SON XƏBƏRLƏR
Xocalı faciəsi xalqımızın qan yaddaşıdır

 Xocalı faciəsi xalqımızın qan yaddaşıdır

 

YEGANƏ BAXŞƏLİYEVA

Bakı şəhəri, general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin 

riyaziyyat müəllimi, "Qızıl qələm", "Vətənpərvər xanım", "Azərbaycan bayrağı", "Zəfər",

"Qabaqcıl təhsil işçisi", "İlin nüfuzlu ziyalısı", "İlin müəllimi", "Sadiq Heydərçi" mükafatları laureatı

 

 

 

Xocalı soyqırımı zamanı başımıza gətirilən müsibətlər tarixdə az-az rast gəlinən hadisələrdəndir. Videogörüntülər, şəkillər, şahid ifadələri, ermənilərin özlərinin etirafları sübut edir ki, biz insanlığını itirmiş, hər cür vəhşiliyi işləyə biləcək kütlə ilə savaşmışıq və savaşmağa məhkumuq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı diviziyasının hərbi maşınlarının müşayiəti ilə əliyalın Xocalı üzərinə basqın edən ermənilər tarixdə elə bir cinayət işlədilər ki, ifadə etməyə söz tapmırıq. İnsan da ananın döşünü kəsib çağanın ağzına basaraq hər iksini də qətlə yetirərmi? - İnsan etməz, amma erməni edər. İnsan da yaralıları, meyitləri təpə kimi toplayıb, sonra da üstünə benzin töküb atəşə verərmi, göylərə ucalan fəryada laqeyd qala bilərmi? - İnsan qalmaz, amma erməni qalar. İnsan da bələkdəki çağanı süngüyə keçirərmi? - İnsan keçirməz, amma erməni keçirər. İnsan da can verməkdə olan yaralıları, meyitləri bataqlığa atıb körpü kimi üstündən keçərmi? - İnsan keçməz, amma erməni keçər. İnsan da körpə uşaqları diri-diri divara mıxlayıb, sonra da başının dərisini soyaraq neçə dəqiqəyə can verəcəyini sayarmı? - İnsan saymaz, amma erməni sayar. İnsan da məscidə sığınmış müsəlmanları diri-diri oda verib yandırarmı? - İnsan yandırmaz, amma erməni yandırar...
Xocalı həqiqətləri
Rəsmi mənbələrdə Xocalı soyqırımı haqqında belə yazılır: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritdi, onlara misli görünməmiş qəddarlıqla divan tutdu, şəhər barbarcasına yerlə-yeksan edildi. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Bundan başqa, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur."
Əslində, o gecə qətlə yetirilənlərin sayının 613 göstərilməsi doğru deyil, çünki xilas olunan yaralıların bir çoxunun cəmi iki-üç gündən sonra dünyadan köçdüyü məlumdur. Bu zamana qədər taleyindən heç bir xəbər tutmadığımız 150 soydaşımızın da adlarını itkin deyil, şəhid siyahısına daxil etməliyik. O hadisədən sonra neçə insanımız dözmədi, evində oturduğu yerdə canını tapşırdı.
 Bu gün Bakının mərkəzində Xocalı şəhidlərinin xatirəsinə abidə kompleksi ucalır, amma əsas məsələ o abidənin Qarabağda ucaldılmasıdır. Biz o abidəni elə yerdə ucaltmalıyıq ki, Qarabağın hər tərəfindən görünsün, biz ona baxanda tariximizi, keçmişimizi yaşayaq, erməni isə ona baxaraq öz vəhşiliyi ilə bir daha üzləşsin. O abidə bizim üçün kin, nifrət qaynağı olmayacaq, ehtiyat, tədbir, tarixə bağlılıq mənası daşıyacaq.
Bu gün biz qalibik, düşmən diz çöküb, amma unutmayaq ki, unutmaq, tədbiri əldən vermək hər zaman tənəzzülə səbəb olur. Xocalı soyqırımı bizi hər zaman oyaq tutmalı, Xocalı abidəsi gücümüzə güc qatmalıdır. Unutmayaq ki, düşmən içimizdəki vərəm çöpü kimidir, zəiflədiyimiz an baş qaldırıb bizi yıxmağa çalışacaq. Ona görə də, hər zaman tədbirli və güclü olmalıyıq.
Xocalı şəhidlərinin simasında bu Vətən, bu xalq üçün canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

 




[email protected]