Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin nümunəsi
Quliyeva Kəmalə Rafiq qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Ümumi pedaqogika kafedrasının baş müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən başlanan hakimiyyət dövrü Azərbaycan tarixinin epoxal hadisəsi olmuşdur. Onun əsasını İlham Əliyevin fenomenal tarixi şəxsiyyəti, dövlətçilik fəlsəfəsi və qarşıya qoyulan məqsəd və vəzifələrə çatmaq üçün tətbiq etdiyi strategiya və taktika təşkil edir. İlham Əliyev nəinki Azərbaycan tarixində dərin iz qoymuş görkəmli dövlət xadimləri, eləcə də bir sıra dövlətlərin dünya tarixinə adını yazdırmış liderləri ilə müqayisədə yeni, fərqli bir dövlət başçısı obrazı yaratmağa nail olmuşdur. Dünyada məşhur olan dövlət xadimlərinin hər biri hakimiyyətə gələn kimi ölkənin bütün resurslarını təmərküzləşdirib, ən qısa müddətdə qalib gəlmək, bununla adını əbədiləşdirməyə çalışmışdır. Nəticədə, “ildırımsürətli” müharibə planları meydana gəlmiş, əksəriyyəti isə dövlətə qələbə əvəzinə daha böyük fəlakətlər gətirmişdir.
Azərbaycan lideri İlham Əliyev özünəməxsus, tamamilə orijinal dövlətçilik təfəkkürü nümayiş etdirmiş, qələbə üçün olduqca çətin, lakin strateji baxımdan daha optimal taktika tətbiq etmişdir. Ermənistanın Azərbaycan torpaqlarını işğalından sonra dövlət başçısının ən mühüm vəzifəsi onun ərazi bütövlüyünü bərpa etmək olmuşdur. İlham Əliyev tarixdə çoxlu örnəyi olan “ildırımsürətli” yanaşmanı deyil, uzunmüddətli hazırlıq taktikasını seçmiş, dövlətin layiqli qələbəsini təmin etmişdir.
İlham Əliyev nəyi nə vaxt edəcəyini bilən, dediyi sözə əməl edən dövlət başçısı kimi tarixə düşmüşdür. 7 fevral 2024-cü il seçkilərilə Azərbaycan tarixində yeni dövrün başlanması təmin olunmuşdur. Bu yeni dövrü də nəzərə alsaq, Prezident İlham Əliyevin hakimiyyətinin növbəti mərhələsinin daha böyük uğurlar ilə müşayiət ediləcəyini və ümumi kombinasiyada yeni illər kimi öz yerini tutacağını söyləmək mümkündür.
Yaxın günlərdə Müzəffər Ali Baş Komandanın doğum günüdür. Bu münasibətlə fürsətdən istifadə edərək, cənab Prezidentimizi təbrik edir, can sağlığı, Azərbaycanın işıqlı gələcəyi naminə atılacaq bütün addımlarda qətiyyətli qələbələr arzulayırıq.
21.12.2024
[email protected]