Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı
Dünyada pedaqoji təhsil tendensiyasına təsir göstərən amillər
Təhsilin keyfiyyəti ilə bağlı məsələlərin təhlili göstərir ki, təhsil sisteminin davamlılığını təmin etmək üçün onun əsas xarakteristikaları nəzərə alınmalıdır. Bu xarakteristikalar, təhsilin unikallığını müəyyən edən əsas göstəricilərdir. Belə əsas əlamətlər isə, pedaqoji qarşılıqlı təsirlərin təhsilalanlar və təhsilverənlər arasındakı xüsusi münasibətlərə əsaslanır. Müasir dövrdə bu münasibətlər tədris-təlim prosesində müəllim və tələbələrin rolu və kompetensiyalarına dair xüsusi tələblərlə müntəzəm olaraq dəyişir. Bu tələblərin nəzərə alınmaması, keyfiyyətin idarə olunması işində yalnız formal bir təqlidə və modernləşmənin təsirini azaldan nəticələrə gətirib çıxara bilər.
Azərbaycan Respublikasının Təhsil haqqında Qanununda da göstərildiyi kimi, dövlətin təhsil siyasəti humanizm, demokratiklik, bərabərlik, keyfiyyətlilik, səmərəlilik, varislik, liberallaşma və inteqrasiya prinsiplərinə əsaslanır.(1)
Müasir təhsildə informasiya texnologiyalarının rolu əvəzedilməzdir. İnformasiya texnologiyalarının sürətli inkişafı, insanlara daha rahat bir həyat təmin edən virtual dünyanın yaranmasına səbəb olmuşdur. Bu tendensiya fonunda gənclərin təfəkkürü artıq yalnız reallığın inikası ilə məhdudlaşmayaraq, həqiqətin təcrübəyə əsaslanan modelləşdirilməsinə yönəlmişdir. Tədris materialının mənimsənilməsi isə birbaşa müəllimin nəzəri bilikləri və peşəkarlığının inkişaf perspektivlərindən asılıdır. Müasir təhsilalanlar arasında sağlam praqmatizmin artması təhsil proqramlarının məzmununu qəbul etməyə inamı azalda bilər. Bu baxımdan, tələbə və müəllimlər arasında yeni münasibətlərin formalaşması, pedaqoji qarşılıqlı təsirlərin yenilənməsi və müasir əlaqələrin yaradılması ali təhsilin əsas çağırışları kimi qəbul olunmalıdır.
Eyni zamanda, yerli və xarici təhsil sistemlərində toplanmış müsbət təcrübənin tətbiqi və yayılması təqdirəlayiqdir. Bu təcrübəni belə qiymətləndirmək olar:
- Ali məktəb müəllimlərinin səriştəlilik modelinin modernləşdirilməsi, kvalifikasiya və yeniliklərə uyğunlaşdırılması;
- Tədris prosesinin məzmunu, forması və şərtlərinin müasir tələblərə uyğun olaraq yenilənməsi;
- Tələbələrin tədris prosesinin təşkilində və keyfiyyətin idarə olunmasında daha fəal iştirakı.
Ali məktəb müəllimlərinin pedaqoji fəaliyyətinin ənənəvi funksiyası müasir yanaşmalarla zənginləşdirilməli və səriştəlilik səviyyəsi yüksəldilməlidir. Bu prosesdə didaktik funksiya məhsuldar tədris mühitinin yaradılmasını, təşkilati funksiya isə müəllimin moderator mövqeyini möhkəmləndirərək təlim prosesini stimullaşdırmaq və kommunikasiyanın inkişafını təmin etmək məqsədi daşıyır. “Təlimin elmi-metodiki funksiyası, təhsilalanların bilik və bacarıqlarını artıraraq, səriştəlilik səviyyəsini yüksəltməyi, qiymətləndirmə funksiyası isə onların təlim nəticələrinin obyektiv və əsaslı şəkildə dəyərləndirilməsini əsas vəzifə kimi qarşıya qoyur.” (2).
