzunun rəsmi İrəvan tərəfindən qəbulu, etirafıdır. Bir sözlə, bu, rəsmi Bakının yürütdüyü siyasətin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmasının nəticəsidir.
Yerləşdiyi coğrafi mövqe ölkənin müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaratması da mühüm göstərici sayılır.
Daha öncə torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılması Azərbaycanın bu kimi potensial imkanlarından istifadə edilməsini əngəlləyirdi. Düzdür, həmin dövrdə də Azərbaycan bir sıra mühüm enerji və nəqliyyat layihələrinin reallaşmasında mühüm rol oynayıb, onun müəlliflərindən olub. Ancaq torpaqlarının işğalçılardan təmizlənməsi nəhəng enerji və nəqliyyat layihələrinin, Avrasiyanın enerji və daşımalar yollarının dəyişməsi, məhsuldar, çoxtərəfli əməkdaşlıq formatları yaratmasına səbəb olub.
Xəzərin Azərbaycana aid hissəsindən keçən Orta dəhliz, “Şimal Cənub” nəqliyyat dəhlizi və s. buna nümunədir.
Azərbaycan bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. O, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Belə uğurlu fəaliyyətinə görə üzv ölkələrinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb. Prezident İlham Əliyev ötən il iyulun 5-də Bakıda Hərəkatın Əlaqələndirmə Bürosunun naziləri ilə görüşdə bildirmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub : “Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu”.
Prezident vurğulayıb ki, Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan edib və Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon dollar ayırıb.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindəndir. Təşkilata sədrliyi dövründə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfə verməsi bunu təsdiqləyir.
Azərbaycan ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli, planlı və elmi istifadə məqsədilə bir sıra layihələr reallaşdırmağa başlayıb. 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Bununla bağlı 10 giqavatlıq bərpa olunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Bunlar Birləşmiş Ərəb Əmirliklərnin "Masdar" şirkəti, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti və Birləşmiş Krallığın bp şirkəti ilə həyata keçirilən layihələrdir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında, “yaşıl enerji”nin istehsalı və ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətində aparıcı rola malikdir. Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcuddur. Ötən illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard dollar məbləğində investisiya yatırılıb. Karbohidrogen sektorunda uğurlu əlaqələrin hazırda enerji keçidi və bərpa olunan enerjidən istifadənin inkişafı istiqamətində əməkdaşlıq davam edir.
İşğaldan azad olunmuş ərazilərdə bp şirkəti ilə günəş enerjisi layihəsinin icrası da diqqətçəkici layihələrdəndir.
Azərbaycanın Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair 2021-ci ilin may ayında imzalanmış Anlaşma Memorandumu enerji keçidi və dekarbonizasiya üzrə əməkdaşlığa töhfə verir. Bu istiqamətdə bp ilə əməkdaşlıq da təqdirəlayiq sayılır.
Azərbaycan Avropaya "yaşıl enerji"ni ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsində də fəal iştirakçıdır.
Avropaya ilkin mərhələdə dörd QVt “yaşıl enerji” tədarük edəcək “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvandan bir QVt bərpa olunan enerjinin ixracı ilə yanaşı, Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malik “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri də vacib layihədir. Yaxın vaxtlarda “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacaq.
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları "yaşıl enerji" zonaları elan edilib.
Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələrinin həyata keçirilməsinə mühüm önəm verilib. Dövlətimizin başçısı tərəfindən bu məqsədin gerçəkləşməsi üçün 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam da imzalanıb.
Mütəxəssislərin araşdırmalarına görə, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir.
Mütəxəssislərin fikrincə, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə, Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Bu torpaqların ümumi günəş enerjisi potensialı 3–4 min meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması da nəzərdə tutulur.
Qarabağda külək enerjisinin istehsalı da planlaşdırılır. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300–500 meqavat həddində qiymətləndirilir.
Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikası da “yaşıl enerji” marafonuna qoşulub. Prezident İlham Əliyev tərəfindən Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Bu kimi informasiyalar Azərbaycanın “yaşıl enerji”, nəqliyyat, enerji təhlükəsizliyi və başqa sahələrdə gördüyü işlər, oynadığı fəal rola dair çox qısa məlumatlardır.
Cənubi Qafqazda bu göstəricilər yalnız Azərbaycana məxsusdur. Ətraf mühitin qorunması və Qərblə Şərq arasında əlaqələrin qurulması istiqamətində oynadığı rola rəğmən bəziləri COP29-un Bakıda keçirilməsinə qarşı çıxır, onu ləkələməyə çalışırlar.
Bu istiqamətdə ən çox fəallıq edənlər Ermənistan, Fransa rəsmiləri başda olmaqla Avropa İttifaqının bir sıra üzvləri, İran mətbuatdır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan COP29-a dəvət edilsə də, bu ölkənin rəsmi nümayəndəsi hələ də Bakıya gəlməyib. Məlumatlara görə, Ermənistan iştirakla bağlı qeydiyyatdan keçib. Bu, rəsmi İrəvanın etibarsız olmasının göstəricisidir. Ermənistan hakimiyyətinin nümayəndələri konfransa qatılmalarının Azərbaycanla danışıqlardan asılı olduğunu iddia edirlər. Çox gülünc yanaşmadır. Əslində, Ermənistan regionda ətraf mühiti, çayları, havanı çirkləndirən əsas ölkədir. Bundan başqa, Metsamor AES isə hələ Cənubi Qafqazın ekoloji vəziyyətini təhdid etməkdədir.
ABŞ və Avropa İttifaqında bəzi siyasilər, senatorlar, erməni lobbisi, Fransa hakimiyyəti Qarabağda fəaliyyət göstərmiş separatçı və terrorçuları “siyasi məhbus” adlandıraraq Azərbaycana sanksiyaların tətbiq edilməsi çağırışları ilə çıxış ediblər. Həmin qüvvələr bununla BMT-nin layihəsini boykot etməyə səy göstərib.
Fransa və başqaları Azərbaycanı hədəfə almaqla görünən qədər qərəz və riya nümayiş etdirir.
Azərbaycanı tənqid edən Qərb mərkəzləri və onların yançılarının diqqətinə; Avropa Komissiyasının təklifi ilə Azərbaycan və bu qurum enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Azərbaycan təbii qazına çıxışı olan on ölkədən səkkizi Avropadadır və ittifaqın üzvüdür. Avropa Komissiyası Azərbaycandan 2027-ci ilədək “mavi yanacaq” iki dəfə artırmasını istəyib.
Azərbaycanla Qərb, o cümlədən Avropa ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olmasına baxmayaraq, bu əlaqələrə, təəssüf ki, ziyan vurmaq istəyənlər də var.
Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında onlara belə cavab verib: “Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”...
28.11.2024
[email protected]