Səriştə yönümlü təhsil modeli tədris-təlim prosesində inteqrativ tendensiyaları gücləndirir. Yeni təhsil standartlarının tətbiqi, müəllimlərin yaradıcı qarşılıqlı təsirlərinin yalnız kafedralar daxilində deyil, həm də kafedralararası səviyyədə inkişafını ön plana çıxarır. Səriştəliliyin formalaşdırılması razılaşdırılmış və məqsədli hərəkətlərin nəticəsində, ali məktəb müəllimlərinin ümumi məqsədlər ətrafında əməkdaşlıq etməsi ilə mümkün olur. Səriştəli kadrların, xüsusən də gənc müəllimlərin hazırlanması, tədris prosesinin kollektiv şəkildə vahid məqsədə yönəlməsi ilə təmin edilə bilər. Araşdırmalar göstərir ki, komanda prinsipinə əsaslanan fəaliyyətin bütün mərhələlərində – tədris kurslarının inteqrativ planlaşdırılmasından yekun attestasiya prosesinədək – komanda işi uğurun əsasını təşkil edir. Bu da fənlər və modulların məzmununun, həmçinin müəllimlərin fəaliyyətinin ümumi bir metodologiyaya uyğunlaşdırılmasını tələb edir.
Pozitiv pedaqoji təcrübənin genişləndirilməsi və möhkəmləndirilməsi, tədris-təlim prosesinin metodik təminatını müasir yanaşmalarla əlaqələndirmək üçün əlverişli imkanlar yaradır. Belə yanaşma, tədris prosesinin mərhələlərinin detallı şəkildə qurulmasını – hər bir mühazirə, seminar və praktik məşğələnin müasir tələblərə uyğun olaraq təşkili və həyata keçirilməsini yüksək dəyərləndirir. Öyrədən və öyrənən arasındakı qarşılıqlı münasibətlərin inkişafı, tədris prosesinin məzmunu, tətbiq edilən metodika və texnologiyaların qiymətləndirilməsi kimi amillərin modelləşdirilməsi nəticəsində təmin edilməlidir. Yalnız bu yolla tədris-təlim prosesinin nəzərdə tutulan ritmi qorunub inkişaf etdirilə bilər.
Pedaqoji hazırlıq proqramları pedaqogika sahəsində fundamental biliklərin formalaşdırılmasına, hər bir müəllim üçün vacib olan pedaqoji bacarıq və vərdişlərin inkişafına yönəlməlidir.
Yaxşı təhsil proqramları pedaqoji təfəkkürü formalaşdırmalı, pedaqoji mədəniyyəti və dünyagörüşünü zənginləşdirməlidir. Proqramların standartlaşdırılması isə pedaqoji təhsilin effektivliyini ölçməyə imkan yaratmalıdır. Dünyanın aparıcı ölkələrində pedaqoji təhsil proqramlarının standartlaşdırılmasına yanaşmalar müxtəlifdir.
Böyük Britaniyanın "QS World University Rankings" agentliyi tərəfindən aparılan son araşdırma dünyanın ən yaxşı təhsil sistemlərini öyrənib. 2018-ci il reytinqinə görə, Amerika Birləşmiş Ştatları dünyanın ən yaxşı təhsil sisteminə malik ölkə kimi tanınıb. QS reytinqi ali təhsil sistemlərini dörd əsas meyar üzrə qiymətləndirib: sistemin gücü (universitetlərin reytinqlərdə performansı), əlçatanlıq (ölkədə insanların ali təhsilə giriş imkanı), aparıcı ali təhsil müəssisəsinin səviyyəsi və iqtisadi kontekst (milli investisiyaların ali təhsilə təsiri). ABŞ-ın bu göstəricilərin hər birində yüksək nəticə əldə etməsi təəccüblü deyil. Birləşmiş Krallıq dörd göstərici üzrə ilk beşlikdə ikinci yeri tutub. Digər ölkələr arasında Sinqapur və Çin bəzi meyarlarda üstün nəticələr göstəriblər; məsələn, Sinqapur bir meyar üzrə dördüncü yeri, Çin isə iqtisadi kontekst üzrə ikinci yeri tutub. Ümumilikdə, bu ilki araşdırmaya 75 ölkə daxil edilib və onlardan 50-si reytinqdə yer alıb. Reytinq tərtib edilərkən ali təhsilə yüksək investisiyalar yatıran və universitet təhsilinin əlçatanlığı ilə fərqlənən ölkələrə xüsusi diqqət yetirilib..(3)
Azərbaycanda orta təhsilin inkişafında böyük töhfələri olan və uzun illər maarif naziri kimi fəaliyyət göstərmiş akademik Mehdi Mehdizadə qeyd edirdi ki, “Amerika məktəblərində psixoloji xidmətin tarixi artıq bir əsrə yaxındır. İngiltərə, Fransa, Almaniya və Yaponiya məktəbləri fərqli xüsusiyyətlərlə seçilsələr də, psixologiya və pedaqogika elminin nailiyyətlərinə güvənərək bir çox cəhətdən bir-birlərinə oxşayırlar. Bizim respublikamızda isə bu vacib elmlərin imkanlarından yetərincə istifadə edilmir. Bu məsələ xüsusilə psixoloqlarımız və pedaqoqlarımız üçün narahatlıq doğurmalıdır. “Psixologiya və pedaqogika müəllimin qoşa qanadlarıdır. Müəllim bu bənzərsiz elmlərə yiyələndikdə, o, əsl tərbiyəçiyə çevrilir.” (4, 67).
Cəmiyyətin ahəngdar inkişafı, intellektual potensialın formalaşdırılması və maddi sərvətlərin insan kapitalına çevrilməsi prosesində təhsil, xüsusilə ali təhsil mühüm rol oynayır. Azərbaycan təhsilinin Avropaya inteqrasiya etdiyi bir dövrdə ali təhsil sosial, iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən güc olaraq qəbul edilir. Bu səbəbdən son illərdə ali pedaqoji təhsilin məzmunu milli dövlətçilik prinsipləri və azərbaycançılıq ideologiyasına uyğun şəkildə yenilənmiş, bu sahədə əsaslı islahatlar həyata keçirilmişdir. Bu islahatlar çərçivəsində ölkənin ehtiyaclarına uyğun rəqabətədavamlı kadrların hazırlanması və insan kapitalının inkişafı sahəsində mühüm addımlar atılmışdır.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs və Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirməsi nəticəsində ali pedaqoji təhsilin dinamik inkişafında böyük nailiyyətlər əldə olunmuşdur. Ali təhsilin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğunlaşdırılması, rəqabət qabiliyyətinin artırılması və ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun kadr ehtiyacının təmin edilməsi üçün çoxsaylı tədbirlər görülmüşdür. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının önəmli istiqamətlərindən biridir və təhsilə qoyulan investisiyalar ölkənin gələcəyinə qoyulan sərmayələrdir.
Beləliklə, Azərbaycanda ali pedaqoji təhsil keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə təhsilin inkişaf metodologiyasını Heydər Əliyevin 1999-cu ildə söylədiyi “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Həyatımızın bütün sahələrində dəyişiklik təkamül xarakteri daşıyır” fikirləri təşkil edir. Azərbaycanda aparılan təhsil islahatları milli dəyərlərə, tarixi təcrübəyə və eyni zamanda bəşəriyyətin qazandığı təcrübəyə əsaslanır, çünki müasir dövrdə milli və ənənəvi təcrübə, ümumbəşəri təcrübə ilə inteqrasiya edildikdə yenilik mahiyyəti kəsb edir (5, 12).
Hazırkı şəraitdə Azərbaycanda ali pedaqoji təhsilin qurulmasında tarixilik, varislik, müasirlik və millilik prinsiplərinə önəm verilir. Eyni zamanda, 1920-1991-ci illərdə Azərbaycanda ali pedaqoji təhsilin formalaşması və inkişafının əsas mərhələlərinin öyrənilməsi, həmin dövrdə toplanmış zəngin təcrübənin ümumiləşdirilməsi ali pedaqoji təhsilin möhkəm bir təməl üzərində qurulmasına yardım edə bilər. Bu 70 illik tarix dərin tənqidi dərk edilmədən, ictimai özünüdərk prosesini tamamlamaq mümkün deyil. Bu gün elə bir mühit formalaşmışdır ki, keçmişdə “həll olunmuş” kimi görünən tarixi-pedaqoji məsələlərin yenidən nəzərdən keçirilməsi, onların daha müasir həll yollarının müəyyənləşdirilməsi zəruridir.
Nəticə: Hazırda dünyada ali təhsil sahəsində bir çox yeni nailiyyətlər əldə edilir. Hər il dünya universitetləri müasir ali təhsilə dair bir çox yeni təkliflərlə dünya təhsil sisteminin qarşısına çıxır. Bu təkliflər arasında pedaqoji təhsilə dair də diqqətçəkən məqamlar vardır. Çünki pedaqoji təhsilin inkişafı bir çox sahələrin də inkişafını bərabərində gətirir. Hal-hazırda ölkəmizdə də pedaqoji təhsilin inkişafı üçün birçox işlər görülür. Bu işlərin həyata keçirilməsi prosesi isə əsası hələ XX əsrin sonlarından qoyulmuş sağlam təməl üzərində reallaşdırılır.
Ədəbiyyat
Bu iş Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilmişdir - Qrant № AEF-MCG- 2022-1 (42)-12/12/5-M-12